Elçin Musaoğlu – Baxmaq yox, görmək

Avqustun  6-da Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində rejissor-ssenarist Elçin Musaoğlunun mühazirəsi baş tutub. Dünyanın bir çox  film festivallarının juri kürsüsündə oturan Elçin Musaoğlu dinləyicilərlə öz təcrübələrini, filmlərinin ideyalarının yaranma hekayələrini, ssenari yazmaq metodlarını  paylaşıb.

Uşaqlığını daha çox kitabxanaçı anasının iş yerindəki kitab rəfləri arasında keçirən rejissor çıxışında deyib ki, əslində, o vaxtlar gələcək peşəsinin adını bilməsə də, film çəkməyə 7-8 yaşlarında qərar verib:

“Sovet vaxtı müharibə və.s haqda uzun filmlər göstərirdilər. Uşaq olsam da, oturub, onlara baxırdım. Hətta qohumlar da gəlib, deyirdilər ki, bu uşaq bütün günü televizora baxır. Doğrudur, dostlarımla da oynayırdım, amma sonra başladım özümə bir saat ayırmağa. Təbii ki, mənim o vaxtki ssenarilərim çox sadə idi. Polis, cinayətkar. Və  hər iki nəfəri də eyni zamanda özüm səsləndirirdim. Sonradan sonuncu sinifdə bu peşəni seçməyə qərar verəndə, anladım ki, istənilən peşə kimi, rejissorluq da sadəcə peşəniz yox, həm də həyat tərzinizdir. Çünki sən burda rejissor, başqa bir yerdə ata, əmi ola bilmirsən. Sən elə hər yerdə rejissor ata, rejissor əmi, rejissor dostsan. Çünki istər -istəməz sən hətta öz uşağınla, hansısa dostunla danışanda görürsən ki, gözünün bir yeri ilə, şüuraltında hər şeyi qeyd edirsən. Akutaqavanın (Yapon yazıçı – Ryunosuke Akutaqava İ.A.L.) bununla bağlı çox xoşuma gələn bir sözü var, “dişli çarxlar”.  Sanki həmin  “dişli çarxlar” hər zaman fırlanır və hər şeyi qeyd edir ki, aha, bu, hansısa səhnədəndir”.

Mühazirəçi filmlərinin ideyasının necə yaranması ilə bağlı sualı belə şərh edib:

“Biri var baxmaq, biri var, görmək. Həmişə tələbələrimə də deyirəm, görməyi öyrənsəniz, hər şey düzələcək. Dramaturgiyanın 36 situasiyası var, doğrudur? “Hamlet”dən tutmuş, bizim klassik dramaturgiyaya qədər. Hamısı o 36-nın içində gedir. Bəs biz rejissorlar və ya ssenaristlərin dəyişdiyi nədir? Bizim dəyişdiyimiz sadəcə qabdır. Yəni, forma, tutum. Biz sadəcə o tutumları dəyişirik.  Biz onları necə görürük? Sən o əhvalatı necə görürsən? Və təbii ki, hər zaman deyirəm ki, oxumaq lazımdır! Vallah, oxumaq lazımdır! Həmişə deyirəm ki, sən Tolstoy yaşına gələnə kimi və ya Çexov olana kimi, təbii ki, zaman keçəcək. Amma ən azından olmaz ki, 1 ay, 1 il, 5 il ərzində sən onların yazdıqlarını oxuyasan? Çünki onların təcrübəsi yetərli olacaq ki, sən ən azından seçməyi, görməyi, toxunmağı öyrənəsən. Amma təəssüf ki, görürəm ki, bizdə kitab oxumurlar, filmə baxmırlar”.

Bütün hərəkətverici qüvvənin sevgi və eşq olduğunu deyən peşəkar bunu qorumağın önəmini də vurğulayıb: “İnsanı yaşadan bir şey varsa, o da eşqdir. İşinə, Allaha, hər şeyə, gəlin, heç ad verməyək, sadəcə yaxşı olan nə varsa, ona olan sevgi və eşq. Çünki yalnız bundan sonra nə isə doğulur”.

Daha sonra rejissor dinləyicilərlə  “Nabat” filminin nümayişi ilə bağlı Azərbaycanda və xaricdəki müşahidələrini bölüşüb:

“2015-ci ildə “Park Bulvar”ın direktoru  31 Mart Soyqrımı ilə bağlı məndən “Nabat” filmini istədi. Mən ondan filmə kimin baxacağını soruşdum. “Xalqımız baxacaq” cavabını verdi. Şərt qoydum ki, tələbələr üçün bilet 2 manat olsun və buna görə sizdən heç nə istəmirəm, böyüklərin bilet qiymətinə isə qarışmıram. Bir həftədən sonra isə müşahidə edib, filmi geri götürəcəm. Bir həftədən keçdi, kinoteatra getdim, gördüm ki, “Nabat”la yanaşı, tərəvəz prodakşnlardan birinin filmi var. Tamaşaçılar gəlir və mən üzlərinə baxan kimi görürəm ki, bunlar mənimkilər deyil. Hamısı digər filmə tərəf gedir. Sonra gedib, “Nabat”ın zalına baxdım. Gördüm ki, orda 5-6 nəfər var və onlar da mənim tanıdığım rəssam və ya rejissorlardır. Sonra filmi nümayişdən çıxardım. Çünki mən bilirəm ki, bizim filmin öz tamaşaçısı var, amma onlar burada deyil”.

“Nabat” və “40-cı qapı” filmlərinin  bir çox beynəlxalq festivallara çıxdığını deyən E.Musaoğlu Tokyoda birinci filmlə bağlı başına gələn əhvalatı belə nəql edib: “Deməli, orada müəyyən bir saatda sonuncu qatar gedir. Növbəti qatar isə bir də sabah gəlir. “Nabat”ın nümayişinə başlamazdan əvvəl məndən soruşub, elan etdilər ki, 15 dəqiqədən sonra sonuncu qatar gedəcək. Kim getmək istəyirsə, çıxsın, çünki bir azdan nümayiş başlayacaq və zaldan çıxmaq mümkün olmayacaq. Bu elandan sonra heç kəs yerindən tərpənmədi. Bu, mənə çox maraqlı gəldi. Təşkilatçılardan soruşdum ki, bəs bu adamlar bu gecə evlərinə necə gedəcək? Dedilər ki, onlar bu gecə vağzalda qalacaq”.

Rejissor-ssenarist həmçinin bildirib ki,  ssenari yazmaq üçün ssenaristin sadəcə mövcud ədəbiyyatı bilməsi kifayət etmir:

“Bunun üçün xeyli kitablar var, doğrudur,  o kitablarda yazılan qaydaları da bilirəm. Amma mən ssenarini heç vaxt o formada yazmıram. Bilirsiniz, məsələn, mən su içmək istəyirəmsə, sadəcə suyu götürüb, içirəm. Amma mən  su mütəxəssisindən soruşsam, o deyəcək ki, yox, sən suyu düz içmədin. Ona görə də mən sadəcə yazıram. Bunu izah etmək mənə çətin gəlir. Sadəcə bir şey deyim, ssenarini yazdıqdan sonra ilk qaralamadan uzaqlaşıram. Çünki istəyirəm o məni unutsun, mən də onu unudum. Bir müddətdən sonra yenidən qayıdıram və deyirəm ki, “Bu nədir yazmışam? Ayıbdır axı!” Daha sonra isə qaralama sayı artır”.

Elçin Musaoğlu beynəlxalq film festivallarının bir çoxunda qalib olan  “Nabat” filminin yaranma hekayəsindən də danışıb:

““Nabat”ın hekayəsi çox qədimdən gəlir. Mən 2-ci  kursda oxuyanda,  onu TV-də görmüşdüm. Deməli, hekayə belə idi ki, bir yerdə zəlzələ olur, sonra, hamı həmin yeri tərk edir. Amma yalnız bir qadın inəyi ilə birlikdə o yerdə yaşamağa davam edir. Ona “Bəs sən niyə getməmisən?” sualı veriləndə  isə cavab verir ki, “Hara gedim? Ərimin məzarı burda, oğlumun məzarı burda. Bura mənim vətənimdir. Mən hara gedim axı?” O vaxt eşitdiyim bu cavab məni çox silkələdi. Həmin vaxt mən  əsgərliyə gedirdim və mənim yaşıdlarım bilir ki, Sovet dövründə əsgərliyə gedəndə, hər hansısa bir dava ola bilirdi və yaxud da başına nə isə düşə bilirdi və sən geri qayıtmaya bilirdin. O zaman atama dedim ki, belə bir hekayə var,  bunu mütləq yaz ki, itməsin. Əsgərlikdən qayıdanda, atam bu haqda bir povest yazmışdı. Sonradan Qarabağ məsələləri başlayanda, Azərbaycantelefilmdə işləyirdim. O dönəmdə mən qaçqınlarla bağlı 9 film çəkdim. Qaçqınlardan da bir neçə belə hekayə eşitdim. Onlar deyirdilər ki, biz gəldik, amma filankəs qarı gəlmədi. “Niyə gəlmədi?” Çünki əri xəstə idi. Tüfəngi qoydu yanına və dedi ki, gələn olsa, vuracam, bir gülləni  də özümə saxlayacam. Həmin vaxt öz-özümə dedim ki, “Nabat”ın ideyası necə gəlib, yerinə düşdü? Çünki məncə, hər şeyin bir zamanı var. Məsələn, mən bir ssenari yazmışdım, nazirlik qəbul etmədi. Mən də bağlayıb, atdım bir kənara. Sizə bir şey deyim, yaşlandıqca, görürsən ki, sən qocalmısan, amma ssenari cavan qalıb. Əminəm ki, o vaxt onu çəksəydim, maraqlı bir şey alınacaqdı. Amma indi o ssenriyə baxanda, düşünürəm ki, sanki artıq mən böyüyüb, onu keçmişəm, o isə balaca qalıb”.

E.Musaoğlu onu da qeyd edib ki,  Azərbaycan kino işçilərinin problemlərindən biri də onların öz peşələrində qalmağa maraq göstərməməsidir. Rejissorun fikrincə, ssenarist, operator, montajçı və.s. olmağından asılı olmayaraq, uğur qazanmaq üçün vacib olan sona qədər öz peşəndə qalıb,  məhz orada peşəkarlıq qazanmaqdır.

Ustad dərsinin geniş videoyazısı bu lingdə:

 

İzolda Leyla Ağayeva