``Anın quruluşu`` bədii filmi

Xalq yazıçısı, kinodramaturq Rüstəm İbrahimbəyovun ssenariləri əsasında çəkilən filmlərin yaranma tarixini əhatə edən məqalələr silsiləsində növbəti filmimiz “Anın quruluşu”dur.

1980-ci ildə “Azərbaycanfilm” kinostudiyası “Anın quruluşu” filmini istehsalata buraxdı.

Filmdə müasirlərimizin əxlaqi prinsipləri qoruyub saxlamaları və ətrafdakıların inamını qazanmalarının vacibliyindən bəhs olunur.

Filmin yaradıcı heyəti: Ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissor və operator Rasim İsmayılov,  operator Yuri Varnovski, rəssam Rafis İsmayılov, bəstəkar Azər Dadaşov, səs operatoru Akif Nuriyev, quraşdırma çəkilişlərin operatoru Həmzə Əhmədoğlu, rəssam Eduard Abdullayevdir.

Rollarda iştirak edirlər: Hacı İsmayılov (Ələkbər), Ömür Nağıyev (Tofiq), Xalidə Qasımova (Sona), Zemfira Sadıxova (həkim), Məmməd Məmmədov (Ədhəm), Anna Kamenkova (Aliyə), Vladimir Etuş (Bayramov), Olqa Barnet (Nina), Aleksandr Şarovski (Feliks), Elxan Quliyev (Oqtay), Tahir Yasin (Ramiz), Mikayıl Mirzəyev (Eyvaz), S.Nəbiyev, L.Xələfova, S.Vasilyeva, Q.Kalinina.

Xalidə Qasımova:  “Sona öz istəkləri uğrunda mübarizə aparan və buna daim nail olan bir obrazdır”.

“Anın quruluşu” filminin aktyor heyəti müəyyənləşən zaman rejissor Sona obrazına Xalidə Qasımovanı təsdiq edib.

X.Qasımova deyir ki, Rasim İsmayılovla ilk tanışlığı “Nəsimi” filmindən başlayıb: “Adətən, iş prosesində aktyorlarla rejissorlar arasında sıx ünsiyyət yaranır. Bu baxımdan mən filmlərinə çəkildiyim rejissorlarla daim xoş münasibətlərdə olmuşam. Rasim İsmayılov isə hələ operator kimi çalışdığı vaxtlardan aktyorlarla ən səmimi iş prosesində çalışıb.

“Anın quruluşu” filminin çəkiliş zamanı bir daha bunun şahid oldum.

Sona da xarakterik obrazdır. Ssenariyə əsasən rolun bütün xırdalıqlarını mənimsəmək üçün güclü məşq prosesi keçmişdim. Əgər obrazı təhlil etsək o zaman tam cəsarətlə deməliyəm ki, Sona öz istəkləri uğrunda mübarizə aparan və buna daima nail olan bir insandır. Təsəvvür edin ki, Sona o dərəcədə cəsarətlidir ki, sevdiyi, ancaq sevilmədiyi oğlanı məcbur edir ki, onunla evlənsin. Və doğrudan da buna nail olur.

Çox vaxt qəhrəmanlar əxlaqi dəyərlərə məhəl qoymurlar və sonda da uçuruma yuvarlanırlar. Ancaq Sona heç də belələrindən deyil. Çünki Sona nə istədiyinə əmindir, necə deyərlər, qərarını qəti olaraq verib”.

Aktrisa Sonanı məhz özünəməxsus tərzdə yaradıb. Ümumiyyətlə, filmdə söhbət bir anın qərarından gedir.

X.Qasımova qeyd edir ki, xoşbəxt olmaq, arzusuna çatmaq istəyən qız bunun üçün hər bir üsula əl atır: “Bu üsul nədən ibarətdir? Qeyd etdiyim kimi, Sona sevdiyi oğlanın sevgisini qazanmaq üçün hər üsula əl atır, ən əsası isə gün ərzində bir neçə dəfə oğlanın gözünə görünür, onunla söhbət edir. Doğrusu filmə baxan tamaşaçı öncə Sonanı qınayır, onun bu cür üsula əl atmasına qarşı çıxır. Əslində isə, Sona düz edir. Çünki Sonanın sevdiyi oğlan-Ələkbər ilk öncə sevdiyi qızla uyğun xarakterə, uyğun ailə tərbiyəsinə, eyni zamanda səviyyəyə malik deyillər. Sona başa düşür ki, onlar heç də xoşbəxt olmayacaqlar, əksinə ziyanın yarısından qayıtmaqla hər kəs öz xoşbəxtliyini tapa bilər. Bu Sonanın həyat prinsipidir. Həyatda elə Sona kimi olmaq lazımdır. Ancaq təəssüf ki, mən məhz Sona xasiyyətdə olmağı heç vaxt bacarmamışam”.

Çəkiliş vaxtı rejissorun səmimiyyəti, aktyorlarla olan mehribançılığı filmin rahat iş şəraitində çəkilməsinə geniş imkanlar yaradıb.

Xatırladaq ki, filmdə Xalidə Qasımovanın tərəfmüqabili Hacı İsmayılovdur. Hacı İsmayılovun yaratdığı Ələkbər obrazı da diqqət mərkəzində dayanan rollardan biridir. Bir-birini tamamlayan bu rollar sonda xoşbəxt cütlük kimi tamaşaçı marağını qazanırlar.

Filmin çəkilişləri bir neçə məkanda – Bakıda, Bakının Suraxanı, Balaxanı qəsəbələrində, eyni zamanda isə kinostudiyanın pavilyonunda lentə alınıb.

X.Qasımovanın yaratdığı Sona obrazının əsas çəkilişləri naturada lentə alınıb: “Yaxşı yadımdadır ki, çəkildiyim kadrlar Abşeron ərazisində lentə alınırdı. Filmdə təbii, dramaturji baxımdan güclü olan səhnələr çox idi. Əsər dramaturji baxımdan Sonanın çılğıncasına öz istəkləri uğrunda mübarizə aparmasını göstərmək olsa da, təbiilik baxımından Sonanın qızlara məxsus özünü gözəlləşdirməyə can atması kimi məqamlar da diqqət mərkəzində dayanır.  Sona Ələkbərə xoş görünmək, onun sevgisini qazanmaq üçün özünü gözələşdirməklə məşğul olur. Onun üzünün “maska”sız günü olmur. Təsəvvür edin ki, bir neçə səhnədə üzünü qatıqlayaraq kamera qarşısında dayanmaq o qədər də asan məsələ deyildi. Doğrudan da Sonanın bütün üsulları günbəgün onu Ələkbərə yaxınlaşdırır ki, bu da sonda evliliklə nəticələnir”.

Qeyd edək ki, Moskvanın sifarişi ilə çəkilən film elə əvvəlcədən iki seriya üçün nəzərdə tutulub. “O dövrdə “Azərbaycanfilm” kinostudiyası çox az hallarda 2, bəzən 3 seriyalı filmlər çəkirdi.

“Anın quruluşu” filmi də Moskvanın sifarişi ilə çəkildiyi üçün sonda yaşıl işıqla qarşılaşdı. Həm də unutmamalıyıq ki, filmdə çəkilən aktyorlar arasında kənar studiyaların aktyorları çoxluq təşkil edib.

Ömür Nağıyev:  “Tofiq rolunu elə oynamalıydım ki, onun şirinliyindən pisliyi üzə çıxsın”.

Filmdə Tofiq rolunda gördüyümüz Ömür Nağıyev çəkilişə dəvət olunduğu zaman yenicə Moskvada təhsilini bitirərək vətənə dönmüşdü.

Ö.Nağıyev deyirdi ki, Rasim İsmayılov onu quruluş verdiyi “Anın quruluşu” filminə dəvət edərkən çox sevinib: “Çünki gənc bir aktyor üçün iki seriyalı bir filmdə əsas rollardan birinə çəkilmək özü böyük təcrübə idi. Eyni zamanda isə “Azərbaycanfilm” kinostudiyasının iki seriyalı film çəkməsi o dövr üçün bir yenilik idi.

Rasim İsmayılovla görüşümüz zamanı, rejissor mənə haqqında bəhs etdiyimiz filmin ssenarisini təqdim edərək oxumağımı və xüsusilə, Tofiq obrazına diqqətlə fikir verməyimi tapşırdı. Məsələ məlum idi, Rasim müəllim məni Tofiq rolunda görürdü. Tofiq bir obraz olaraq maraqlı idi. Bir vaxtlar dostluq etmiş şəxslər sonradan hərə bir işin dalınca gedir. Tofiq də yaşayış üçün Rusiyanı seçir, orada ayaqqabı fabrikində çalışır. Günlərin birində Tofiq vətənə dönür, köhnə dostlarının harada çalışması ilə maraqlanır. Məlum olur ki, Tofiqin dostları demək olar ki, yüksək vəzifələrdə çalışırlar. Yəni, onların hər biri həyatda öz yerlərini tapıblar. Ancaq Tofiq hələ də ayaqqabı fabrikində çalışır. Belə olan halda Tofiq bir növ dostlarla olan görüşü özünə sığışdırmır və buna görə də bir üsula əl atır. Belə ki, Tofiq dayısına təqdim olunan Dövlət mükafatı nişanını yaxasına vuraraq onu özü alıbmış kimi Mingəçevirdə yaşayan dostlarına təqdim edir. Hadisələr də elə buradan başlayır”.

Aktyor etiraf edir ki, filmdəki obrazlar arasında ən çətini Tofiq olub. Həcm etibarilə böyük olmasa da, xarakter baxımından Tofiq rolu çox sanballı idi.

Yeri gəlmişkən, Ö.Nağıyev “Anın quruluşu” filmi ilə eyni vaxtda “Gümüşü furqon” filmində baş rola, “Atları yəhərləyin” filmində isə epizodik rola dəvət alıb.

Filmdə Tofiq obrazı əsas rollardan biri olmasına baxmayaraq, Ömür Nağıyev daha çox “Gümüşü furqon” filmindəki baş rola meyl göstərib. Hətta rejissorla aralarında bu barədə söhbət də gedib: “Doğrusu rolun kiçik həcmdə olması, eyni zamanda isə ilk baxışdan bir növ quru təsir etməsi məni “Gümüşü furqon” filmindəki rola həvəsləndirdi. İlk baxışdan mənə elə gəldi ki, Tofiq obrazı dolğun olmadığı üçün rolun imkanlarından geniş istifadə edə bilməyəcəyəm. Ancaq rejissor dedi ki, “Əgər sən Tofiq rolunu oynasan, o zaman daha çox udacaqsan”. Doğrudan da sonrakı proseslərdə bunun şahidi oldum”.

Ssenariyə əsasən Tofiq obrazının səhnələri Mingəçevirdə olduğu üçün çəkiliş vaxtı aktyor yaradıcı heyətlə birgə adı çəkilən məkana yola düşüb: “Filmin çəkilişlərinin bir qismi Mingəçevirdəki Avarçəkənlərin Olimpiya Mərkəzində lentə alınırdı. Çəkiliş meydançasında Rasim İsmayılovla üz-üzə gələndə tamam başqa mənzərə ilə qarşılaşdım. Deməli, ssenariyə əsasən Tofiqin 3 səhifəlik monoloqu var idi ki, mən onu deməliydim. Monoloqu necə deməliydim, onu mənə rejissor hərtərəfli izah etdi. Ssenaridən fərqli olaraq rejissorun Tofiq rolunu bu dərəcədə təhlil etməsi mənim fikirlərimi tamamilə dəyişdirdi. Və mən Tofiq rolu üçün özümü tam hazır hiss etdim. Rejissor ssenaridə olmayan tapşırıqları mənə verdi. Dedi ki, “Tofiq rolunu həddindən artıq pis, qabarıq oynamaq lazım deyil, əksinə rolu elə yaratmaq lazımdır ki, onun şirinliyindən pisliyi üzə çıxsın”.

Sənətdə belə bir qanun var ki, aktyor mənfi obrazı yaratmaq üçün ilk növbədə rolun yaxşı cəhətlərini tapmalıdır. Bu baxımdan rejissora dedim ki, bir yoxlama çəkilişi aparaq, əgər xoşunuza gəlməsə, o zaman məşq prosesi keçirək. Beləliklə də, Ədhəmlə Tofiqin Mingəçevir mehmanxanasının qarşısında olan epizodunun çəkilişinə başladıq”.

Yeri gəlmişkən, çox vaxt filmlərdə yer adı dəyişik şəkildə göstərilir. Məsələn, bu filmdə Mingəçevir-Sanqaçar adı ilə əvəz edilib.

Bir sözlə, ilk epizodun çəkilişindən rejissor Ömür Nağıyevin ifasını bəyəndiyini bildirib.

“Ani dönüş” adı “Anın quruluşu” ilə əvəz edildi.

İş prosesində “Ani dönüş” adlandırılan film, sonradan “Anın quruluşu” adı ilə əvəz edilmişdi.

Ö.Nağıyev deyirdi ki, filmin adının necə adlandırılması bilavasitə müəlliflərdən asılıdır. Aktyorun belə bir işə qarışmağa qətiyyən ixtiyarı yoxdur.  “Ani dönüş” filmində də belə bir fikir var ki, Tofiqin bir an içində atdığı yanlış addım-onun dayısına aid olan nişanı özününkü kimi təqdim etməsi sonda onu dostları arasında biabır edir. Hətta yuxusunda gördüyü məqamlar da onun günahkar olduğunu bir daha göstərir. Tofiq hər dəfə yuxusunda özünü çılpaq görür. Adətən, payız fəslində ağaclar yarpaqlarını tökür və buna görə də müəyyən etmək çətin olur ki, növbəti fəsillərdə bu ağaclar bar verə biləcəkmi? Ancaq ağacı kəsməklə onun vəziyyətinin nə yerdə olduğunu müəyyənləşdirmək olar. Bu baxımdan Tofiqin ani bir hərəkəti onu pis vəziyyətdə qoyur. Filmdə belə bir epizod var ki, Tofiq dostları ilə birgə məclisdədir və tost deyir”.

Bu həmin epizoddur ki, Sona zorla özünü sevdirdiyi Ələkbərlə nəhayət ki, dil taparaq evlənir. Tofiq həmin toyun tamadası seçilir: “Tost dedikdən sonra rəqs etmək üçün mahnı sifariş edir və oynaya-oynaya məclisdən uzaqlaşaraq sonda yox olur. Təbii ki, bu müxtəlif kadrlarla müxtəlif formalarda çəkilib. Bir sözlə, film psixoloji finalla başa çatır”.

Son olaraq qeyd edək ki, Mərkəzi televiziyanın(Moskva) sifarişi ilə çəkilən “Anın quruluşu” filmi Bədii Şuralar tərəfindən yüksək səviyyədə qəbul olunmuş və 1-ci kateqoriyaya layiq görülmüşdür.

aki.az