Adamlarla həqiqət dilində danışmaq lazımdır /Lətif Səfərovun 100 illiyi/ rubrikasında

“…Adamlarla həqiqət dilində danışmaq lazımdır, yalan cana doydurub – o dəqiqə onu hiss edirlər”  deyirdi Lətif Səfərov…

“Lətif Səfərovun 100 illiyi” rubrikasında bu dəfə onun tribunadan olan cəsarətli çıxışlarından sitat gətirəcəyik. Sovet İmperiyası dövründə belə bir cəsarət nümayiş etdirmək o qədər də asan deyildi. Məsələ burasındadır ki, Lətif Səfərovun heç bir vaxt siyasətlə işi olmayıb, Sovetlər Birliyi ilə heç işi olmayıb, əksinə bütün xalqların bir ailə olaraq yaşamasına hər zaman sevinib, başqa xalqlarla dostluq edib, azərbaycanlılara xas qonaqpərvərlik nümayiş etdirib. Sadəcə olaraq rejissor kimi bu dostluqlar içində olan ümumi mənzərəyə baxaraq fikir bildirib.

Yeri gəlmişkən, “Bəxtiyar” filmində şəxsən Lətif Səfərovun təşəbbüsü ilə  rus və azərbaycanlı dostluğu qabardılıb. Ümimiyyətlə filmdə xalqlar arasında ayrıseçkilik kimi məqamlar yoxdu, hətta hiss olunmur belə, əksinə ruslarla azərbaycanlıların səmimiyyəti, hətta sevgi hisləri göstəriri ki, bu xalqlar arasında olan münasibət qohumluq bağlantılarına qədər gedib çıxa bilər. Bütün bunları filmlərində deyən rejissorun ən böyük arzularında biri də o olub ki, ruslar, eləcə də digər xalqlar kimi azərbaycanlılar da bütün qayğılardan azad olsunlar, rahat həyat şəratinə malik olsun, yüksək texnika ilə təchiz olunsunlar…

 

Q.M.KOZINTSEVIN 7.4.1950-CI IL TARIXINDƏ YAZDIĞI XASİYYƏTNAMƏ İLƏ VƏTƏNƏ QAYIDIŞ

 

“Tələbəlik illərində o, Bakı kinostudiyasında iki qısametrajlı film çəkmiş və hər iki film “əla” qiymətlə ekranlara buraxılmışdır. Yoldaş Səfərov Lətif istedadlı, çalışqan, istehsalatı yaxşı bilən işçidir, gələcəkdə müstəqil işləmək bacarığı vardır. Bacarığına və istehsalat stajına görə II rejissor ixtisasına layiqdir. Q.M.Kozintsev. 7.4.1950”

Q.M.Kozintsevin sevimli tələbəsi, istedadına güvəndiyi Lətif Səfərovun tələbə partası arxasından qalxaraq müəllimin verdiyi yüksək xasiyyətnamə ilə vətənə dönüşü çox möhtəşəm olur. Bu odlu-alovlu gəncin Azərbaycan kinosu  üçün böyük işlər görəcəyinin proqnozunu müəllimi illər öncə söyləmişdi.

Onun Moskvadan dönüşü Azərbaycan kinosunun ən böhranlı vaxtına  təsadüf edir. Həmin il studiyada İ.Xeyfis, A.Zarxi və R.Təhmasibin birgə çəkdikləri “Bakının işıqları” bədii filmindən başqa heç bir film çəkilməmişdi. Hətta həmin film də ekranlara buraxılmamışdı. Məhz həmin məqamda L.Səfərov kinooperator dostları Xan Babayev və Teyyub Axundovla birlikdə(1950) “Gədəbəyin sərvəti”, uşaqların həyatından bəhs edən “Gənc leninçilər”(1951) (operator A.Nərimanbəyov) və sərhəd qoşunlarına həsr olunmuş “Azərbaycan sərhədçiləri” (operator A.Nərimanbəyov), 1953-cü ildə yurdumuzun bağlı-bağatlı Quba bölgəsindən söhbət açan “Quba bağlarında” (operator A.Nərimanbəyov) sənədli filmlərini çəkir. Eyni zamanda “Ordenli Azərbaycan” və “Gənc nəsil” kinojurnalları, mərkəzi xronika studiyası (Moskva) üçün də bir çox süjetlər çəkir.

Lətif Səfərov həmin ərəfədə xatirələrində yazırdı: “…Yadıma institutu bitirəndən sonra studiyanın tapşırığıyla sərhədçilərdən bəhs edən bir film üçün material toplamağım düşür. Bir kapitanın və avtomatçı serjantın məni gecə müşayiət etdiklərini xatırlayıram. Elə bilirdim ki, onlar məni qoruyurlar, sən demə, silah altında aparırmışlar ki, birdən o taya keçərəm. Bədii film çəkmək arzusu ilə institutu bitirəndən sonra dörd il sənədli kinoda məşğul olmağıma peşman deyiləm. Bu, gözəl məktəb idi-həyatımda, çox şey gördüm, çox şey öyrəndim: pambıqçılar, heyvandarlar, bağbanlar, sərhədçilər, uşaqlar… Bircə onları görmək, tanımaq lazımdır. Bunun üçün səndə ürək və göz (dünyagörüş) olmalıdır. Yalnız belə olan halda sən onları görə bilərsən. Əgər sənin qəlbin yoxsa, sən onları görməyəcəksən – fonoqramla təsvirin sinxronluğu olmayacaqdır”.

 

KİNO İŞÇİLƏRİNİN ÜMUMİTTİFAQ MÜŞAVİRƏSİ – MOSKVA, 1952-Cİ İL

 

Moskvada keçirilən kino işçilərinin ümumittifaq müşavirəsində Azərbaycan kinematoqrafçılarından ibarət bir qrup da iştirak edirdi. Həmin qrupun arasında Lətif Səfərov də var idi. Müşavirədə kinoda mövcud olan problemlər qabardılır, gələcək planlar səsləndirilir və bütün bunlar hamısı ümçumi olaraq sovet kinosu üçün hallandırılırdı. Azərbaycandan gedən qrup bu məqama sussa da, onların arasında çılğınlığı ilə seçilən Lətif Səfərov məhz həmin məqamda ilk cəsarətli çıxışlarına başlayır: Mən əyalətdənəm, bu əyalət Bakı kinostudiyasıdır. Mən əyalət adından çıxış edirəm. Əyalətdə işləyən adamlar unudulurlar, əyalət texnika ilə təchiz olunmur. Buna görə də rejissorlar öz fikirlərini bütövlükdə həyata keçirə bilmirlər. Onlar artıq inanmırlar ki, nə vaxtsa mərkəzi studiyalarda olan səviyyədəki texnika ilə film çəkə biləcəklər. Axı eyni vaxtda tələbəlik sevincini yaşamışıq, eyni partalarda yanaşı oturmuşuq. Bütün bunlara baxmayaraq bəzilərimizin hər şeyi var, çoxlarımızın isə heç bir şeyi yoxdur. Bizim bazamızda rəngli film çəkmək cəhənnəm əzabıdır. Biz pis plyonka, köhnə aparatlar, ləng vuran ştativlər üzərində epizodu epizod dalınca itiririk. Biz xronika, respublikamız üçün təkrarolunmaz hadisələri çəkirik, bu qiymətli material texniki imkansızlıq ucbatından məhv olur. Bəs bunu lentə aldığımız adamlara necə izah edək, onların gözünün içinə necə baxaq? Bizim, nəhayət, soruşmağa haqqımız varmı, hamı üçün eyni şərait nə vaxt olacaq, nə vaxt?

1952-ci ildə Moskva tribunasından belə bir çıxışla Sovetlər Birliyinə səs salan Lətif Səfərov müşavirə iştirakçılarının susqun baxışları altında sözünə davam edərək onları birliyə səsləyib: “Gəlin əl-ələ verək, çiyin-çiyinə duraq, başa düşək ki, əgər ürəyimizdə od varsa, bu odu sinəmizdən heç kəs qopara bilməz. Ancaq bir olanda qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün, kinematoqrafiyamız üçün yaxşı işlər görə bilərik”. Onun cəsarətinə təəccüblü, qorxu altında baxan gözlər olduğu kimi, haqqın səsini ucaldan bu şəxsiyyəti alqışlayanlar da az olmur və bunun nəticəsidir ki, elə həmin ərəfədə Azərbaycan kinosu üçün imkanlar yaradılır.

 

SSRİ NAZİRLƏR SOVETİNİN 3 OKTYABR 1173 SAYLI QƏRARINDA – Bakı, 1958-Cİ İL

 

Tarixi faktlara nəzər yetirəndə şahid oluruq ki, SSRİ Nazirlər Sovetinin Kinematoqrafçılar İttifaqlarının yaradılması məsələsinin reallaşdırmasında Azərbaycan tərəfdən Lətif Səfərovun və onun timsalında digər respublikalardan olan cəsarətli kinematoqrafçıların cəsarətli çıxışları böyük rol oynayıb.

SSRİ Nazirlər Sovetinin 3 oktyabr 1958-ci il – 1173 saylı qərarı ilə Kinematoqrafçılar İttifaqlarının yaradılması məsələsi reallaşır. Yaradıcı adamların ümid yeri olan ittifaqların yaradılması əslində çox vəd verirdi. Bu baxımdan Moskva Lətif Səfərovun cəsarətini bəyənir və ona işləmək üçün imkanlar yaradır. Məhz həmin ərəfədə – 1958-ci ildə rejissor Azərbaycan Kinematoqrafiya İşçiləri İttifaqının Təşkilat Bürosunu yaradır və həmin büronun sədri seçilir. Kinematoqrafaçıların haqlarını qorumaq, onlara film çəkmək imkanları yaratmaq, ümumiyyətlə Azərbaycanda kinematoqrafiyanı inkişaf etdirmək məqsədilə yaradılan təşkilat bürosu elə ilk gündən də fəaliyyəti ilə diqqəti çəkir. Belə ki, Lətif Səfərov xarakterindən irəli gələn təşəbbüskarlığı ilə az zamanda çox iş görməyə can ataraq bu təşkilat bürosunu fəaliyyətini diqqətə çəkir. Axı Moskva qarşısında öhdəçiliyi var idi, söz vermişdi, ona şərait yaradılmışdı ki, sözünü tutsun…

1959-cu ilin yanvarında İttifaqın 7 nəfərdən ibarət təşkilat bürosu, bədii kinematoqraf, sənədli və elmi-kütləvi kino, dramaturgiya, tənqid və nəzəriyyə, elmi-texniki və həvəskarlar bölmələri yaradıldı. İttifaqın 9 nəfərdən ibarət təşkilat bürosunun üzvləri: Lətif Səfərov (sədr), Hüseyn Seyidzadə (sədr müavini), Rza Şahvələd (məsul katib), Əlisəttar Atakişiyev, Muxtar Dadaşov, Tofiq Tağızadə, Arif Nərimanbəyov, Rza Təhmasib, Məmməd Useynov (üzvlər).

İlk dəfə vəzifə səlahiyyətlərinə sahib olan Lətif Səfərov bunun necə bir məsuliyyət yükü olduğunu dərk etdiyi qədər də, mövcud durumda daha çox iş görə biləcəklərini də hesaba alırdı. Bu baxımdan da vəzifə onun xarakterini dəyişmir, əksinə iş həyatına daha güclü ahənglə davam edir və mövcud nöqsanlara qarşı səsini daha da ucaldır…

 

ƏGƏR BÜTÜN KİNEMATOQRAFÇILAR CƏSARƏTLİ OLSAYDI, KİNODAKI PROBLEMLƏR ZAMANINDA ÖZ HƏLLİNİ TAPARDI

 

1961-ci il…Moskvada keçirilən ümumittifaq konfransında ümumi söhbətlər, müzakirələr, kinoda mövcud olan problemlər, mübahisələr eyni ahənglə davam edirdi. Yəqin ki, Lətif Səfərəov kimi digər kinematoqrafçılarımız da cəsarətli olsaydı, o zaman kinodakı problemlər zamanında öz həllini tapardı. Ancaq Lətif Səfərov düşüncəsində olan kinematoqrafçılar(əlbəttə ki, söhbət Azərbaycan mühitindən gedir) yox dərəcəsində idi.

Onu da xüsusilə vurğulayaq ki, rejissor kimi kinonun mövcud problemlərindən çıxış edən Lətif Səfərov sonralar Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri kimi kinematoqrafçıların haqlarını müdafi edirdi.

Moskvada keçirilən ümumittifaq konfransdakıl çıxışında deyirdi: “Kinematoqrafçı kinodan uzaqlaşa bilməz, çünki kino onun həyatıdır. O öz həyatını necə tərk edə bilər?!  Yaradıcı adam ya kinematoqrafiyadan getməli, ya da kinoda söz demək gücünü göstərməlidir. Bəzən fikirləşirsən ki, bəstəkarlar, rəssamlar, yazıçılar xoşbəxt adamlardır. Onlar həftə ərzində yazdıqlarını bir göz qırpımında cırıb zibil qabına atar və oturub təzədən yazarlar. Kinematoqrafiyada isə uğursuz alınmış epizodu təzədən çəkmək və hər dəfə buna cəhd etmək, bu o qədər asan deyil. Axı bu, təkcə rejissorun işi deyil, çətin və kollektivin əməyindən asılı olan yaradıcılıqdır. Quruluşçu rejissoru planla divara dirəmək olmaz, ona zaman tanımaq lazımdır”.

Və onu da əlavə edirdi ki, adamlarla həqiqət dilində danışmaq lazımdır. Yalan cana doyurub,  o dəqiqə onu hiss edirlər. Çünki xalqa çox uzun müddət yalan danışıblar…

Tofiq İLK