Amaliya Pənahovanın yaşadığı binanın qarşısında barelyefi açılıb

2 avqust görkəmli teatr və kino xadimi Amaliya Pənahovanın(1945-2018) yaşadığı binanın qarşısında(Fikrət Əmirov 1 ünvanı) barelyefinin açılış mərasimi oldu.

Açılış mərasimində Mədəniyyət naziri Anar Kərimov, Yazıçılar Birliyinin sədri Anar, Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Rasim Balayev, Akademik Milli Teatrının direktoru Azərpaşa Nemətov, Milli Məclisin deputatı, professor Şəmsəddin Hacıyev, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani, Xalq artistləri Nurəddin Mehdixanlı, Hacı İsmayılov, rejissor Mərahim Fərzəlibəyov, Bələdiyyə Teatrının kollektivi, kinorejissor Elxan Qasımov, yazıçı Əmir Pəhləvan, Xalq artisti, AKİ katibi Həmidə Ömərova, rejissor, AKİ katibi Əli İsa Cabbarov, rejissor Firəngiz Qurbanova, eləcə də Amaliya xanımın övladları – diplomat, hüquqşünas, İlqar Muxtarov, Bələdiyyə teatrının direktoru Aynur Muxtarova iştirak edirdilər.

Mərasimi açıq elan edən rejissor Elxan Qasımov Amaliya Pənahova yaradıcılığından bəhs edərək ilk sözü Mədəniyyəıt naziri Anar Kərimova verdi.

A.Kərimov: “Amaliya xanım 40 il teatr sahəsində çalışdığı dövrdə bir-birindən maraqlı və yaddaqalan obrazlar yaratmışdı. Onun yaşadığı binada barelyefinin qurulması dövlət tərifindən unudulmaz sənətkarımızın fəaliyyətinə göstərilən diqqətin göstəricisidir. Azərbaycan dövləti və xalqı Amaliya Pənahovanın xatirəsini daim əziz tutur, mədəniyyətimizin inkişafındakı xidmətlərini təqdir edir. Görkəmli sənətkarın teatr sahəsindəki əzmkar fəaliyyətinə diqqət çəkən nazir söyləyib ki, bundan sonra da teatr sahəsində Amaliya xanım kimi, onun yetişdirdiyi sənət adamları fədakarlıq göstərərək yolunu davam etdirəcək, arzularını həyata keçirəcəklər.

Xalq yazıçısı Anar Amaliya Pənahovanın həyat və fəaliyyətindən söz açaraq qeyd edib ki, onun ifa etdiyi rollar yaşayır və bundan sonra da yaşayacaq: “Bir arzusu var idi ki, Təhminə roluna yenidən çəkilsin. Ancaq amansız həyat buna imkan vermədi. Nə yaxşı ki, bizim həyatımızda, ömrümüzdə Amaliya Pənahova kimi insan var idi”.

AKİ katibi Rasim Balayev aktrisanın sənət fədaisi olduğunu xüsusilə vurğuladı: “Amalya Pənahova kimi fədakar, özünü sənətə həsr edən ikinci bir adam tanımıram. Mübaliğəsiz deyirəm. Çünki o, səhər, günorta, axşam teatrda olur, kinoya çəkilir, dublyajda iştirak edir, televiziya tamaşalarında çəkilirdi və s. Bir sözlə, özünü sənətə fəda edirdi. Çox gözəl tərəfmüqabili idi. Hətta sonralar öz teatrını yaratdı və həmin teatrının kollektivini öz balaları kimi qoruyurdu, onlara gözəl bünövrə qoydu”.

Milli Məclisin deputatı Şəmsəddin Hacıyev aktrisanın siyasi fəaliyyətindən də söz açdı: “Amaliya xanımın sənət fəaliyyəti teatr ilə məhdudlaşmırdı. Onun fəaliyyəti çoxşaxəli idi. Amaliya xanım Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yaxından iştirak edirdi. Özünəməxsus bir məktəb formalaşdırmışdı. O, xalqına sənəti kimi bağlı insan idi. Onun həyat və fəaliyyəti həm də çoxmənalı idi. Dövlətimiz də daim Amaliya xanımın fəaliyyətini yüksək qiymətləndirib”.

H.Ömərova qeyd etdi ki, Amalıiya Pənahova Azərbaycan xalqının çox sevdiyi və dəyər verdiyi sənətkarlardan biridir: “Fəxr edirəm ki, onunla yaxından tanış idim. Sevincli, kədərli günlərində yanında olmuşam. Bu günkü kino günündə onun yaşadığı binanın qarşısında barelyefinin açılışında iştirak etmək, onu sevən bütün sənət dostları ilə bir araya gəlmək özü bir daha sübut edir ki, Amaliya xanım gözəl insan, böyük sənətkar idi”.

Yazıçı Əmir Pəhləvan Amaliya xanımın Azərbaycan mədəniyyətinin ən parlaq aktrisalarından biri olduğunu xüsusilə qeyd etdi: “Aktrisalıq fəaliyyətilə yanaşı, eyni zamanda ictimai-siyasi xadim idi. O, Azərbaycan teatr sənətində teatrın kraliçası hesab olunurdu. 1970-1980-ci illərin teatr tamaşalarında rejissor işinə, mövzunun aktuallığına nə qədər çox tamaşaçı gəlirdisə, bir o qədər də aktyora, aktrisaya görə teatra axın var idi. Bu baxımdan da Amaliya Pənahovanın öz tamaşaçısı var idi və ona görə teatra gələnlər hər zaman çoxluq təşkil edirdi. O, öz ifası ilə tamaşaç mövcud olan boşluğu doldururdu, tamamlayırdı. Buna görə də onun teatr sənətində özünəməxsus yeri olub”.

Hacı İsmayılov aktrisa haqqında olan xatirələrini yada saldı: “1961-1962-ci illərdə Teatr İnstitutuna qəbul imtahanları var idi və kursu görkəmli pedaqoq, görkəmli sənətkar Adil İsgəndərov aparırdı. Həmin il qəbul olunmaq mənə qismət olmadı. Həmin kursda Amaliya Pənahova, Elxan Qasımov, Əbdül Mahmudbəyov və b. var idi. Sonralar onunla teatrda uzun illər bərabər çalışdıq. İlk dəfə teatrda İlyas Əfəndiyevin pyesi əsasında Tofiq Kazımovun səhnələşdirdiyi “Sən həmişə mənimləsən” tamaşasında onun oynadığı Nargilə obrazı böyük bir teatr hadisəsi oldu və Amaliya xanımın yaradıcı fəaliyyətində böyük rol oynadı. Ümumiyyətlə onunla səhnədə tərəfmüqabil olmaq hər bir aktyor üçün böyük xoşbəxtlik idi ki, bu, mənə də qismət oldu. Belə tamaşalardan biri də “Büllur sarayda” tamaşası idi. Amaliya xanım tamaşada Aynur obrazını yaradırdı. Təsəvvür edin ki, bu tamaşa 400 dəfə anşlaqla nümayiş olundu. Hər tamaşa onun üçün sanki bayram idi. Böyük aktrisa idi və ömrünün axırına qədər yorulmadan, dayanmadan özünü sənətə həsr etdi”.

Qeyd edək ki, mərasimdə çıxış edənlərin hər biri unudulmaz sənətkarla bağlı xatirələrini bölüşdü, onun sənət dünyasından bəhs etdilər. Çıxışlarda Amaliya xanımın, eyni zamanda bacarıqlı rejissor kimi də özünü sınaması və bunun nəticəsi olaraq sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş verməsindən bəhs olundu.

HAŞİYƏ: Amaliya Pənahova 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib və onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün hər cür lazımi şərait yaradıb. Eyni zamanda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gənc aktyorlar nəslinin yetişməsi üçün bir alim olaraq böyük əmək sərf edib. O, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Mərasimin sonunda müəllifi heykəltəraş, Xalq rəssamı Natiq Əliyev olan barelyefin açılışını bildirən qırmızı lent kəsildi.

Xatırladaq ki, Amaliya Pənahovanın barelyefi Nazirlər Kabinetinin 21 iyun 2019-cu il tarixli sərəncamına əsasən hazırlanıb. Sərəncamda sənətkarın yaşadığı binaya onun xatirə lövhəsinin vurulması Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılmışdı.

aki.az