Martın 8-də Azərbaycan Kinematoqrafçılar İttifaqının kino zalında Beynəlxalq Qadınlar Günü münasibətilə nümayiş tədbiri keçirilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun birgə əməkdaşlığı ilə baş tutan tədbirdə dünya kinosunun pionerlərindən biri, tarixdə ilk qadın kinorejissor kimi tanınan Alis Gi Blaşenin filmləri nümayiş edildi. Tədbirin keçirilməsində əsas məqsəd, kino tarixində qadın yaradıcılığının roluna işıq salmaq və kino sənətinin formalaşmasında mühüm iz qoymuş bu görkəmli şəxsiyyətin yaradıcılığını yenidən tamaşaçılara təqdim etmək idi.

Tədbiri giriş sözü ilə açan moderator, kinotənqidçi Sevda Sultanova öncə kinematoqrafçı qadınları bayram münasibətilə təbrik etdi, daha sonra tədbirin əhəmiyyətindən və AKİ ilə Fransa Səfirliyinin və Fransız İnstitutunun birgə həyata keçirdiyi yaradıcı layihələr haqda qısa məlumat verdi.
Daha sonra, Fransız İnstitutunun direktoru Şarl Dönye çıxış etdi. Ş.Dönye tədbirə gələn qadınlara təşəkkür edərək bildirdi ki, bu gün qadınlar və kişilər arasında hüquq bərabərliyi naminə mübarizə günüdür:
“Həmçinin, dünyada qadınların həyata keçirdiyi işlərin qeyd olunması günüdür. Bu münasibətlə Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlıq çərçivəsində, 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində fəaliyyət göstərmiş, kino tarixinin ilk qadın kinorejissoru Alis Ginin əsərləri ilə tanış olmağı təklif edirik. O, bir əsr ərzində unudulmuş və 20 il bundan əvvəl həvəskar kinosevərlər, feminist assosiasiyaların sayəsində yenidən kəşf edimişdi. Alis Gi kamera satışını həyata keçirən “Qomon” adlı şirkətdə katibə kimi çalışırdı. Bir gün o, öz müdiri Leon Qomona müəyyən səhnələri çəkmək üçün bu kameralardan istifadə etməsinə icazə verməsini xahiş edir. Qomon ona inanmır, bununla belə Alis Gi 1896-cı ildə “Kələm Pərisi” (1896) filmini çəkməklə tarixin ilk qadın kinorejissoru olur.

O, tez bir zamanda uğur qazanır və bu, qeyri-adi bir macəranın başlanğıcı olur. Beləcə, o, çəkilişlərini davam etdirir və “Qomon” şirkətinin bədii rəhbəri olur, şirkətin bütün film istehsalına nəzarət edir. Sonra o Amerikaya gedir və orada da uğur qazanır. Öz şəxsi studiyasını, şirkətini yaradır və film istehsalına başlayır, komediya, dram, vestern, müharibə janrında yüzlərlə film çəkilir. Əksər hallarda baş rollarda qadınlar çıxış edir və bu, o dövr üçün nadir hadisə idi. O, tənqidçilərin rəğbətini qazanır və onun filmlərinə biletlər çox satılır. 1910-cu illərin sonunda böyük studiyalar kiçik studiyaları sıxışdırıb aradan çıxarırlar. Alis Gi də sıxışdırılır, müflisləşir, Fransaya qayıtmağa məcbur olur və tez bir zamanda unudulur”.

Ş.Dönye daha sonra qeyd etdi ki, Alis Gi haqda yenidən 21-ci əsrdə danışmağa başlayırlar: “Ona, 2024-cü ildə Paris Olimpiya oyunlarının açılış mərasimində xüsusi dəyər verilir. Onun qızıl suyuna salınmış heykəli digər 9 fransız qadın heykəli ilə bərabər Sena çayının altından üzərinə çıxaraq səhnələşdirilir və beləcə qadın-kişi bərabərliyinin mesajı olaraq dünyaya ötürülür. Bu gün təqdim edəcəyimiz retrospektivdə, onun 1898-1907-ci illərdə “Qomon” şirkətində çəkilmiş on üç filmi yer alır. Ümid edirik ki, siz o dövrün texniki nailiyyətlərindən zövq alacaqsınız. Burada fəndlər, xüsusi effektlər, ilk yaxın planda çəkilişlər və s. var. Filmlərdə həmçinin burlesk, dram, satira kimi fərqli üslublar yer alır. Xüsusən də “Feminizmin nəticələri” adlı film öz müasirliyi ilə seçilir və gender stereotiplərini pisləyir. Sonda qeyd etmək istərdim ki, aprelin ortalarından fransızdilli filmlərin təqdimatına start veriləcək. Buraya Belçika, İsveçrə və Fransa filimləri daxildir”.


Qeyd edək ki, tədbirdə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut, səfirliyin mədəniyyət attaşesi Klemans Dö Lakur, AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, AKİ-nin katibi Oleq Səfərliyev də iştirak edirdilər.
aki.az

