ANKARADA ”NƏSİMİ İLİ” ÇƏRÇİVƏSİNDƏ H. SEYİDBƏYLİNİN ”NƏSİMİ” FİLMİ NÜMAYİŞ OLUNACAQ
Yanvar ayının 15-də Türkiyədə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə tədbir keçiriləcək.
Xatırladaq ki, 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi münasibətilə, Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. İl ərzində bu əlamətdar hadisəsinin dövlət səviyyəsində qeyd edilməsi layiqincə həyata keçirildi.
Son yekun xarakterli tədbir isə Türkiyənin paytaxtı Ankara şəhərində qeyd olunacaq. Tədbirdə “Nəsimi” bədii filminin nümayiş olunması, Həsən Seyidbəylinin kino yaradıcılığını əks etdirən fotosərginin açılması və iştirakçılara TÜRKSOY tərəfindən 15 dildə nəşr olunan “Nəsimi” kitabının təqdim edilməsi nəzərdə tutulub.
Yeri gəlmişkən, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət nazirlikləri və ölkəmizin Ankaradakı səfirliyi tərəfindən təşkil olunan tədbir, “Nəsimi-2019” ilinin bağlanışına, eyni zamanda görkəmli kinorejissor Həsən Seyidbəylinin 100 illik yubileyinə həsr olunub. Ümumiyyətlə isə 2019-cu il “Nəsimi ili” çərçivəsində Türkiyənin bir çox şəhərlərində çoxsaylı tədbirlər silsiləsi həyata keçirilmiş, kitab təqdimatları olmuş və tamaşalar göstərmişdir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı