Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, aktyor, Əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı-publisist Akif Əli Düşənbədə yaradıcı səfərdə olub. Səfəri haqqında reyting.az saytında geniş məqalə ilə çıxış edən A.Əli kinomuzun aktual problemlərinə toxunur. Qeyd edək ki, o, “Tacikfilm”də “Uzun müharibədə qısa görüşlər” (1975) adlı populyar bədii filmdə çəkilib. Bu haqda danışmaq üçün Akif Əli “Sinema TV” kanalına dəvət olunub. “Nəqşi mən” adlanan proqramda çıxış edən Akif Əli Azərbaycanda da analoji kino kanalının təsis edilməsini qeyd edib:
“Sinema TV” Düşənbədə yayımlanan xüsusi kinofilmlər kanalıdır. Bu kanal Tacik kinosunun təbliği məqsədilə yaradılıb. Kanalda mütəmadi həm kinofilmlər nümayiş olunur, həm də kino xadimləri ilə – rejissor, operator, aktyor, rəssam, bəstəkar və s. yaradıcı işçilərlə – görüşlər, portretlər, müsahibələr çəkilib efirə verilir. Bu məxsusi kino telekanalı dövlət tərəfindən maliyyələşdirilir. Məqsəd, Tacikistanda kinematoqrafiyanın inkişafına yardım etmək, onu regionda önə çıxartmaqdır”.

Orta Asiya ölkələrində kinonun inkişafı ilə bağlı yazan Akif Əli bildirir ki:
“Əvvəllər də maraqlı özünəməxsus filmləri olan digər Orta Asiya respublikaları da son illər kinonun inkişafına daha böyük diqqət yetirməyə başlayıblar. Müasir informasiya zamanında onlar vizual sənətin təsir gücünü lazımınca qiymətləndirib ölkənin, xalqın dünyada daha geniş tanıdılması üçün nəzərlərini bu sahəyə yönəldiblər. Xüsusən Qazaxıstanda və Özbəkistanda kinoya dövlət qayğısı böyükdür. Büdcədən kinoya həm külli miqdarda vəsait ayrılır, həm də bu vəsaitin istiqaməti üzrə səmərəli xərclənməsinə, qazax və özbək xalqlarının qədim tarixinə, mədəniyyətinə, milli müstəqilliyinin təbliğinə dair filmlərin peşəkar səviyyədə çəkilməsinə ciddi nəzarət edilir”.
Tarixi filmlərin durumu ilə bağlı isə Akif Əli bu fikirləri irəli sürür:
“Yeri gəlmişkən, bizim ictimai-mədəni arealda Tomris əfsanəsi geniş yayılıb və bu cəsur qadın haqqında tarixi materiallar kifayət qədər məşhurdur. Ancaq bir neçə il öncə Qazaxıstan studiyası “Tomris” filmini çəkdi və onu dünyaya qazaxların milli qəhrəmanı kimi tanıtdı. Halbuki tarixdən məlumdur ki, Tomrisin ən böyük şücaəti sayılan və bu mövzuda Avropa İntibah dövrünün rəssamlarının da böyük tablolar çəkdiyi mövzu – qan tökməkdən doymayan fars şahı Kirin başının bədənindən ayrılıb qanla dolu tuluğa salınması hadisəsi – məhz Arazın bu tayında, Azərbaycan ərazisində baş verib. Ümumiyyətlə, oxşar ibrətamiz və örnək hadisələrlə zəngin Azərbaycan tarixi milli kinomuz üçün zəngin materialdır. Ancaq müasir dövrdə kino sahəsində fəaliyyət göstərən işçilər üçün bu sayaq tarixi mövzular ya maraqsızdır, ya da naməlum…”
Məqalənin tam versiyasını buradan oxuyun: https://www.reyting.az/muellifler/akif-eli/141067-dusenbede-dunen-ve-bugun.html

