AKİ DokuBaku Film Festivalına maliyyə ayırdı
Azərbaycan Kinematoqrafçılar İttifaqı DokuBaku Beynəlxalq Sənədli Film Festivalı ilə əməkdaşlığı davam etdirir. İttifaq hər il olduğu kimi, bu il də festivala maliyyə və informasiya dəstəyi verəcək.
Xəbər verdiyimiz kimi, VII DokuBaku Beynəlxalq Sənədli Film Festivalı sentyabrın 26-dan oktyabrın 1-dək keçiriləcək. Əsas mövzusu “KosmoDarvinizm: Dolça Əsri” olan builki festivalın məqsədi sənədli film yaradıcılarının mövcud dəyişikliklər haqqında nə düşündüklərini öyrənmək və bəşəriyyətin dövrümüzün çağırışı olan rəqəmsallaşma, həyatın çılğın tempi, insana dəyər verənlərin, texnologiyaları cəlb etmədən insanların uğur qazanmaq cəhdlərinin öhdəsindən daha yaxşı gəlmək yollarına dair kinematoqrafik araşdırmalarla bölüşməkdir.
Bütün kinematoqrafçılar “Ən yaxşı beynəlxalq tammetrajlı sənədli film”, “Ən yaxşı beynəlxalq qısametrajlı sənədli film”, “Uşaqlar üçün ən yaxşı sənədli film (DokuKids)”, “DokuDarwin: ən yaxşı yerli sənədli film” və “Əsas müsabiqəyə daxil olmayan filmlər” nominasiyaları üzrə yarışacaqlar.
Azərbaycan Kinematoqrafçılar İttifaqı artıq bir neçə ildir ki, DokuBaku Beynəlxalq Sənədli Filmlər Festivalının rəsmi tərəfdaşıdır. İttifaq ənənəvi olaraq DokuBaku Film Festivalı ilə əməkdaşlıq edir və bu ənənəni davam etdirmək niyyətindədir.
Xatırladaq ki, DokuBaku Beynəlxalq Sənədli Film Festivalı 2017-ci ildə bir qrup kino peşəkarı və həvəskarı tərəfindən könüllü əsaslarla təşkil olunub. Festivalın ideyası və təsisçiləri azərbaycanlı rejissor İmam Həsənov (festivalın direktoru) və çexiyalı rejissor və prodüser Veronika Yanatkovadır (proqram tərtibçisi).
Festivalın təsisçisi və direktoru, rejissor İmam Həsənov Azərbaycan sənədli kinosunun beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə 2023-cü ildə AKİ-nin illik mükafatına layiq görülüb.
Aki.az