Azərbaycan Kinematoqrafçılar İttifaqı “OB FILM” və “KİNOBİZ” şirkətləri tərəfindən birgə istehsal olunmuş “İşığa doğru” sənədli filminin beynəlxalq film festivallarına təqdim olunmasına vəsait ayırıb.
Qeyd edək ki, müşahidə və subyektiv kamera üsulları ilə ərsəyə gətirilən və iki paralel süjet xətti üzərində qurulan “İşığa doğru” sənədli filmində hadisələr Qarabağda işğaldan azad olunmuş ərazidə cərəyan edir. Sübh tezdən ata, oğul və qardaşoğlu illər sonra işğaldan azad olunmuş kəndlərinə doğru yola çıxırlar. Bu səfər zamanı onlar müharibənin törətdiyi dağıntılar altından 30 il əvvəl itirdiklərini – doğmalarının məzarını, uşaqlıqlarını, gəncliklərini, bir sözlə, keçmişin izlərini axtaracaqlar. Görəsən, keçmişin qaranlıqlarını işığa çıxarmağa çalışan qəhrəmanlar dağıntılar altında xatirələrdən başqa salamat qalan nəsə tapa biləcəklərmi…
Ərşad Əliyev, Rəsul Kamal və Elşad Ərşadoğlunun iştirakilə çəkilən filmin ssenari müəllifi və rejissoru Elşad Ərşadoğlu, operatoru Vasif Vəlizadə, səs rejissoru Hafiz İbrahimli, montaj rejissoru Murad Şükürlu, rəng korreksiyası Etka Kızıltepe, prodüserləri Ramil Ələkbərov və Orxan Behbuddur.