Bu gün ölkəmizdə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım günüdür, həmin tarixdən 5 il keçir…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 2-də imzaladığı “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” sərəncama əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, ümumiyyətlə isə bütün şəhidlərimizin əziz xatirəsinə dərin hörmətin, ehtiramın ifadəsidir. Onu da xüsusilə qeyd etmək lazımdır ki, ölkəmizdə hər il şəhidlərin əziz xatirəsinin Anım Günü kimi qeyd olunması heç də təsadüfi deyil. Məhz ona görə ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın qətiyyətli mövqeyinin, xalqımızın məğrurluğunun, yenilməzliyinin, torpağa bağlılığının, Vətən sevgisinin təqdimatı idi.
Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməyi bacardı. Bu birliyin, əzmkarlığın nəticəsidir ki, düşmənə sarsıdıcı zərbələr endirməyi bacardıq, Ordumuz şəhidlərimizin qanını yerdə qoymadı. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi. Azərbaycan xalqı, dövlətimiz bu müqəddəs mübarizədə iştirak edən oğul və qızlarının fədakarlığını, şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna hörmətlə yanaşır, xatirəsini daim uca tutur.
Əslində bu, bir borcdur, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə olan vəfa borcudur. Xalqımız, bütün dünya azərbaycanlıları şəhidlərimizi dərin ehtiramla anır, ölkəmizin hər yerində üçrəngli bayrağımız onların xatirəsi üçün daha geniş planda dalğalandırılır.
İkinci Qarabağ müharibəsində biz tarixi ədaləti bərpa etdik, illərdir gözlədiyimiz Qələbəni qazandıq. Qələbə Azərbaycanın tarixinə əbədi olaraq həkk olundu. Bu Qələbənin nəyin bahasına qazanıldığını unutmamalıyıq, yadda saxlamağa borcluyuq. Ölkəmizdə bu tarixi gələcək nəsillərin yaddaşında əbədi yaşatmaq üçün mühüm layihələr həyata keçirilir. Paytaxt Bakıda salınan Zəfər Parkı, Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi buna canlı nümunədir. Xalqımızın qəhrəmanlıq dastanını dünyaya tanıtmaq üçün hələ neçə-neçə layihələr həyata keçiriləcək.
Bu gün Anım günüdür, 30 illik həsrətin bitdiyi gündür və Böyük Qələbəmizin başlanğıcıdır…
aki.az

