“Alagöz” beynəlxalq kinolayihələr müsabiqəsinin finalında

Ukraynanın Kino məsələləri üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə keçirilən kinolayihələr müsabiqəsində ölkəmizi “Alagöz” layihəsi təmsil edir. Müsabiqəyə təqdim olunan 16 ssenari arasında altı finalçı seçilib ki, onlar arasında “Alagöz” də var.

Prodüser və rejissor Mariya İbrahimovanın quruluşunda çəkiləcək layihə, prodüser Zeynep Atakan(“Zeyno-Film” -Türkiyə) və prodüser Olqa Matat(“Evos film”-Ukrayna) tərəfindən təqdim olunacaq.

Ukrayna Dövlət Kinematoqrafiya ekspert komissiyası ssenariyə “metaforikliyi, poetikliyi və tarixin orijinallığını”qeyd edərək səs vermiş və “sevgi və sevimli atına sədaqəti onun həyatına məna verən insanın taleyi tarixinin dramatikliyini” layiqincə qiymətləndirmişlər. Onlar həmçinin əsas qəhrəmanların təsviri üslubunun seçimini, münaqişələrin bədii doğruluğunu və onların həllini, həmçinin personajların mahiyyətini aşkar edən süjet xətlərinin strukturunu qeyd ediblər.

Filmin prodüseri Olqa Matat bildirib ki, layihə Ukrayna ictimaiyyəti üçün maraqlıdır: “Çünki Azərbaycan Tarixi Ukraynanın gerçəkliyi ilə üst-üstə düşür: “Biz Azərbaycanı özümüz kimi hiss edirik və anlayırıq. Azərbaycanın qələbəsi və öz torpağının qaytarılması bizə gələcəyə ümid verir”.

Xatırladaq ki, “Alagöz” layihəsi bundan əvvəl də bir neçə beynəlxalq müsabiqədə iştirak etmişdi. Belə ki, layihə Portuqaliyada FEST –New  Directors/New Films festivalında qalib gəlmiş, Odessa Beynəlxalq Film Festivalında təqdim edilmiş və Berlin Film Festivalının co-Production Market Talents bölməsində iştirak etmək üçün seçilmişdir.

Son olaraq qeyd edək ki, Ukraynada qələbə qazanacağı təqdirdə, “Alagöz” layihəsi Ukraynanın Kino məsələləri üzrə Dövlət Agentliyi tərəfindən qismən maliyyələşdiriləcək və İstehsalatda Ukrayna kino mütəxəssisləri də iştirak edəcəklər.

aki.az