“A-dan Z-yə kino istehsalı” layihəsinə qəbul başladı
Azərbaycan Kinematoqrafçılar İttifaqı növbəti layihəsinə start verdi. “A-dan Z-yə kino istehsalı” layihəsi aprel, may və iyun aylarını əhatə edəcək.
Qeyd edək ki, sertifikatların təqdimi 20 iyula qədər baş tutacaq. İlk iki ay hər biri 10 gün və hər dərs 3 saat olmaqla Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, Əməkdar incəsənət xadimi, rejissor Mirbala Səlimli tərəfindən intensiv nəzəri dərslər keçiriləcəkdir. Dərslər bədii kino istehsalının bütün mərhələlərini özündə əks etdirəcəkdir.
Layihənin 3-cü mərhələsinin 10 günlüyü Şəki şəhərində baş tutacaq və iştirakçılar real kino çəkilişi prosesində iştirak edəcəklər. Əgər 2 ay Bakı mərhələsi öyrənməyə və biliyə yönəlibsə, son mərhələ praktik məşğələlərdir.
Layihə ərzində ideyanın yaranması, filmin rejissor şərhi, təsvir həlli, film istehsalının əsasları, montaj və s. mövzular tədris ediləcəkdir. Emalatxana gənc kinorejissorlar üçün nəzərdə tutulmuşdur.
Layihəyə 24 yaşdan yuxarı ssenari, bədii film, kino yaradıcılığı sahəsində müəyyən baza məlumatlarına sahib, eyni zamanda rejissura sahəsində geniş biliyə, daha çox nəzəri məlumata, real çəkiliş prosesi təcrübəsinə ehtiyacı olan hər kəs müraciət edə bilər.
Bakıda keçiriləcək dərslərin vaxtı layihəyə seçiləcək iştirakçılarla uyğunlaşdırılaraq müəyyən ediləcəkdir.
Layihədə iştirak pulsuzdur.
Şəki mərhələsinin ödənişləri AKİ tərəfindən qarşılanır.
Ərizə formasını bu keçiddə doldurun:
https://aki.az/a-to-z/
Əlavə suallar olarsa [email protected] elektron ünvanına müraciət edin.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı ötən il “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə elan etdiyi “Yay Məktəbi”ndə iştirakçıları ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramı ilə tanış etmişdi. Bundan başqa, belə layihələrin davam etdirəcəyini – film ideyası olan, onu necə başlamalı, ssenari yazılma prosesində hansı mərhələlərdən keçməli, yazarkən nələrə diqqət etməli kimi sualları olanların ideyasını ssenari kimi formalaşdırmağa dəstək verəcəyinə hazır olduğunu bildrimişdir.
Ötən il keçirilən “Yay məktəbi”nin qonaq spikeri Əməkdar İncəsənət Xadimi Mirbala Səlimli idi. O, “ssenaridə hadisənin anatomiyası” mövzusunda mühazirəsi ilə çıxış etmişdir.
M.Səlimlinin 2002-ci ildə kinorejissor və ssenarist kimi “Debüt” studiyasında çəkdiyi “Odla qol-boyun” adlı qısametrajlı bədii film bir çox beynəlxalq festival (Fransa, Macarıstan, Rusiya, Tacikstan və s.) və kinoforumların iştirakçısı olub.
2007-ci ildə “Yaddaş” studiyasında çəkdiyi “Şəki-tarixin naxışları” adlı sənədli filmi beynəlxalq festivallarda (Fransa, Türkiyə) iştirak edib.
2016-cı ildə quruluş verdiyi “Qırmızı bağ” filmi 15-ci Dəkkə Beynəlxalq Film Festivalında “Mənəvi filmlər” müsabiqə proqramında “Ən yaxşı bədii film” mükafatına, Rusiyada keçirilən 17-ci Baykal Beynəlxalq Film Festivalında “L.İ.Qayday adına Ən yaxşı bədii film” mükafatına layiq görülmüşdür. Bundan başqa, film Rusiyada 30-cu “Nika” mükafatının MDB və Baltikyanı ölkələrin “Ən yaxşı filmi” mükafatına nominant elan olunmuş, 2018-ci ildə Azərbaycan Kino Akademiyasının təsis etdiyi “Ən yaxşı tammetrajlı bədii debüt filmi”nə görə “Qızıl Pəri” mükafatı, filmin parlaq bədii həllinə görə Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı ilə təltif olunmuşdur.
aki.az