Anar Kərimov Mədəniyyət naziri təyin edildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Anar Qabil oğlu Kərimov Mədəniyyət nazirinin birinci müvini vəzifəsindən azad edilib. Prezidentin digər sərəncamına əsasən isə Anar Kərimov Mədəniyyət naziri təyin edilib.

A.Kərimov 1998-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb.

2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İnsan Haqları, Demokratikləşmə və Humanitar Məsələlər İdarəsində attaşe, üçüncü katib vəzifəsində çalışıb.

2004-2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı Səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləyib.

2008-2009-cu illərdə Xarici İşlər Nazirliyinin Humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışıb.

2010-2014-cü illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin müşaviri, müvəqqəti işlər vəkili vəzifələrində fəaliyyətini davam etdirib.

2014-cü ilin may ayının 23-də Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəsi təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 20 iyul tarixli sərəncamlarına əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti ona həvalə olunmuşdu.

aki.az