Azərbaycan Kinematoqrafçılar İttifaqında, AKİ üzvü, kino və teatr aktrisası Zemfira Əbdülsəmədovanın yubileyi keçirilib. Tədbirdə, aktrisanın sənət yoldaşları ilə yanaşı, AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, AKİ katibi Oleq Səfərəliyev, Tahir Tahiroviç və AKİ-nin İdarə Heyətinin üzvü Sevda Sultanova iştirak ediblər.
O.Səfərəliyev İdarə Heyəti adından yubilyara ünvanlanmış təbrik mətnini oxuyub:
“… Əziz və hörmətli Zemfira xanım!
Sizi yubileyiniz münasibətilə kino ictimaiyyəti adından səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Milli teatr və kino sənətinin inkişafında özünəməxsus xidmətləriniz var və bu istər geniş tamaşaçı auditoriyası, istərsə də kino ictimaiyyəti tərəfindən dəyərləndirilib. Azərbaycan Kinematoqrafçılar İttifaqının fəal üzvü kimi müasir kinomuzun inkişafında da aktiv fəaliyyətiniz təqdirəlayiqdir. Sizi əlamətdar təqvim – yubileyiniz münasibətilə bir daha təbrik edir, milli teatr və kino sənətimizin inkişafı naminə yeni yaradıcılıq uğurları arzulayırıq!”
Tədbirdə iştirak edən, aktrisanın sənət yoldaşları Əməkdar artistlər Gülər Nəbiyeva, Ayşad Məmmədov, Anar Heybətov, Mahir Dərviş və Elnur Hüseynov Z.Əbdülsəmədovanın uğurlu, zəngin yaradıcılıq yolundan, aktyorluq texnikasından, tərəf müqabili kimi və istənilən rola yüksək peşəkarlıqla yanaşmasından danışdılar. Teatr və kinorejissoru Saida Haqverdiyeva “Köhnə çamadanlar”, rejissor Vüsal Əhmədzadə isə “Qapı” bədii filmində Z.Əbdülsəmədova ilə əməkdaşlıqları haqda fikrilərini, öz roluna necə bir məsuliyyətlə yanaşması haqda fikirlərini bölüşdülər. Azərbaycan Dövlət Kukla teatrının mətbuat katibi, jurnalist Həmidə Rüstəmova Z.Əbdülsəmədovanın aktrisa kimi geniş diapazona malik olmasından, həm teatr səhnəsində, həm kinoda özünü uğurlu ifadə etmək bacarığından danışıb.
aki.az

