Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, “HoçazFilm” kinostudiyasının rəhbəri, kinorejissor Amil Amal öz layihələri ilə bağlı narahatlığını bölüşür.
Azərbaycan kinosunun bu gün yaşadığı əsas problem, sənəd mərhələsindən sənət mərhələsinə keçidlə bağlıdır. Sanki cəmi bir hərf – “D”dən “T”yə keçid – bu yolun önünü açır. Amma elə bu bircə hərfin dəyişməsi qədər bəsit görünən məsələ, əslində, bütün kino sistemimizin düyün nöqtəsidir.
Kinomuza maliyyə ayıran qurum – Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) – bu gün dövlət dəstəyilə film çəkmək istəyən onlarla yaradıcı insanın qarşısında “qapalı sənəd qutusu”na çevrilmək təhlükəsilə üz-üzədir. Çünki bu gün ARKA-nın sistemi istedadı, sənəti yox, sənədi qiymətləndirir.
Yaxın aylarda ARKA-ya Rəşad Əzizov direktor təyin olundu. Ümid edirəm ki, bu yeni rəhbərlik bizi – yeni nəsil, çağdaş, axtaran, bəzən də yanılan, amma ruhunu qoruyan kinematoqrafçıları dinləyəcək.
ARKA-nın post-prodakşn dəstəyi müsabiqəsinin qaliblərilə müqavilələrin gecikməsi ilə bağlı paylaşımımdan bir gün sonra pozitiv reaksiya oldu. Ancaq 10 gün keçəndən sonra ümidsizliyə qapandım. Paylaşımımdan cəmi bir gün sonra bir çox şirkətlərlə müqavilə bağlanması barədə fotolar yayımlandı, lakin Laçında fəaliyyət göstərən “HoçazFilm” studiyasına heç bir müraciət və ya zəng olmadı. Yalnız bir neçə gün sonra məktub aldıq – bu da əvvəlki müsabiqə üzrə maliyyə məsələləri hələ də tam həll olunmamışkən, yeni müsabiqəyə dair sənəd istəyi idi. Daha təəccüblüsü odur ki, 3 aydır cavabsız qalan bir prosesin əvəzində bizdən yeni müsabiqə ilə bağlı cəmi 5 gün ərzində 10-12 sənəddə texniki düzəliş etməyimiz tələb olunur. Tələb olunan dəyişikliklər isə əsasən pitçinq mərhələsini keçmiş, müsabiqənin daha çox üçüncü mərhələsi ilə – istehsalatla bağlı olan sənədlərlə əlaqədardır. Halbuki bu hələ birinci mərhələdir. Bu cür uyğunsuz yanaşmalar həm yaradıcı prosesə, həm də regionlarda, xüsusi ilə vergidən tam azad olunan Laçın şəhərində film istehsalının təşviqinə ciddi maneələr yaradır.
Düzünü deyim, sadəcə əziyyətimə heyifim gəlir. “HoçazFilm”in iki illik fəaliyyət göstərdiyi dövrdə kinostudiyamıza çox təəssüflər olsun ki ARKA-dan bir nəfər olsun belə məsul şəxs gəlib bizim fəaliyyətlə tanış olmayıb. Ölkənin birinci şəxsi, Cənab Ali Baş Komandanın və Birinci xanım Mehriban Əliyevanın şəxsən açılışını etdiyi və xeyir-duasını verdiyi kinostudiyaya aidiyyəti olan qurum bu iki il ərzində bizə yad münasibət bəsləyib. Kənardan hər şey, əslində, çox isti, çox yaxın görsənib. Halbuki bunun səbəbkarı özüm olmuşam. ARKA-nın əvvəlki rəhbəri Orxan Fikrətoğlunun və müavini Rüfət Qarazadənin Türkiyədə keçirilən beynəlxalq film festivalları ilə, “Türkiyə Sinema Genel Müdirliyi” ilə, “Hak İş Konfederasyo”nu ilə əlaqələrini qurmasında şəxsən təşəbbüs göstərmişəm. Ancaq nə fayda…
Studiyamızı bu 2 il ərzində regionda (Laçın, Şuşa, Xankəndi) keçirilən beynəlxalq tədbirlərlə bağlı ziyarət edən yüzlərlə tanınmış dövlət xadimləri, diplomatlar, nazirlər, səfirlər, xarici diaspora nümayəndləri, komitə rəhbərləri və neçə-neçə tanınmış şəxslər olub. Ancaq onların içərisində çox-çox təəssüf ki, nə Mədəniyyət nazirliyinin film, video, videooyunlar sektorunun müdiri – Günay Rəhimovanın, nə də ARKA-nın məsul şəxsləri olmayıb. Neçə dəfə dostyana və şifahi cəhdlərimə baxmayaraq etdiyim bütün cəhdlərim cavabsız qalıb.
İşğaldan azad edilmiş torpaqlarımızda ilk və hələ də yeganə olan kinostudiya “HoçazFilm” Laçın şəhərində fəaliyyət göstərir. Sərhədə, düşmənin gözünün içinə baxan bir mədəniyyət istehsalat nöqtəsi. Bu studiya təkcə fiziki məkan deyil, həm də siyasi və ideoloji mövqedir. Buna baxmayaraq studiya iki il ərzində dövlətdən maddi dəstək almayıb. Halbuki bu, təkcə yaradıcılıq aktı deyil, bu, dövlətin ideoloji sərhəd xəttində öz mədəniyyətini qurmasıdır. İnanıram ki, özəl studiya olaraq yaradılan bu quruma dövlət dəstəyi olacaq. Tikilib, xərc qoyulub, yaradılıb, qalır dəstək vermək. Dəstək olmadan heç nə baş verməyəcək.
Yaxın aylarda Laçın şəhərində keçirilən tədbirlə bağlı AKİ sədri, Xalq artisti Rasim Balayev və İdarə Heyətinin üzvü, Xalq şairi Baba Vəziroğlu studiyamıza baş çəkdilər. Onların heyrəti hələ də gözlərimin önündədir. Bu məni çox sevindirdi, mənə ruh verdi. Çünki adi mənəvi dəstək belə adama ilham verir, yaradıcılıqla məşğul olmağa sövq edir.
Studiyamızın yaranmasında yeganə bir insan var ki, bu studiyanı böyük bir eşqlə qurdu və hələ də onun ayaqda qalmasını təmin edir: Bu şəxs Bakı Abadlıq Xidmətinin rəhbəri – Bünyad Qasımovdur. Laçın şəhərini səkkiz ay ərzində quran və bütün əziyyəti öz çiyinləri üstündə daşıyan şəxs… Özü də bunları elə bir çətin vəziyyətdə, demək olar, Laçının mühasirədə olduğu bir müddətdə etdi.
Mən ona Laçın şəhərində kino haqqında danışmaq istədiyimi deyəndə, özümü ona Laçın şəhərindən olan bir kinorejissor kimi təqdim edəndə, o, əvvəlcə meyvə anqarı kimi nəzərdə tutulan məkana baxmağı və “Oradan kinostudiya olarmı?” deyə məndən soruşdu: “Olar dedim”, “Başlayaq” dedi. Jurnalist Lalə xanım Əliyevanın da studiyamızın yaranmasında əməyi var. “Başlayaq” deyiləndən sonra “Olsun kinostudiya” dedi, Bünyad müəllim. Var gücümüzlə başladıq. Daha sonra başqa insanlar da kömək etməyə çalışdılar, demirəm hər şey asan oldu, problemlər oldu, hətta çəkişmələr belə oldu. O çəkişmələr ki, indi mənə doğma və şirin gəlir. Ancaq əsas odur ki studiya quruldu, yaradıldı.
Studiyamız bu gün öz gücü ilə iki film istehsal edə bilib. Biri hal-hazırda Azərbaycan kinosu üçün çox vacib olan qısametrajlı uşaq bədii filmidir. İkinci film isə tammetrajlı bədii-sənədli film. Və nəhayət ki, sevindirici xəbəri aldıq: ilk tammetrajlı filmimiz – Qarabağ qubernatoru” (indiki adı ilə “Laçın, mən və Qubernator”) — ARKA-nın post-prodakşn mərhələsi üçün elan etdiyi müsabiqədə qalib oldu. Ancaq bu qələbədən 3 ay keçməsinə baxmayaraq bir manat belə almadıq. Yəni, həm qalibik, həm yox kimiyik. Bu artıq nə sənəd, nə sənət məsələsidir. Bu, niyyətsizlik problemidir.
Ümumiyyətlə, dövlətin dəstək formaları asanlaşmalı, gecikdirilməməli və heç olmasa, Türkiyə praktikası tətbiq olunmalıdır. Qardaş ölkədə bu ilin 3-5 may tarixlərində İzmir şəhərində keçirilən Beynəlxalq Turan Film Festivalında jüri kimi iştirak etdiyim zaman, Türkiyənin Kino Agentliyi (Tükiyə Sinema Genel Müdiri) baş direktoru Birol Güvənlə ikinci dəfə görüşdüm. Onunla keçən il də görüşəndə “HoçazFilm” haqqında danışmışdım. Ancaq o da bizə dəstək göstərilməsi üçün əvvəlcə özümüzünkülərin bizə dəstək olmaq şərtini sözarası mənə demişdi. Danışıqlar əsasında onların sisteminin daha asan olduğunu görürdüm. Onlarla birgə iş ərsəyə gətirməyə keçən ildən çalışmışam, amma türklər özləri də bizdə kino sisteminin çox çətin olduğunu, yersiz uzadılmaların şahidi olurlar. Buna görə də ortaq layihələrə belə səy göstərmək, vaxt itkisindən başqa bir şey deyil. Halbuki türklərlə də birgə layihəmiz olduğu halda hələ ki heç onu müraciətini belə etməmişəm.
ARKA-nın bu ilin iyununda yekunlaşmış bir müsabiqəsi var, ora qatılmağa 1 layihə üçün 36 sənəd tələb olunurdu. Düzdür, həmin sənədləri 1-2 həftəyə yığmaq olar. Amma gülünc olan nədir? Sənədli film üçün storibord tələb olunur. Bu, o qədər qeyri-peşəkar və absurd bir yanaşmadır ki, sanki bu sənədləri kino mütəxəssisləri yox, qeyri-peşəkarlar tərtib edib. Bu qaydalar bizi bir yerə aparır: rejissor – prodüser olur, prodüser – rejissor olur, amma film doğulmur. Sənədlər sənəti udur. Jorj Poltinin məşhur “36 dramatik vəziyyət” nəzəriyyəsi var. Təsadüfdən ARKA-nın da dəstək üçün prodüserlərdən istədiyi sənədlərin sayı 36-dır. Ölkədə ciddi prodüserlər barmaqla sayılası qədər olduğu üçün, öz filminin keyfiyyəti üçün, öz filminin maliyyəsinin düzgün xərclənməsi üçün rejissorlarımız məcburiyyətdən, yaxud elə bilərəkdən özləri prodüser olmalı olurlar. Məncə düzgün də edirlər. Amma rejissor ilk növbədə oturub 36 dramatik vəziyyətlə məşğul olmalıdır, 36 sənədlə yox.
Bugünkü ARKA-nın kinoya dəstək sistemi paradoksal bir mexanizm üzərində qurulub: sən film çəkməyə maliyyə istəyirsən, amma bu yardımı almaq üçün artıq həmin film üçün sənədləri toplamış, pul xərcləmiş, hətta tam səviyyədə hazırlığı bitirmiş olmalısan. Yəni, dəstək almaq üçün əvvəlcə özün-özünü maddi dəstəkləmək gücündə olmalısan. Bu da filmin haradasa 30-40%-i deməkdir. Bu yarışa yalnız maddi resursu olanlar qoşula və sənəd yükünü daşıya bilirlər. Sənətkarlıq yox, sənədçilik tələb olunur.
ARKA-nın indiki sistemi, istedadlı, amma maliyyə baxımından çarəsiz kino adamlarını kənarda qoyur. Bu strukturun son vəziyyəti qətiyyən yaradıcılığı təşviq etmir. Kino sənəti sənədlə yox, niyyətlə və yaradıclıqla başlamalıdır.
Məsələ təkcə bu deyil.
Beynəlxalq qrant layihələrində — məsələn, Avropa film fondlarında — sənədləşmə cəmi 5–6 sənədlə yekunlaşır. Maksimum 10. Onların da çoxu yaradıcı sənədlərdir: ssenari, sinopsis, loqlayn, rejissor şərhi, mudbord və vizual yanaşma. Çünki kino rejissor sənətidir.
Bütün mövzularda problematikanı görən, ideyanı hər an nəfəsində hiss edən,ssenarini yazan, təkmilləşdirən, vizual dili quran, ritmi verən, mizanı düşünən, aktyoru, çəkiliş meydançasını idarə edən – rejissordur. Və məhz yalnız bircə şəxs – rejissor filmin ruhudur.
Bizdə isə sistem elə qurulub ki, ideyanı verən, inkişaf etdirən və qoruyan rejissor axırda öz filminə belə sahib çıxa bilmir. Çünki bizdə sənət yox, sənəd istənilir. Çünki bizdə heç prodüser də yox, inzibatçı-prodüser tələb olunur. Çünki ayrılan 6 milyon manatlıq dövlət dəstəyi daha çox inzibatçılığa, “tədbirlərə”, “daxili münasibətlərə”, “əlaqələrə” sərf olunur.
Bu ölkədə kino düşünən prodüser demək olar ki, çox azdır, yetişməyib. Prodüser ideyanı, rejissoru axtarıb tapan şəxsdir. Bizdə isə tərsinədir. Ciddi prodüser sayı 2–3 nəfəri keçmir. Texnika var, ssenarilər yazılır, həvəsli, öz gözü və dünyagörüşü olan zövqlü rejissorlarımız var. Amma kino çəkilmir. Yaxşı kino, demək olar ki, yox dərəcəsindədir.
Bu vəziyyət:
– Rejissorları uzaqlaşdırır
– Rejissor–prodüser münasibətlərini gərginləşdirir.
– İstehsalatı sıfıra endirir və ya keyfiyyətini aşağı salır.
– Və nəticədə Azərbaycanın ən gözəl dramaturji hekayələri kağızda qalır.
Şükür ki Tanrı mənə daha başqa bir istedad verib. O istedad ki, bu sahədə onun hesabınayam. Halbuki hələ özümü kinoda tam hesab etmirəm. Çünki daha dərin, daha ciddi mövzularıma hələ ki özüm öz içimdə baxa bilirəm. Yazdığım minimalist şeirlərim olmasaydı əmin edirəm ki, bəlkə də ürəyim çoxdan dayanmışdı. Şeirə bənzəyən hokkularımla hərdən təsəlli tapıram. Ancaq elə anlaşılmaz, izaholunmaz ifadələr var ki onu sən ancaq kinematoqrafik görüntü ilə verə bilərsən. Kamera ilk baxışda bir göz kimidir. Sükutla baxar, yadda saxlayar və insanın içindəki sirri üzə çıxarar. Rejissor üçün film, danışa bilməyənlərin fəryadıdır, baxa bilməyənlərin gözüdür.
Məsələn, mənim Qarabağa, Böyük Qayıdışla bağlı iki tammetrajlı bədii ssenarim tam hazırdır. Amma heç birini çəkə bilməmişəm.
“Arılar və Adamlar” adlı tammetrajlı bədii film layihəm Mədəniyyət Nazirliyi və ARKA-nın 2023-cü ildə birgə keçirdiyi kino müsabiqəsində 456.000 manatlıq büdcə ilə qalib gəldi. Amma o film hələ də çəkilməyib. Çünki bu layihəni təqdim etdiyim “SFN Production” şirkətinin direktoru ilə yollarımı ayrmaq məcburiyyətində qaldım.
İki il ərzində böyük zəhmət çəkdiyim bu layihə üzərində təkcə ssenari baxımından yox, deyərdim – qaçqınçılıqdan tutmuş bu günə kimi öz yaşadıqlarımı, öz dünyamı inşa etmişdim. Hətta bu layihəni türk kinosunun tanınmış adı – “Süd”, “Yumurta” və “Bal” trilogiyasının müəllifi, kinorejissor Semih Kaplanoğlunun laboratoriyasında (məhz Mədəniyyət Nazirliyinin təşkil etdiyi) onunla birgə müzakirə etmişdim, inkişaf etdirmişdim. Daha sonra, ssenarist kimi tanımış yazıçımız, həmyerlim Şərif Ağayarı və Aleksandr Mittanın kurslarını bitirən peşəkar ssenarist-pedaqoq Pərviz Məmmədovun da redaktorluğu ilə ssenarini daha da dərindən təkmilləşdirdim. Lakin nə Mədəniyyət Nazirliyi, nə də ARKA bir dəfə də olsun bu sadə sualı verməyib: “O ssenari necə oldu?”
Amma İzmir şəhərində Beynəlxalq Turan Film Festivalında Semih Kaplanoğlu məni görəndə ilk sualı bu oldu: “O ssenari necə oldu?”
Bu sual həm mənə böyük bir təsəlli idi, həm də çox sarsıdıcı zərbə. Çünki məhz o film layihəsi üzərində mənim əsl kimliyim, rejissor imzam və 10 ildən çoxdur yığdığım təcrübə dayanırdı. Rejissor kimi öz ideyama, baxışıma, sözümə sahib çıxmaq istədim. Nə bədii şurada nə də ARKA rəhbərliyində bir nəfər olsun belə məni anlamadı. Bəlkə də anladılar ancaq gör neçə aylar keçib ancaq bir nəfər belə bu haqda düşünmək belə istəmir.
Heç kimə nəinki ideya, 2 il əziyyəti çəkilmiş ssenari maraqlı deyil, hətta düzgün strategiyanı qurmaq belə. Şərif Ağayarla demək olar gecə-gündüz o ssenari üzərində birgə çalışmışıq. Daha sonra bir neçə sənət dostlarımın fikirlərini, qeydlərini almışam.
Biz yaradıcı insanlar çox həssasıq. Amma bu həssaslığa qarşı bəzən elə kobud və laqeyd davranışlarla rastlaşırıq ki, insan sənətdən çəkilmək, hər şeyin daşını atıb müstəqil işləmək istəyir. “Müstəqil işləmək, çox zaman, ətrafında səssiz adamların çox olduğu bir səhnədə tək monoloq söyləmək kimidir. Bəzən feysbukda statusda paylaşdığın bir problem, bir hiss – illərlə içində gəzdirdiyin dərdin bir kənara tökülməsidir. Amma o an görürsən ki, ən çox güvəndiklərin susur, yad olur. Dərdini bilənlərin belə susduğu yerdə, sən daha nə çəkə bilərsən axı? Ancaq zamanla bütün bunları unuduram, unutmaq istəyirəm. Mənim birdən-birə partlamalarımı ümumiyyətlə, ətrafımda nəinki dostlarım heç sevdiklərim də başa düşməyib. Dağın məgər vulkan püskürmələri hər gün, hər ilmi olur? Məncə yaradıcı adamın vulkanik püskürməsi, alovlanması, partlaması mütləq şəkildə olmalıdır. Olmasa, yaxşı ədəbiyyat da, film də olmaz.
Çoxdan yazdığım bu bapbalaca şeir kimi:
Hara baxır axı bu polislər?
Bu boyda partlayan ürək
gəzdirirəm üstümdə.
*****
Amma problemlər bununla bitmir. Qalib gələn layihələrə vəsait birbaşa verilmir, hissə-hissə ayrılır. Bu isə istehsalın dinamikasını, planlamanı, motivasiyanı və ümumiyyətlə çəkiliş prosesini pozur. Rejissor və prodüser daimi bürokratik dövriyyəyə məhkum olur.
Budan savayı, Mədəniyyət Nazirliyi ARKA-dan kənarda, heç bir müsabiqə keçirmədən öz istədiyi prodakşnlara və rejissorlara film sifarişləri verir. Sual yaranır: bu sifarişlər hansı əsasla verilir? Rejissorlar və prodakşnlar necə və nəyə əsasən seçilir? Deyilənə görə, hüquqi cəhətdən qanunidir. Ancaq bu ölkədə film çəkmək istəyən MMC-lər sənəd-sünəd, 36 bəndlik şərtlə baş sındırırsa, maliyyəni almaqla bağlı çətinliklərlə üzləşirsə, digər tərəfdə kimsə təkcə münasibətlərə əsasən sifariş alırsa – bu açıq-aşkar ədalətsizlikdir.
Bu həm sənət adamları arasında etimadı məhv edir, həm də rejissorlar arasında ədavət toxumu səpir.
Əgər şərt qoyulursa, hamıya eyni tətbiq edilməlidir. Əgər eyni tətbiq olunmursa, heç olmasa şərtlər sadələşdirilməlidir. Bu qədər ağır və qeyri-şəffaf sistem nəticəsində bu gün işğaldan azad olunan torpaqlarımız, 44 günlük zəfərimiz və Böyük Qayıdış haqqında ciddi və keyfiyyətli filmlərimiz yoxdur. Təəssüf ki, telefilm səviyyəsində çəkilən işlər statistikanı doldurmaq üçündür, sənəti irəli aparmır.
Bu sistem prodüserlə rejissor arasında da gərginlik yaradır. Halbuki çəkiliş meydançasında əsas söz sahibi rejissor olmalıdır. Çünki filmin mizanı, dramaturgiyası, ritmi, ruhu — rejissorun əllərində formalaşır.
Dövlət tərəfindən hər il 6 milyon manat vəsait ayrılır. Bu, Cənab Prezident İlham Əliyevin Azərbaycan kinosuna göstərdiyi diqqətin təzahürüdür. Amma bu məbləğin vaxtlı-vaxtında istehsalata yönəlməsi, şəffaf və sadələşdirilmiş sistemlə bölüşdürülməsi, kinoya etimadın geri qayıtması üçün vacib şərtdir.
Əgər bu struktur forması dəyişərsə, əminəm ki, yaxın gələcəkdə həm yerli tamaşaçının, həm də beynəlxalq auditoriyanın tanıya biləcəyi keyfiyyətli, orijinal Azərbaycan filmləri ortaya çıxacaq.
Amil Amal

