AKİ sədri ilə növbəti anşlaqlı görüş

Bildiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən bu il ölkəmizdə Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə “Heydər Əliyev ili” elan edilib. Bu münasibətlə il ərzində Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər planı həyata keçirilməsi nəzərdə tutulub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev keçirilən silsilə tədbirlərdə iştirak edir və Ulu Öndərlə bağlı xatirələrini, onun ədəbiyyatda, mədəniyyətdə, ümumiyyətlə bütün sahələrdə olan fəaliyyətilə bağlı öz fikirlərini mətbuat, TV kanallarında bölüşməkdədir.

Belə tədbirlərdən biri də Xalq artistinin həyat və yaradıcılığına həsr olunmuş yaradıcılıq gecəsi oldu. Aktyorun mayın 7-də keçirilən yaradıcılıq gecəsi haqqında geniş məlumat vermişdik. Tamaşaçıların xahişilə növbəti yaradıcılıq gecəsi mayın 27-də eyni məkanda – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda baş tutdu. Rasim Balayevə həsr olunan yaradıcılıq gecəsində ölkənin tanınmış incəsənət nümayəndələri, eləcə də onun sənət dostları, pərəstişkarları, tələbələr və başqaları iştirak edirdilər.
Saleh Bağırovun aparıcılığı ilə keçirilən yaradıcılıq gecəsində tamaşaçıların diqqəti öncə sənətkarın fəaliyyətinə yönəldi. Teleaparıcının yüksək peşəkarlıq nümayiş etdirərək R.Balayevin geniş fəaliyyətini bir neçə kəlməyə sığdırması, illərin təcrübəsinə baxmayaraq hələ də tamaşaçı qarşısına çıxanda həyəcanlanan ustadın bir qədər sakitləşməsinə şərait yaradır. Və həmin o an….AKİ sədri təmkinli yerişilə və əlbəttə ki, həyəcanla səhnəyə təşrif buyurur, uzun-uzadı susmayan alqış sədalarını dinləyir, əlini sinəsinə qoyaraq dəfələrlə təzim edir, gözlərində olan məsum baxışlar tamaşaçılara da sirayət edir…

Bu, Rasim Balayevin gecəsi idi, onu sevənlər bir araya gəlmişdi və hamı sənətkara olan sevgisini sözə çevirərək ifadə etməyə çalışırdı. Hələ göz yaşlarına hakim ola bilməyən tamaşaçıları demirik… R.Balayev hamıya vaxt tapıb onunla görüşə gəldikləri üçün təşəkkürünü bildirdi və yenə də təkrar etdi ki, dünyaya göz açdığı gün avqust ayına təsadüf edir, yubileyinə hələ var: “Bakı Musiqi Akademiyasının Opera studiyasında keçirilən bu tədbirlər isə sadəcə tamaşaçılarımla görüş xarakteri daşıyır. Və bu görüş Ulu Öndərin 100 illiyinə həsr olunur”. Unutmamalıyıq ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan kinosunda, teatrında, musiqisində, ümumiyyətlə ölkə mədəniyyətində olan rolu danılmazdır. Və o da təsadüfi deyil ki, Rasim Balayevin yaradıcılığında, onun fəaliyyətinin yüksək qiymətləndirilməsində Ulu Öndər böyük rol oynamışdır. Aparıcı tamaşaçıların diqqətini ekrana yönəldir, Xalq artistinin yaradıcılığını əhatə edən videoçarx təqdim edilir. Videoçarxda aktyorun “Azərbaycanfilm” kinostudiyası ilə yanaşı, digər studiyalarda çəkildiyi filmlərdən fraqmentlər nümayiş olundu.

Nəhayət, söz salonda öz növbəsini gözləyən tamaşaçılara verildi. Suallar əsasən sənət üzərində quruldu. AKİ sədri sənət haqqında olan yüksək fikirlərini, yaratdığı qəhrəman rollarına necə ustalıqla yanaşmasını vurğuladı və hər dəfə olduğu kimi, bu dəfə də “Mən Babək, Nəsimi, Beyrək, Cavid deyiləm. Bunların hər biri obrazdır və mən bacardığım qədər bu obrazları dolğun yaratmağa çalışmışam” desə də, sənətkarı dinləyən kimdir ki, çünki tamaşaçı onu artıq illərdir qəhrəman elan edib. Yaradıcılıq gecəsinin ən maraqlı məqamlarından biri tamaşaçılara 1979-cu ildə yazıçı Ənvər Məmmədxanlının ssenarisi əsasında görkəmli rejissor Eldar Quliyevin ekranlaşdırdığı “Babək” filmindən bir epizodu xatırlatdı. Həmin epizod ki, sərkərdə Babək xürrəmilərə başçılıq etdiyi dövrdə mübarizə dolu savaşlardan qazandığı qələbə zamanı ətraf bölgələrdən ona qoşulmaq üçün gələn və “Naxçıvan sənə salam deyir”, “Şirvan sənə salam deyir” və  digər yerlərin adları diqqətdən qaçmır. Yaradıclıq gecəsində də Naxçıvandan Gəncədən, Şuşadan  və b. yerlərdən olan insanların sənətkarı salamlaması insanı düşünməyə vadar edir.

Əziz Rasim müəllim, qəbul etməsəniz də, siz doğrudan qəhrəmansınız, çünki oynadığınız qəhrəman obrazları ilə tarix yazdınız və bu tarix sevgilə əhatələndi, sizi tamaşaçı gözündə ucaltdı… Qədim Şuşadan gələn tamaşaçı Rasim Balayevin 30 illik həsrətdən sonra Şuşaya ilk səfəri zamanı torpağı qucaqlayıb göz yaşı tökməsini hamıya bir daha xatırlatdı və “Dünya bir yana, Şuşa bir yana” şerini böyük yanğı ilə geniş auditoriyaya söyləməsi sözün bittiyi an idi… Sənətkar özü də şerdən duyğulanmışdı, ancaq bu sadəcə sevinc həsrəti idi, çünki biz Şuşamıza artıq qovuşmuşuq.

Gecənin gedişatında gənc rəssam Nicat Muxtarlının Rasim Balayevin zərli portret üsulu ilə çəkdiyi portretini səhnəyə gətirməsi böyük marağa səbəb oldu. Hətta hamının gözü qarşısında qaranlıq görünən cizgilərin üzərinə zər tökməklə maraqlı bir əsəri ortaya qoyması və bu məqamda sual üçün növbə gözləyən xanım tamaşaçılardan  birinin görkəmli şair Mikayıl Müşfiqin “Rəssam, sevgilimin rəsmini gəl çək” şerini gözəl bir səslə səsləndirməsi tədbirdə hamıya mənalı və poetik anlar yaşatdı.

Gecədə qonaq qismində iştirak edən AKİ katibi, Xalq artisti Həmidə Ömərova qucaq dolu gül buketini sənətkara uzadaraq onu bağrına basması salonu alqış sədalarına boğdu və sonra Rasim müəllimlə olan xatirələrini bölüşdü.

Aktrisa-rəssam, Əməkdar artist Suğra Bağırzadə R.Balayevə öz əl işlərindən olan gül rəsmini təqdim etdi.

Gənc Tamaşaçılar Teatrının aktrisası, Xalq artisti Nübar Novruzova sənətkara olan ürək sözlərini hələ Naxçıvanda uşaqlıq illərindən sənətlə bağlı olan düşüncələri, arzusuyla əlaqələndirdi və çıxışının sonunda “Rasim müəllim biz hamımız sizi sevirik” dedi.

Tədbirdə Xalq artistinin oynadığı filmlərdən, eləcə də kənar studiyalarda çəkildiyi filmlərdən olan şəkillər nümayiş olundu. Onun yaratdığı rollar, müxtəlif xarakterlərdən çıxış edərək çəkildiyi filmlərdəki obrazlar, obrazlarla olan oxşarlıqlar, ümumiyyətlə sırf sənət söhbəti gecəyə hakim kəsildi.

Saat 20.00-da başlayan gecədə hamının sual verməsinə imkan olmasa da sənətkarın sənətinə aşiq olan tamaşaçılar bundan incimədilər, hətta bəziləri sadəcə ona gül buketləri təqdim edərək  qucaqlayır və öz ürək sözlərini belə ifadə edirdilər.

Gecənin sonunda Rasim Balayev tamaşaçıları ilə xatirə şəkilləri çəkdirdi.

Və növbəti görüşlər barədə məlumat verildi.Tamaşaçı auditoriyası sənətkarı ayaq üstdə alqış sədaları ilə yola salaraq nəhayət gecənin bitməsinə icazə verdilər. Xalq sevgisinin qarşısında dayanmaq o qədər də asan deyil. Rasim Balayev bir sənətkar olaraq xalqını, millətini çox sevir və tamaşaçısıyla hesablaşır, onlara diqqət ayırır. Ona görə hər bir sənətkarın məhz tamaşaçı sevgisiylə ayaqda durduğunu yaxşı bilir və onu da yaxşı bilir ki, belə yaradıcılıq gecələri tamaşaçı ilə sənətkar arasında körpü rolunu oynayır. Sevgi, səmimiyyət üzərində qurulan belə körpülərin bünövrəsi isə çox güclü dayaqlar üzərində qurulduğu üçün əbədi və dayanıqlıdır…

aki.az