Sentyabrın 4-də AKİ-nin kinozalında VIII Animafilm Beynəlxalq Animasiya Festivalı çərçivəsində Afrika animasiyasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan animasiya üzrə mütəxəssis Mohamed Qazala Afrika ölkələrində animasiya sənətinin təşəkkülü, inkişafı və hazırkı vəziyyəti barədə məlumat verib. Daha sonra Qana, Misir də daxil olmaqla bir neçə Afrika qitəsində müxtəlif ölkələrdə, müxtəlif illərdə və fərqli üslublarda çəkilmiş ona yaxın animasiya filmi nümayiş etdirilib.
Tədbirin ikinci hissəsində Mohamed Qazala tamaşaçıların suallarını cavablandırıb və müasir texnologiyalarla yaradılan animasiyalardan danışıb.
Mohamed Qazala Səudiyyə Ərəbistanında Effat Universitetində Animasiya üzrə dosent və Kinematoqrafiya Fakültəsinin rəhbəridir. O həmçinin ASIFA-nın (Beynəlxalq Animasiya Filmləri Assosiasiyası) vitse-prezidenti kimi fəaliyyət göstərir və bu təşkilatın Afrika və Ərəb dünyasındakı ilk şöbəsinin əsasını qoyub. Qazala Annecy, MAF, SICAF və digər nüfuzlu beynəlxalq animasiya festivallarının münsiflər heyətində yer alıb, həmçinin bir çox sənət institutlarında qonaq müəllim kimi dərs deyib. O, “Ərəb Dünyasında Animasiya” (2011) və “Afrikada Animasiya” (2013, 2021) adlı kitabların müəllifidir və “Dünyada Animasiya Tarixi” (2016) və “Yaxın Şərqdə Animasiya” kimi mühüm akademik nəşrlərə töhfə verib.
Tədbir Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyilə baş tutub.
aki.az

