Aktyor İlqar Musayev Rusiyada seriala çəkilib
Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayev Rusiyada seriala çəkilib.
Melodrama və psixoloji dram janrında olan serial “Превратности любви” (“Sevginin təzadları”) adlanır. Çəkilişlər Moskvada və Türkiyənin Fəthiyə, Antaliya və Dalaman şəhərlərində lentə alınıb. İlqar Musayev serial haqqında danışarkən bildirib ki, bədii əsər məzmunca çox maraqlıdır: “Eləcə də çəkiliş vaxtı gözəl aktyor heyəti ilə birgə çalışdıq. Kaskadyorların hazırladığı tryuklar serialı daha da baxımlı edirdi. Serialın rejissoru Anatoli Artamonov ABŞ-də təhsil alıb və uğurlu layihələri ilə tanınır. Ekran əsərində ailədə ciddi problemləri olan və bu problemlərin ətrafındakılara öz təsirini göstərən bir insanın obrazını canlandırdım. Düşünürəm ki, serial tamaşaçıların xoşuna gələcək”. Serialın məzmununa gəlincə, əsas rollardan birini oynayan
Dana Kornilova öz işində bacarığı ilə seçilən maliyyə məsləhətçisidir. İşdə olduğu kimi, həyatda da hər şeyin hesablanmalı və planlaşdırılmalı olduğuna əmindir. Ancaq, sevgilisi tərəfindən tərk edildikdə və işdən qovulduqdan sonra başa düşür ki, artıq planlaşdırılacaq bir şey yoxdur. Beləliklə də həyatını dəyişdirməyə qərar verir və yelkənli idman növü ilə məşğul olmaq üçün Türkiyəyə gedir. Türkiyədə rus mühaciri, çimərlikdəki kiçik bir kafenin sahibi ilə və yelkənli idman məktəbinin rəhbəriylə tanış olur. Dana Türkiyədə yaşamağa və həyatında ilk dəfə hisslərinə tabe olmağa qərar verir.
Serialın ssenari müəllifi Elena Vaxruşeva, rejissoru Anatoli Artamonov,operatoru isə Roman Burdenyukdur. Rollarda İlqar Musayev, Marina Mitrofanova,
Daria Feklenko, Aleksey Nesterenko, Anton Denisenko, Maria Osipova, Olga Saxanova, Kadır Saidharun iştirak edirlər.
Serial sentyabrın 16-dan “Rossiya 1″ telekanalında nümayiş olunacaq.
aki.az