Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə çəkilmiş İkinci Qarabağ müharibəsində həlak olmuş Ordubad şəhidlərinə həsr olunan “Şəhidlər unudulanda ölürlər” sənədli filmi nümayiş olunub. Filmdə Ordubad şəhidlərinin keçdiyi şərəfli döyüş yolundan bəhs olunur.
Oktyabrın 18-də Ordubad rayonunun Mədəniyyət sarayında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin müavini Arzu Abdullayev, Ali Məclisin deputatları, YAP rayon təşkilatının sədri, İcra Hakimiyyətinin əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri, icra nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, müharibə iştirakçıları və rayon ziyalıları iştirak ediblər.
Filmin nümayişindən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra, 18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə tədbir iştirakçıları təbrik edilib, müstəqilliyin bərpasının xalqın milli iradəsinin təcəssümü olaraq dövlətin gələcək inkişafı üçün möhkəm təməl yaratdığı nəzərə çatdırılıb. Həmçinin, müstəqilliyimizin və suverenliyimizin bərpasında vətən müharibəsinin tarixi əhəmiyyətindən bəhs edilərək əldə olunan zəfərin Azərbaycan xalqının qəhrəmanlıq və şücaət əzmini əks etdirdiyi vurğulanıb.
Daha sonra, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Tahir Tahiroviç çıxış edib. “Şəhidlər unudulanda ölürlər” sənədli filmin nümayişindən sonra, Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli filmin ərsəyə gəlməsində əməyi olanlara öz minnətdarlığını bildirib.
Azərbaycan Kinematoqrafçılar İttfaqının dəstəyilə ərsəyə gələn filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova , operatoru Emin İbrahimov, prodüseri Vidadi Rüstəmovdur.
aki.az