Martın 29-da Ağstafa şəhərində Heydər Əliyev Mərkəzində Vətən Müharibəsi Qəhrəmanı Azər Yusiflinin xatirəsinə həsr olunmuş “Vətənin Azəri” sənədli filminin təqdimatı keçirilib. Filmin ssenari müəllifi və rejissoru Kamalə Musazadədir. Film, Prezident sərəncamı ilə AR Mədəniyyət nazirliyinin xətti ilə çəkilib.
Təqdimat mərasimində şəhid ailələri, qazilər, Ağstafa RİH-nin başçısı Seymur Orucov, RİH-nin rəsmi nümayəndələri, idarə və təşkilat rəhbərləri, “Qazax” Xeyriyyə İctimai Birliyinin üzvləri, media nümayəndələri, rayon ictimaiyyəti, ziyalılar iştirak ediblər.

“Qazax” Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov həm Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovla, həm də İctimai Birliyin üzvləri ilə əlaqə saxladı. İlham Pirməmmədov təqdimata uğurlar arzuladı, tədbir iştirakçılarına salam və təşəkkürlərini çatdırdı. Filmdə Azər Yusiflinin həyatı və döyüş yolu haqqında ətraflı məlumat verilib. Filmdəki kadrlar şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Böyük Kəsik kəndində və döyüşdüyü yerlərdə – Cəbrayıl və Zəngilan rayonlarında çəkilib. Film təqdimatından sonra şəhid ailələri, İH başçısı Seymur Orucov, İB-nin üzvləri, ziyalılar çıxış edərək, şəhidlərin keçdiyi şərəfli ömür yoluna nəzər saldılar. Filmin çəkilişində əməyi olan hər kəsə, xüsusilə, filmin rejissoru K.Musazadəyə təşəkkürlərini bildirdilər. Sonda şəhid Azər Yusiflinin atası Nazim Yusifov çıxış edərək, şəhidə verilən dəyərə görə dövlətimizə, xalqımıza təşəkkürünü bildirdi.

aki.az