Milli Qəhrəman İlqar Mirzəyev haqqında film çəkilir

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin “Salnaməfilm” studiyasında “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsi çərçivəsində Milli Qəhrəmanlar haqqında silsilə filmlərin istehsalı davam edir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor Musazadə Kəmalə Mehralı bu silsilə çərçivəsində bir çox sənədli filmlər – “Qəhrəmanlıq zirvəsi”, “Vətənim mənim”, “Şuşalı şəhid”, “Oğuz elinin qəhrəmanı”, “Alı zirvəsi”, “Gültəkin” və s. lentə alıb.

Rejissor bu dəfəki filmini Milli Qəhrəman polkovnik İlqar Mirzəyevə, onun keçdiyi döyüş yoluna həsr edib.

K.Musazadə deyir ki, şəhid İlqar Mirzəyevin 2020-ci il iyul ayında baş verən döyüşlər zamanı, Tovuz rayonu istiqamətində 3-cü Ordu Korpusunun komandir müavini general-mayor Polad Həşimov və tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə olması və qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə yüksəlməsi artıq tarixi bir faktdır: “Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərməkdə biz kinematoqrafçıların üzərinə böyük məsuliyyət düşür. Bu baxımdan döyüş yoldaşları arasında “Artilleriyanın atası” ləqəbini qazanan İlqar Mİrzəyevin keçdiyi döyüş yolu bir rejissor kimi mənim çox diqqətimi çəkdi. Artıq filmin çəkilişlərinin bir hissəsini Bakıda lentə almışıq”.

Rejissor bildirir ki, Müdafiə nazirliyinin icazəsini aldıqdan sonra filmin əsas çəkilişləri İlqar Mirzəyevin döyüş yolu keçdiyi məkanlarda lentə alınacaq. Goranboy,  Gəncə, Şəmkir, Tovuz istiqamətlərində çəkilişlərimiz olacaq.

Yeri gəlmişkən, şəhidlər haqqında film çəkmək, onların ailəsinin yaşadığı iztirabı onlarla bərabər yaşamaq o qədər də asan deyil.

Belə filmləri çəkməyin çətin olduğu qədər də şərəfli olduğunu qeyd edən rejissor, onu da əlavə edir ki, Qarabağ müharibəsi ədəbiyyatımız, kinomuz, eləcə də incəsənətin digər sahələri üçün geniş mövzu mənbəyinə çevrildi: “Bu mövzu həssas olduğu qədər də yaşanmış tarixdir. İndi yaradılacaq hər hansı bir sənət nümunəsi artıq tarixin yaddaşına həkk olunur. Şəhidin anası, bacısı, həyat yoldaşı, övladı, ümumiyyətlə şəhid vermiş ailələrin yaşadığı hissləri yaşamaq, onlarla bərabər ağlamaq, ancaq nə olur olsun hisslərin əsiri olmadan soyuqqanlı formada hadisələri ekrana gətirmək, bütün bunlar böyük məsuliyyət tələb edir. Məhz bu məqamda peşəkarlıq böyük rol oynayır, hissləri, duyğuları cilovlayır”.

Çəkiliş vaxtı maraqlı nüanslardan biri də İlqar Mirzəyevin oğlunun əsgəri xidmətə yollanması olub və onun gedişi filmin final səhnəsi üçün çəkilib.

K.Musazadə İlqar Mirzəyevdən danışarkən onu da xüsusilə qeyd etdi ki, o, bir döyüşçü kimi Azərbaycan artilleriya tarixində danılmaz şücaətlər göstərib: “Məhz buna görə, Aprel döyüşlərindən sonra döyüşçü dostları ona “Artilleriyanın atası” ləqəbini vermişdilər. Buna görə də şəhidin bu ləqəbi filmin adı olaraq seçildi”.

Şəhidlər haqqında çəkdiyi filmlərin sayını artıq unudan rejissor onu da bildirir ki, hələ qarşıda müraciət ediləcək mövzular, ekranlaşdırılacaq filmlər çoxdur.

aki.az