A-dan Z-yə kino istehsalı kurslarının məzunlarına sertifikatlar təqdim edilib

Martın 9-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə “A-dan Z-yə kino istehsalı, intensiv kinorejissorluq kursları” layihəsinin iştirakçılarının təltifetmə mərasimi keçirilib. Gənc rejissorlara sertifikatların təqdimetmə mərasimi, layihə çərçivəsində hazırlanmış “Qəfəs” filminin hazırlıq prosesi barədə çəkilmiş sənədli filminin nümayişi ilə başlayıb. Tədbirin moderatorluğunu kinoşünas Aygün Aslanlı edib.

“A-dan Z-yə kino istehsalı” layihəsi rejissorluq emalatxanasıdır. İntensiv təlimlər 3 ay, hər birində 10 gün olmaqla keçirilib. Layihədə iştirak edən tələbələrdən biri – Şahin Hüseynlinin ssenarisi çəkilmək üçün seçilib. Həmin ssenariyə çəkilmiş film, layihəyə seçilən 10 nəfərin birgə əməyinin məhsuludur. İlkin olaraq “A-dan Z-yə kino istehsalı” layihəsinə 81 nəfər müraciət edib.

Mərasimdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, layihənin rəhbəri və ideya müəllifi Əli İsa Cabbarov bildirib ki, təlim iştirakçılarının bir çoxu ilə hazırda əməkdaşlıq edirlər. Əli İsa Cabbarov bu cür layihələr vasitəsilə yeni kadrların kino sahəsinə cəlb olunmasının vacibliyinə diqqət çəkib.

Sertifikatların təqdimatından sonra iştirakçıların birgə ərsəyə gətirdiyi “Qəfəs” adlı qısametrajlı film nümayiş olunub. Ssenari müəllifi Şahin Hüseynliyə məxsus olan film restoranda kuryer kimi çalışan Cəmilin xəstə anası ilə birgə həyatından bəhs edir. Filmin çəkilişləri Şəki şəhərində baş tutub.

aki.az