Anarın “Yaşamaq haqqı”!
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, xalq yazıçısı Anarın “Yaşamaq haqqı” tarixi-kulturoloji traktatı işıq üzü görüb.
Azərbaycanın qədim dövrdən bu günümüzə qədərki tarixini əhatə edən kitabda ümumtürk tarixinə ekskursiya olunur.
Yazıçı kitaba səkkiz il(2011-2019) ərzində yazdığı “Yaşamaq haqqı” traktatından başqa, müxtəlif vaxtlarda qələmə aldığı bir neçə yazısını da əlavə edib.
Amerika Universitetində oxuduğu “Azərbaycançılıq haqqında düşüncələr” mühazirəsi traktatdakı müəyyən ideyaların və tezislərin yığcam ifadəsidir. “İpək yolu” yazısı Türk dünyasının mənəvi və mədəni inteqrasiyasına, bu yolda görüləcək əməli işlərə həsr olunub.
Ümumiyyətlə isə “Yaşamaq haqqı” kitabı əslində avtobioqrafiq xarakterdədir. Kitabda yer alan “Ömrümün Qobustan illəri” “Otuz il” və bir müsahibə – “Meydan” – Anar ömrünün əsas mərhələlərini faktlarla işıqlandırır.
Həyat təcrübəsinə və dərin mütaliəyə dayanan yazıçı, əsərdə xalqımızın millət olaraq formalaşması, dil problemi, Azərbaycanın ikiyə parçalanması, əsrlər boyu Azərbaycanın başına gətirilmiş bəlaların ədəbiyyatımıza, incəsənətimizə necə sirayət etdiyini, Qarabağın işğalı, 20 Yanvar, Xocalı faciəsi kimi qanlı-qadalı, ağrılı-acılı hadisələrin kökündə hansı məkrli niyyətlərin gizlənməsi kimi mə2amlara toxunur, Azərbaycan tarixinə müxtəlif rakurslardan işıq salır.
Anar kitabı iki əsrin ayrıcında qələmə alınmış “XX əsrin son bədbin şeri” və “XXI əsrin ilk nikbin şeri” ilə tamamlayır.
Tərk edirəm iyirmini
Tərk edirəm İki mini
Tərk edirəm Vətən kimi,
Ümidimi, həsrətimi yeni əsrə daşıyıram.
Düşmənlərin acığına yaşamışam, yaşayıram.
İyirmi bir – yeni Vətən
Min illərin sərhədini mən aşacam
Yaşamışam, yaşayıram, yaşayacam…
Və yekun sözü kimi səslənən şer yalnız xalqın deyil, müəllifin də yaşamaq haqqını təsdiq edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı