Animator rəssam Zema Əhədovanın ad günüdür

Azərbaycan Kinematoqtrafçılar İttifaqının üzvü, animator rəssam Zema Əhədovanın ad günüdür, 50 yaşı tamam olur.

Z.Əhədova 27 dekabr 1970-ci ildə Abxaziyada dünyaya göz açıb. Aleksandr Konstantinoviç Şervaşidze adına Suxumi Rəssamlıq Məktəbində təhsil alıb, həmin məktəbdə rəssamlıq sənətinin sirlərini öyrənib. 1989-cu ildə təhsilini başa vurub.

1990-1991-ci illərdə Suxumi studiyasında animasiya rəsamı olaraq fəaliyyətə başlayıb.

1991-1992-ci illərdə SSRİ Dövlət Teleradio Verilişləri Komitəsinin nəzdində fəaliyyət göstərən, Fyodr Savelyeviç Xitrukun animator-rəssamlıq kursunu bitirib .

Animator rəssam 1992-ci ildən Azərbaycan vətəndaşıdır,  həyat yoldaşı Cavid Əhədovla birlikdə “Birlik” studiyasının yaradıcı qrupunun üzvüdür.

Təmsil etdiyi “Birlik” kinostudiyası cizgi üsulu ilə animasiya istehsal edən yeganə studiya olaraq milli animasiyamız qarşısında olan şəksiz xidmətlərində Zema xanımın da rolu böyükdür.

Yeri gəlmişkən, Zema Əhədova animator rəssam kimi bir çox filmlərdə (“Ad günü” (1992), “Zəka yatarsa”(1996, “Mina”(1998), “Mərhəmətin dadı”(2007),  “Nuş olsun!”(2008), “Xeyirxah kirpi “(2009), “Müzür”(2011), “Köhnə saat”(2014), “Səmada şəkil” (2012), “Mənə nağıl söylə”(2020) və s.) iştirak edib.

Z.Əhədova animator rəssam kimi iştirak etdiyi filmlərdə əsasən animasiya filmlərinin asan göründüyü qədər də çətin olduğunu və yeni nəslin bu çətinlikdən qorxmadan, əksinə sənətin sirlərini daha dərindən öyrənərək bu sənətə gəlmələrini çatdırmaq istəyir. Bu baxımdan da o, öz sənətini sevən və sevdiyi işləri yüksən sənət nümunəsi olaraq ortaya qoymağı bacaran rəssamlaran biridir.

Sənətə dəyər verən, sənətkarlığı yüksək tutan animator rəssamı yubiley yaşı münasibətilə təbrik edir, yeni-yeni yaradıclıq uğurları arzulayırıq.

aki.az