Azərbaycan Kinematoqrafçılar İttifaqı ssenari tədrisi mövzusunda daha bir kitabı yerli kinematoqrafçılara təqdim edir. Rus yazıçısı və kinodramaturqu Aleksandr Çervinskinin “Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” kitabı Azərbaycan dilində nəşr olunub.
“Yaxşı ssenarini yaxşı qiymətə necə satmaq olar?” kitabını kinossenarinin yazılış qaydaları, hekayə qurmaq üsullarından bəhs edən Voqler, Linda Seger, Sid Fild və digər məşhur müəlliflərin təklif etdikləri prinsiplərin ümumiləşdirilmiş və konkretləşdirilmiş xülasəsi adlandırmaq olar. Digər tərəfdən, müəllif ssenari haqqında yazan amerikalı həmkarlarının ideyalarına əsaslandığını bildirsə də, bu kitabın orijinallığı, onun Sovet ssenari məktəbində “realizm”, “psixoloji dram” və digər adlarla qəliblənmiş olan üzücü müşahidəçilik, məişətçilik, təfərrüatçılıq, çoxmənalılıq, finalsız sonluq kimi hallara qarşı çıxmağıdır.
“Parlaq imzalar” nəşriyyatında çapa hazırlanan kitabı rus dilindən kinotənqidçi Aygün Aslanlı tərcümə edib, redaktorları AKİ-nin İdarə Heyətinin üzvü, sənətşünas, pedaqoq Nadir Bədəlov və Toğrul Musayevdir. Layihənin rəhbəri AKİ-nin icraçı katibi Əli İsa Cabbarovdur.
AKİ yerli kinomuzda dramaturgiya problemlərini daim gündəmdə saxlayır, bu məqsədlə mütəmadi ssenari müsabiqələri və ustad dərsləri təşkil edilir. Gənc ssenaristlərə və tələbələrə dəstək məqsədilə, gələcəkdə də dərsliklərin çapı planlaşdırılır.
Kitab, tələbə və kinematoqrafçılara pulsuz təqdim ediləcək.
aki.az

