ANİMAFİLM Festivalının qalibi Fransaya səyahət qazanacaq!

2021-ci ildə ANİMAFİLM Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və Annecy Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada ANİMAFİLM festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək Annecy Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

Filmlər aşağıdakı şərtlərə uyğun gəlməlidir:

– Müsabiqədə iştirak üçün son müraciət tarixi: 15.07.2021

– Müəlliflər FilmFreeway platforması vasitəsilə müraciət etməlidir: https://filmfreeway.com/ANIMAFILM-Baku_International_Animation_Festival

– Filmlər 2019-cu il yanvarın 1-dən sonra çəkilməlidir;

– Filmin 50 %-indən çoxu animasiya olmalıdır. Filmdə istifadə edilən animasiya texnikalarına məhdudiyyət qoyulmur;

– Filmin mövzularına məhdudiyyət qoyulmur;
Əlavə məlumat üçün: https://animafilm.az/submission/

Yeri gəlmişkən, III ANİMAFİLM Festivalının “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyasının qalibi “Quzğun” filmi idi. Filminin müəllifi Fidan Axundova 2021-ci ilin iyun ayında Annecy Festivalına səyahət edəcək. Bu mükafat ANİMAFİLM Festivalının Azərbaycan Fransız İnstitutu və Annecy Beynəlxalq Animasiya Film Festivalı arasında əməkdaşlıq nəticəsində mümkün olub.

Xatırladaq ki, IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 20-24 oktyabr 2021-ci il tarixlərində Bakıda keçiriləcək. Festival 5 gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Və builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.

aki.az