Aprelin 23-də Azərbaycan Kinematoqrafçılar İttifaqında II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının münsiflər heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, AKİ katibi, rejissor, prodüser Əli İsa Cabbarov, eləcə də II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının münsiflər heyətinin üzvü, ittifaqın katibi, rejssor Oleq Səfərəliyev, festivalın baş prodüseri, Avrasia televiziya akademiyasının akademiki, AKİ İdarə Heyətinin üzvü Arzu Qulamov, festivalın münsiflər heyətinin sədri, Olimpiya komitəsinin vitse-prezidenti, Olimpiya çempionu Zemfira Meftaxeddinova, münsiflər heyətin üzvü, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, festivalın münsiflər heyətinin üzvü, rejissor və ssenarist Ənvər Mansurov iştirak ediblər.
Festivalın baş prodüseri Arzu Qulamov Azərbaycan Kinematoqrafçılar İttifaqı ilə əməkdaşlıqdan məmnunluq ifadə edərək, ittifaqın sədrinin rolunu xüsusilə qeyd edib və təşəkkürünü bildirib.
AKİ sədri Rasim Balayev bu tip layihələrin davam etdirilməsini və Olimpiya Komitəsinin rəhbərliyinə öz təşəkkürünü bildirib. Eyni zamanda, AKİ-nin bu il festivala təşkilat dəstəyi verməsini xüsusi vurğulayıb: “Festival hərəkatını daim dəstəkləyirik. Bundan öncə DokuBaku Beynəlxalq Sənədli Film Festivalı, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalını dəstəkləmişik. Ümumiyyətlə, kino sahəsinin inkişafı üçün mütləq festivallar dəstəklənməlidir, inkişaf etməlidir. Yaxşı olardı ki, bu festivalda da tammetrajlı filmlər olsun”.
A.Qulamov bildirdi ki, planda tammetrajlı film nominasiyası üzrə mükafat da nəzərdə tutulub.
Festivalın münsiflər heyətinin sədri, olimpiya çempionu Zemfira Meftaxetdinova, festivala Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən göstərilən dəstəyə və münsiflər heyətinin işi üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib və Rasim Balayevə, festivalın təşkilat komitəsi və münsiflər heyətinin təltifini təqdim edib. Münsiflər heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, festivalın tərəfdaşı “Cüdo klub 2012” ictimai birliyinin xüsusi hədiyyələrini təqdim edib. Görüşdə daha bir təltif Əli İsa Cabbarova təqdim edilib. Təltifi, festivalın baş prodüseri Arzu Qulamov təqdim edib.
Maraqlı fikir mübadiləsi çərçivəsində bildirilib ki, festivalın təsisçisi və Azərbaycan Kinematoqrafçılar İttifaqı arasında əməkdaşlığın davamlı olmasının vacibliyi və kinonun gənc nəslin tərbiyəsində mühüm rol oynadığı da vurğulanıb. Xüsusilə, idman filmlərinin sağlam həyat tərzi üçün önəm daşıdığı qeyd edilib. Bundan başqa, Rasim Balayev kimi sənətkarın bir neçə nəslin yetişməsində, tərbiyəsində mühüm rolu olduğu və bu festivalı dəstəkləməsinin də təsadüf olmadığı xüsusilə qeyd edilib.
Görüşdə idman kinosunun gələcək durumu ilə bağlı fikir mübadiləsi də aparılıb.
Xatırladaq ki, aprelin 8-də Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, festivalın münsiflər heyətinin sədri, Olimpiya çempionu Zemfira Meftaxetdinova, “Cüdo Klub 2012” ictimai birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, Olimpiya çempionları, idman federasiyalarının və televiziya kanallarının rəhbərləri, tanınmış idmançılar və ictimai xadimlər iştirak ediblər.
aki.az