AKİ Kino Məktəbinin tələbəsi “Böyük Qayıdış”ın qalibləri sırasında

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, Vətən müharibəsində qazanılmış böyük zəfərə kino vasitəsi ilə töhfə vermək məqsədilə keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi sona çatdı.

Müsabiqənin pitçinq mərhələsinə 26 layihə (12 bədii film, 8 sənədli film, 6 animasiya filmi layihələri) təqdim olunub. Həmin layihələrdən 19-u isə müstəqil prodüser mərkəzləri, 6-sı dövlət studiyaları, 1-i televiziya kanalı tərəfindən təqdim edilib.

26 layihə Münsiflər heyəti tərəfindən bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alınaraq qiymətləndirilib və açıq səsvermə yolu ilə 11 layihə qalib seçilib.

Qalib seçilən layihələr sırasında Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi, ssenarist Nicat Dadaşovun “Hasar” layihəsi də yer alıb.

Ssenarist deyir ki, böyük qələbədən sonra Cənab prezident İlham Əliyev  tərəfindən Qarabağda qalmaq istəyən ermənilərlə bağlı qərar qəbul olundu: “ Və bu qərarla da biz yenə də öz humanist mövqeyimizi nümayiş etdirmiş olduq. Məhs bu məqam “Hasar” adlı ssenarinin yaranmasına gətirib çıxartdı. Ssenaridə Hasar bir metafora qismində çıxış edir və düşmənlə aramızda olacaq məsafəni əks etdirir”.

“Hasar” filminin yaradıcı heyəti:

Ssenari Nicat Dadaşov, quruluşçu rejissor Qulu Əsgərov, quruluşçu operator Vasif Vəlizadə, prodüser Emil Nəcəfovdur.

Film “Ultra Production” MMC kinoşirkəti tərəfindən istehsal olunacaq.

Onu da qeyd edək ki, Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqədə Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin tələbəsi Nicat Dadaşovun qələmə aldığı ssenarini yer tutması özü böyük uğurdur. Bu baxımdan da  gənc ssenaristi bu münasibətlə təbrik edir və onu oxucularımızla daha yaxından tanış etmək istərdik.

Nicat Dadaşov 2007–2011-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakultsəndə təhsil alıb.

“Xənnas” (2017), “İki yad adam” (2017), “Sükut”(2018), “Qaynana 2018” (2018), “Nazik Mətləb” (2021), “Xəzərin üzərində yelləncək” (2021) filmlərinin, “İkinci bahar”(2014), “Məryəm”(2016), “Ögey ana”(2017), “Sarı gəlin”(2017), “Könül yarası”(2018) seriallarının ssenari müəllifidir.

N.Dadaşov bir sıra hekayə və romanın müəllifidir. 2014-ildə “Həyatın bir anı” adlı hekayələr kitabı çap edilib və 2021-ci ildə müəllifin “Bizim vaxtımız keçib” adlı romanı oxuculara təqdim olunacaq.

Onun  2018-ci ildə Mir Cəlal Paşayevin  “Kəmtərovlar ailəsi” hekayəsinin motivləri əsasında yazdığı “İki yad adam” filmi Pekində “Grand Asian” film festivalında “Ən yaxşı sosial film” mükafatına layiq görülüb.

N.Dadaşov Azərbaycan Kinematoqrafçılar İttifaqının A. M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə həyata keçirtdiyi “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsində də laureatlar siyahısında olub.

aki.az