Adil Kərimli mədəniyyət naziri təyin edilib

Adil Kərimli Mədəniyyət naziri təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Adil Qabil oğlu Kərimli Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Prezidentin digər Sərəncamı ilə A.Kərimli Mədəniyyət naziri təyin edilib.

Adil Kərimli 22 oktyabr 1979-cu ildə Bakı şəhərində anadan olub.

1995-1999-cu illərdə  Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr, 1999-2001-ci illərdə isə magistr pillələrini fərqlənmə diplomları ilə bitirib.

2002-ci ildə BDU-nun Cinayət hüququ və kriminologiya kafedrasına dissertant qəbul edilib və 2007-ci ildə həmin ixtisaslaşma üzrə namizədlik dissertasiyasını müdafiə edərək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasınin 5 may 2009-cu il tarixli qərarı ilə hüquq elmləri namizədi elmi dərəcəsini alıb.

1999-cu ildə əmək fəaliyyətinə “Hüquq ədəbiyyatı” nəşriyyatında hüquq məsləhətçisi kimi başlayıb.

2001–2003-cü illərdə Bakı Hüquq Mərkəzində baş hüquq məsləhətçisi,  2001-ci ildən BDU-da müəllim, 2011-ci ildən isə baş müəllim kimi çalışmağa başlayıb.

2003–2009-cu illərdə “Great Wall Drilling Company” şirkətinin Azərbaycan nümayəndəliyində Hüquq departamentinin rəhbəri vəzifəsində, 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əvəzçilik üzrə hüquq və beynəlxalq əlaqələr departamentinin direktoru, 2007–2011-ci illərdə “Eurovision” Mahnı Müsabiqəsində Azərbaycan nümayəndə heyətinin rəhbəri vəzifəsində çalışıb.

2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsinə təyin edilib.

2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Heydər Əliyev Mərkəzinin direktorunun birinci müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilmiş, eyni zamanda ona Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətləri verilib.

Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2023-ci il tarixli müvafiq sərəncamları ilə Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilmiş və mədəniyyət naziri təyin edilmişdir.

aki.az