Aki.az saytının üç yaşı tamam oldu

Azərbaycan Kinematoqrafçılar İttifaqının rəsmi saytı olan Aki.az saytının yaranmasından üç il ötür.

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin qərarı ilə 2 avqust 2019-cu ildə fəaliyyətə başlayan sayt 3 il ərzində kinoya həsr edilən onlarla xəbəri, məqaləni yayınlamaqla özünə geniş oxucu auditoriyası toplaya bildi.

Qeyd edək ki, Azərbaycanın internet məkanında çox sayda xəbər saytları fəaliyyət göstərir və həmin saytların əksəriyyətində mədəniyyət aləminə yer verilib. Buna baxmayaraq böyük tarixə malik olan Azərbaycan kinosuna həsr edilən, kinomuz üçün çalışan  kinematoqrafçıların gördüyü işlərə həsr edilən, onların fəaliyyətinə diqqəti çəkən məqalələrə, heç olmazsa xəbərlərə rast gəlmək olmurdu. Belə bir vaxtda Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbu orqanı olan Aki.az saytının yaranmsı və  təşəbbüsü ələ alaraq təmsil etdiyi təşkilatın fəaliyyətini işıqlandırmaqla yanaşı, kinematoqrafçılarımızın fəaliyyətini, kino tariximizin səhifələrini işıqlandırmağa xüsusi diqqət ayırması gözlənilən həmin o anın yetişdiyindən xəbər verdi.

Saytımız milli kinomuzun təbliğilə yanaşı, eyni zamanda kinoda mövcud olan problemləri, yeni nəsil kinematoqrafçıların kinoya olan yanaşma tərzini, dünya kinosunda baş verənləri daima işıqlandırmağa çalışıb.

Önəmli məqamlardan biri də odur ki, hazırladığımız maraqlı layihə və rubrikalar, rəngarəng xəbər təminatı saytı tanıtdırmaqla yanaşı, ona kino həvəskarları və peşəkarları arasında populyarlıq da qazandırdı, artıq xəbər saytları Aki.az –a istinad edir, materiallarını öz saytlarında bölüşür. Saytın işi Kinematoqrafçılar İttifaqının fb, instagram, twitter səhifələri ilə dəstəklənir. Sayt əsasən Azərbaycan dilində yayınlansa da, rus və ingilis dillərində də olan xidmətini daima yeniləyir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov qeyd edir ki, virtual reallıq artıq bir faktdır və kino həyatımız orda da qaynar olmalıdır: “Bu səbəbdən Kinematoqrafçılar İttifaqı internet məkanında kinomuz haqda resursların artmasını mühüm sayır və Aki.az saytının fəaliyyətinə diqqət ayırırıq. Sayt artıq ciddi internet resursları üçün xəbər mənbəyinə çevrilib. Üzvlərimiz və kinematoqrafçılar kino xəbərlərini ilk olaraq saytımızdan alırlar. Artıq internet resurslarında kino mövzusunu artırmaq üçün kinoyazarlara ünvanlanmış Kinoyazar.az saytını da açdıq. kinoşünas Hacı Səfərovun “Film aç” səhifəsi ilə də məhsuldar əməkdaşlıq aparırıq, “Azernewmedia” resursu ilə də iş birliyimiz var”.

Göründüyü kimi, görüləcək işlər, həyata keçiriləcək layihələr hələ irəlidədir. Və bütün bunların həyata keçməsində saytımız böyük rol oynayacaq.

aki.az