Elnur Əliyev – 40

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rejissor, prodüser Elnur Əliyevin ad günüdür.

E.Əliyev 27 avqust 1981-ci ildə Gədəbəy rayonunda anadan olub.

2000-2004-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin televiziya rejissoru ixtisasında, 2004-2006-cı illərdə televiziya rejissoru ixtisası üzrə magistr pilləsində təhsil alıb. Hazırda aspirantura pilləsində təhsilini tavam etdirərək “Azərbaycan teleməkanında kliplərin mövzu, struktur və janr problemləri” mövzusunda dissertasiya işi üzərində çalışır.

2004- 2005 ci illərdə “Film” Produser mərkəzində rejissor, 2005-2006-cı illərdə “Mozalan” Satirik Kinojurnalıda rejissor və ssenarist kimi çalışıb.

2005-2009 cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsən Universitetində montaj üzrə aparıcı mütəxəssis kimi çalışmış və paralel olaraq ANS – şirkətlər qrupuna daxil olan “Bakı” film kinostudiyasında produser kimi fəaliyyət göstərib.

O, hal-hazırda Primyer Cinema kino şirkətində rejissor kimi çalışır.

Elnur Əliyev bir rejissor kimi daima öz üzərində çalışır və hər filmində müxtəlif mövzulara  müraciət edir. Onun çəkdiyi “Kənddə məktəb”(2005) bədii filmi, “Satılmış həyat”(2008) filmi  “Günahkarlar yoxsa günahsızlar”(2009) filmi, “Dördbucaq içində”(2010) film, “Güllələr altında”(2010) sənədli – bədii filmi, “Qorxma mən səninləyəm 2”(2011)  filmi, “Erkən nigah”(2012)  bədi –sənədli filmİ, “Alınmaz qalanın qəhrəmanları”(2013) sənədli – bədii filmi, “Qadın gücünə güc”(2015) sənədli filmi, “Son nəfəsədək”(2017) tammetrajlı bədii filmi, eləcə də “Niyə”(2018) serial və yaxın günlərdə yayınlanacaq “Ailəmiz” serial və s. hər biri adlarından da göründüyü kimi fərqli mövzularla tamaşaçı auditoriyasına təqdim olunub.

Rejissorun 2013-cü ildə çəkdiyi “Alınmaz qalanın qəhrəmanları” qısametrajlı sənədli-bədii filmi Gədəbəy rayonundan olan dörd Milli Qəhrəmanın – Məzahir Rüstəmov,  İsgəndər Aznaurov, İlham Əliyev və Aytəkin Məmmədovun həyat və döyüş yollarından bəhs edir.

Nurəddin Aslanovun ssenarisi əsasında Elnur Əliyevin 2018-ci ildə quruluş verdiyi  “Son nəfəsədək” filmi real hadisələr əsasında çəkilib.

Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran filmdə Qarabağ müharibəsi dövründə qəhrəmanların göstərdiyi şücaəti canlandırılıb.

Qeyd edək ki, film həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolunu diqqətə çəkir. Rejissor ssenaridən çıxış edərək filmdə Qarabağ torpaqlarının işğalına yol açmış hadisələrdən bəhs etməklə tamaşaçıları həmin hadisələrin şahidinə çevirir, onları mübarizəyə səsləyir.

Əslində Elnur Əliyevin filmlərində mübarizə gücü hiss olunur, sabaha inam səsləyişi var və əlbəttə ki, tamaşaçılarını düşündürə-düşündürə nəticə çıxarmağa bir çağırış var. Bu kimi xüsusiyyətlərə malik rejissor Elnur Əliyevin qarşıda görəcəyi işlər, müraciət edəcəyi mövzular çoxdur.

Sabaha inam hisslərini tamaşaçılarına aşılamağı bacaran Elnur Əliyevi yubiley yaşı münasibətilə təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

aki.az