aki.az saytının 1 yaşında yeni təşəbbüslər

Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi saytı olan Aki.az saytının yaranmasından bir il ötür.

2 avqust 2019-cu ildə – Kino günündə, Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə fəaliyyətə başlayan sayt il ərzində öz oxucu  audutoriyasına sahiblənməyi bacarıb.

Azərbaycanın internet məkanında çox sayda xəbər saytları fəaliyyət göstərir və əksəriyyətində mədəniyyət aləminə yer verilib. Ancaq kinoyla bağlı, kinematoiqrafçıların gördüyü işləri, onların fəaliyyətini işıqlandıranlar məqamlar azlıq təşkil edir. Bu baxımdan aki.az saytı təşəbbüsü ələ  alaraq təmsil etdiyi təşkilatın fəaliyyətini işıqlandırmaqla yanaşı, kinematoqrafçılarımızn fəaliyyiətini, kino tariximizin səhifələrini işıqlandırmağa xüsusi diqqət ayırır. Eyni zamanda kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daima işıqlandırmağa çalışıb.

İl ərzində hazırladığımız maraqlı layihə və rubrikalar, rəngarəng xəbər təminatı saytı tanıtdırmaqla yanaşı, ona kino həvəskarları və peşəkarları arasında populyarlıq da qazandırdı, xəbər saytları aki.az –a istinad edir, materiallarını öz saytlarında bölüşür. Saytın işi Kinematoqrafçılar İttifaqının fb, instagram, twitter səhifələri ilə dəstəklənir.

Aki.az saytı əsasən Azərbaycan dilində yayınlansa da, rus və ingilis dillərində də olan xidmətini daima yeniləyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov bildirir ki, saytın əsas məqsədi kimi Azərbaycan kinosunun təbliği ilə yanaşı, kinematoqrafçılarımız üçün praktik əhəmiyyətini artırmağı görürük: “Bu səbəbdən saytda yeni bölmə olaraq, fəaliyyətdə olan kinematoqrafçılarımızın bazasını yaratmaq üzərində iş gedir. İlk olaraq ssenaristlərdən başlamışıq. Son iyirmi ilidə kinodramaturgiyamıza çoxlu ssenarist adları gəlib. Serialların istehsalı da buna təsir edib. Onların hamısı ilə bəzən peşəkarlar da tanış deyil. Bu məqsədlə saytda ssenaristlərin bazasını yaratmağı qərara almışıq. Bazada son 20 ildə fəaliyyət göstərən senaristlər haqda ensiklopedik məlumatlar təqdim ediləcək: təhsili, işləri, mükafatları, elektron ünvanı və s. Rejissor və prodüser baza ilə tanış olub əməkdaşlıq etmək üçün seçimini edə bilər. Bundan başqa, kino mövzusunda yazan blogerlərlə əməkdaşlıq haqda düşünürük. Fürsətdən istifadə edib onlara müraciət edirəm, əməkdaşlığa dəvət edirəm, bu sayt daxilində yeni rubrika və ya yeni internet resursu ola bilər. Kinomuzun inkişafı bir neçə istiqamətdə işləyən sırf kino saytlarsız mümkün deyil. İnformasiyanı maraqlı təqdim edən kino xəbəri saytı ilə yanaşı, dərin analizlərlə çıxış edən, ciddi kino bilicilərinə ünvanlanmış elektron resurslar da olmalıdır. Kinematoqrafçılar İttifaqı olaraq bu  istiqamətdə təşəbbüsləri dəstəkləməyə hazırıq”.

Aki.az