Əli İsa Cabbarov: Televiziyalar Azərbaycan kinosu hesabına reklam cəlb edir, amma bu gəliri bölüşmək istəmirlər

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov pandemiyanın kinomuza vurduğu zərəri yay kinoteatrlarının azalda bilməsilə bağlı açıqlama verib.

Ə.İ.Cabbarov Trend-ə verdiyi açıqlamada bildirib ki,  bu yay kinoteatrlarının daimi məkanlar olması mütləq deyil: “Bir neçə aydır ölkənin bəzi şəhərlərində açıq havada nümayişlər gedir. Yaxşı nümunədir. Amma yenə də dəymiş zərəri qaytara bilməz”.

Kinoteatral nümayişin mütləq bərpa olunmasını qeyd edən rejissor, əlavə edib ki, bizdə pullu nümayiş platformaları da var, ancaq onların gəlirliliyə çıxması üçün böyük vaxt lazımdır: “”Youtube” kanallarından da reklam əvəzində gələn vəsait böyük deyil. Əsas gəlir mənbəyi televiziya kanallarının nümayiş haqqı ola bilər, o da bizdə çox aşağı səviyyədədir”.

AKİ katibi onu da qeyd edib ki, telekanallarımızın Azərbaycan filmlərinin nümayişinə verdiyi pul gülməlidir: “Bu məsələdə maraqlı tərəflər bir konsensusa gəlməlidir. Xüsusilə, Azərbaycan filmlərinin televiziya premyerası yüksək qiymətləndirilməlidir. Televiziyalar Azərbaycan kinosu hesabına reklam cəlb edir, amma bu gəliri bölüşmək istəmirlər”.

aki.az