``ANİMAFİLM School``dan yeni vörkşop

ANIMAFILM School kinematoqrafçılar üçün mentorluq və maliyyələşdirmə imkanı təklif edir.

ANIMAFILM School 6-10 sentyabr 2023-cü il tarixlərində Bakıda kinematoqrafçılar və animasiya müəllifləri üçün “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı təşkil edəcək. Layihəni İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirir.

Peşəkar treninqi üç animasiya mütəxəssisi aparacaq: İsveçrəli rejissor Isabelle Favez, fransalı prodüser Olivier Catherin və azərbaycanlı rejissor Nəzrin Ağamalıyeva.

Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.

Vörkşop Bakıda – Azərbaycan Kinematoqrafçılar İttifaqının “Kino məktəbi”ində keçiriləcək. Layihə iştirakçıları, həmçinin, “Gender Hub Azerbaijan”ın təşkil edəcəyi qadın haqları və inklüzivliyə yönəlmiş müvafiq təlimlərdən keçəcəklər.

Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalında ictimaiyyətə təqdim (pitç) edəcəklər.

Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq. Mükafat fondu festivalın bilet satışından əldə etdiyi gəlirdən formalaşacaq.

Vörkşop və maliyyələşdirmə proqramı gənc kinematoqrafçılara (həm qadınlara, həm də kişilərə) öz karyeralarına başlamaq üçün unikal imkan yaradacaq və onlara öz animasiya filmlərini işləyib hazırlamağa və maliyyələşdirməyə kömək edəcək.

Animasiya vasitəsilə qadın haqları barədə məlumatlandırma və maarifləndirmə ilə layihə həm də Azərbaycanda qadın haqlarının inkişafına töhfə vermək məqsədi daşıyır.

“Animasiya filmləri vasitəsilə qadın haqları” layihəsinin tərəfdaşları Azərbaycan Animasiya Assosiasiyası, “PERİ FİLM” şirkəti, İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və “Gender Hub Azerbaijan”dır.

ŞƏRTLƏR:

  • Vörkşopda iştirak üçün fiziki şəxslər və ya studiyalar layihələrlə müraciət edə bilərlər.
  • Layihələr Google anket forması vasitəsilə 1 iyul 2023-cü il tarixinə qədər təqdim edilməlidir.
  • Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır.
  • Yalnız qısametrajlı filmlər üçün layihələr qəbul olunur.
  • Layihələrin mövzuları qadın haqları ilə bağlı olmalıdır.
  • Vörkşop ingilis dilində keçiriləcək.
  • Vörkşop üçün 6 nəfərədək iştirakçı seçiləcək.
  • Hər müəllif / studiya yalnız bir layihə təqdim edə bilər.
  • Seçilmiş layihələr iyulun 15-ində Azərbaycan Animasiya Assosiasiyasının anima.az saytında elan olunacaq.
  • Suallarınızı [email protected] elektron poçtuna göndərə bilərsiniz.

aki.az