Azərbaycan Respublikasının Gənclər Fondunun “Konstitusiya və Suverenlik ili” çərçivəsində elan etdiyi qrant müsabiqəsinin qalibi olan “Ad günü şamları” tammetrajlı sənədli filmi və onun nümayişi layihəsinin icrasına başlanılır. Layihə çərçivəsində adıçəkilən filmin gənclər, yeniyetmələr üçün dörd xüsusi – qapalı nümayişi nəzərdə tutulur.
Bu film, İkinci Qarabağ müharibəsinə könüllü yollanan, döyüşlər zamanı öz doğum günündə hər iki gözünü itirən qazi Kamran Baxşızadənin həyatından, ümidlərindən, müharibədən sonrakı həyat əzmindən və mübarizəsindən bəhs edir.
Nümayişlər ərzində tamaşaçılarla filmin müzakirəsi də nəzərdə tutulur. Nümayişlərin keçirilməsində əsas məqsəd, gənc nəsildə vətənpərvərliyin təbliği ilə yanaşı, gənc kinematoqrafçılar və onların işləri, müasir Azərbaycan kinosu ilə gənc və yeniyetmələri yaxından tanış etmək, xüsusilə sənədli kino mədəniyyətinin formalaşmasına töhvə verməkdir.
Filmin quruluşçu rejissoru Murad Allahverdi, prodüserləri Afaq Yusifli, Murad Allahverdi, Nicat Dadaşov, Tural Əhmədsoy, quruluşçu operatorları Oktay Namazov, Murad Allahverdi, Afaq Yusifli, xətti prodüseri Elşad Rzayev, bəstəkarı Nigar Süleyman, montaj rejissoru Oktay Namazov, səs rejissoru Nadir Mahmudov, koloristi Edka Kızıltepedir.
Filmin çəkilişləri Bakı, Sumqayıt və İstanbul şəhərləri, Xızı rayonu və onun Xələnc, Qızılqazma, Baxışlı, Fındığan kəndlərində, Altıağac qəsəbəsi və s. yerlərdə baş tutmuşdur. “ButaFilm”-in istehsalı olan film həm də Azərbaycan Respublikası Kino Agentliyinin “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin” 2025-ci il üzrə qalib iştirakçılarındandır.
Layihə Gənc Film İstehsalçıları Assosiasiyasının təşkilatçılığı, ARKA-nın əməkdaşlığı, Biləsuvar rayonu Gənclər evi, Lənkəran şəhəri Gənclər evi, Sumqayıt şəhəri Gənclər evi, Mədəniyyət və sənətkarlıq üzrə Bakı Dövlət Peşə təhsil mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilir.
aki.az

