Anar Kərimov: Azərbaycan Respublikası Kino Agentliyi yaradılacaq
“Azərbaycanda kino konsepsiyası yenidən işlənib və konsepsiya müvafiq dövlət qurumları ilə razılaşdırma mərhələsindədir”. Bunu REAL-a eksklüziv açıqlamasında Azərbaycan Respublikasının Mədəniyyət Naziri Anar Kərimov bildirib.
A.Kərimov kino konsepsiyada 3 önəmli məsələnin olduğunu xüsusilə qeyd edib: “Birincisi kino konsepsiyanı yaratmaqda əsas məqsəd kino sənayesində müasir tələblərə cavab verən şərait yaratmaqdan ibarətdir. İkincisi hüquqi bazanın yaradılması və təkmilləşdirilməsidir. Hal-hazırda Milli Məclislə bu barədə danışıqlar aparılır. Bəlkə də Milli Məclisin payız sessiyasında Kino haqqında qanunun ilkin layihəsini təqdim edək və müzakirəsini keçirək. Üçüncüsü isə bu sahədə çalışan insan resurslarının təkmilləşdirilməsi və gücləndirilməsidir ki, bu məsələyə də kino konsepsiyasında xüsusi yer ayrılıb. Cəmiyyət üçün ilkin açıqlamanıda vermək istərdim ki, planımızda Azərbaycanda Kino Agentliyinin yaradılmasıdır”.
Nazir onu da qeyd edib ki, yaradılacaq Azərbaycan Respublikası Kino Agentliyinin(ARKA) əsas məqsədi bu sahəyə investisiyaların, sərmayələrin cəlb olunması, xarici investorları kino sənayemizə cəlb etmək və bununla da Azərbaycan kinosunun inkişafına nail olmaqdır: “Eyni zamanda biz kino konsepsiya çərçivəsində xarici kinostudiyaların Azərbaycanda filmlərin çəkilməsini təşfiq edən bir platformadır ki, bunun da üzərində çalışırıq. Ən önəmli məsələlərdən biri də odur ki, hazırda Vətən müharibəsi ilə bağlı müsabiqə elan edilib. “Böyük qayıdış” kontekstində Azərbaycanda qısametrajlı, bədii, sənədli və animasiya filmləriylə bağlı müsabiqədir. Burda da məqsəd vətənpərvər ruhlu filmlərin çəkilişinə start verməklə milli ruhu təbliğ etməkdir. Mədəniyyət Nazirliyi olaraq müsabiqə vasitəsilə həmin yaradıcı insanlara dəstək olmaq istəyirik”.
aki.az