Azərbaycan Kinematoqrafçılar İttifaqı qaliblərin adlarını açıqladı
Azərbaycan Kinematoqrafçılar İttifaqı Kino Günü ənənəvi mükafatının qaliblərini elan edib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2021-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar təltif olunublar:
- Emil Quliyev – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə.
- Nəriman Əbdülrəhmanlı – Azərbaycan kino səlnaməsinin yaradılmasında xidmətlərinə görə.
- Hilal Baydarov ” Səpələnmiş ölümlər arasında” filmində obrazların poetik vizual həllində uğurlarına görə.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyindən bildiriblər ki, keçən kino mövsümünü analiz edərkən, kinomuzun inkişafına səbəb ola biləcək tendensiyaları dəstəkləməyi qalibləri seçərkən əsas götürüblər. Azərbaycan Kinematoqrafçılar İttifaqı milli kinomuzun dünyada uğurla təmsilini, cəmiyyətimizin aktual problemlərini kinoya gətirilməsini və kino səlnaməmizin yaradılmasını kinematoqrafımızın inkişafı üçün mühüm amil sayır. Bundan başqa, mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir.
Yeri gəlmişkən, bu vaxta qədər yazıçı Anar, teatr və kino aktyoru, mərhum Fuad Poladov, kino və televiziya rejissoru, mərhum Nazim Rza İsrafiloğlu, səs rejissoru Əsəd Əsədov, kino rəssamı Firəngiz Qurbanova, kinorejissor Murad İbrahimbəyov, aktrisa Şükufə Yusupova, kinorejissor Cahangir Zeynallı, bəstəkar Rauf Əliyev, diplomat və ictimai xadim Ramiz Abutalıbov, rejissor Mirbala Səlimli, operator Yuri Varnovski, aktrisa Zülfiyyə Qurbanova, aktyor Fərhad İsrafilov, kinorejissor Teymur Hacıyev, kinoşünas Sevda Sultanova və başqa peşəkarlar bu nüfuzlu mükafata layiq görülüblər.
aki.az