AKİ-nin “Ağ- qara hərflərin rəngli yuxuları” adlı layihəsinin birinci mərhələsi başa çatıb

Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi “Ağ- qara hərflərin rəngli yuxuları” layihəsinin birinci mərhələsi başa çatıb.

21 avqust – 4 sentyabr tarixlərində, ümumilikdə 50 nəfər olmaqla, 20-30 yaşlı gənclər layihədə iştirak üçün müraciət ediblər. Müraciətçilərin 45 faizdən çoxu rejissor olmaqda iddialı gənclər təşkil edir.

Layihənin mentoru və seçim komitəsinin üzvü Rövşən İsaxın indiyə qədərki mərhələ barədə düşüncəsi: “Diqqətimi çəkən ən maraqlı məqam ondan ibarət oldu ki, müraciətçilər ancaq Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və ya məzunları yox, müxtəlif ali məktəblərin müxtəlif ixtisasları üzrə təhsil almış gənclər idi.  Xüsusən daha çox fərqli təhsil sahəsindən gələn gənclərin kino sahəsinə, layihəyə marağı bariz idi. Nəzərə alsaq ki, artıq hansısa bir ixtisası bitirmiş və ya hansısa peşəyə yiyələnmiş, hansısa sahədə ciddi şəkildə çalışan insanlar da müraciət etmişdilər,  o zaman özünü təqdimatdan tutmuş, suallara verilən cavablardan, məlumalardan gəldiyim ən xoş qənaət bu oldu ki, çox şükür ki, incəsənətə, ələlxüsus kinoya olan maraq gənclərdə hələ də yaşayır. Bu işə marağı olan insanlara verə biləcəyimiz bu və ya digər təcrübə, bilik və ümumi proses haqqında məlumat mənim üçün çox xoş olacaq. Çünki, gənclərin bu işə sevgisi və marağı mənim düşündüyümdən qat-qat çox imiş. Mən buna yaxşı mənada təəccüblənim”.

Seçim komitəsi tərəfindən müsahibə mərhələsinə buraxılmış iştirakçıların elektron ünvanına artıq məlumat məktubu göndərilib və ən tez zamanda layihənin seçilən iştirakçılarının adı elan olunacaq. Layihəyə seçilməyən iştirakçılara da komitənin rəyi elektron formada vasitəsilə çatdırılacaq.

Qeyd edək ki, bu layihə Azərbaycan Kinematoqrafçılar İttifaqının, coğrafi olaraq təkcə Bakıda yox, bölgədə baş tutan 4-cü layihəsidir. Layihənin intensiv Bakı mərhələsi bitəndən sonra noyabr ayı ərzində seçilmiş iştirakçılar Qəbələ şəhərində film çəkəcəklər.

aki.az