“Antiqəhrəman” təqdim olundu

Azərbaycan Kinematoqrafçılar İttifaqının və “Visla” Film Festivalının birgə təşkilatçılığı ilə təşkil olunan “Polşa kino günləri” davam edir.

20 sentyabrda “Azərbaycan” CinemaPlusda keçirilən tədbirin moderatoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kinotənqidçi Sevda Sultanova idi. Bu dəfə Polşa kinosunun gənc nümayəndələrindən biri olan Mixal Kavetskinin 2021-ci ildə çəkdiyi “Antiqəhrəman” sənədli filmi kinosevərlərə təqdim olundu.

Filmdə baş qəhrəman fiziki məhdudiyyətli insanlar arasında dağ xizəyi üzrə dəfələrlə çempion olub. Lakin gözlənilməz ittihamlar onun Qış Olimpiadasında iştirakını sual altına qoyur. Gənc Mixal çətin və ziddiyyətli həyat yolu keçib, nənəsinin himayəsində böyüyüb. Günlərin birində oğurluq etdiyinə görə həbs olunsa da, sonralar sınaq müddətinə buraxılır. Dağ-xizək idmanı ilə məşğul olan gənc, məktəbdə riyaziyyatdan imtahanı uğurla verməyə çalışır, bəzən ruhdan düşür, amma yenə də cəmiyyətin onun qarşısına qoyduğu öhdəlikləri yerinə yetirməyə çalışır.

Tədbirin moderatoru S.Sultanova nümayişdən öncə rejissor Mixal Kavetski haqqında məlumat verdi: “M.Kavetski Modyevski adına Krakov Akademiyasının məzunudur. Daha çox sənədli filmlər çəkir. Onun “İtirilmiş uşaqlar” sənədli filmi İkinci Dünya müharibəsi zamanı gizli şəkildə Almaniyaya deportasiya olunmuş uşaqlar haqqındadır. “Sərhəd” adlı filmi isə  mürəkkəb ailə münasibətlərindən bəhs edir. “Antiqəhrəman” Krakov film festivalında rejissorun həssas münasibətinə və psixoloji baxımdan hekayəni bacarıqlı işlədiyinə görə mükafata layiq görülüb”.

Daha sonra “Antiqəhrəman” filmi nümayiş olundu. Filmdən sonra baş tutan müzakirələrdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov Kavetskinin əlilliyi olan şəxsə münasibətdə etik mövqeyin saxladığını vurğuladı: “Filmin rejissoru qəhrəmanın məhdudiyyətinə aksent etmir, bu halı istismar etmir. Onun hekayəsi fərd və cəmiyyət hekayəsidir, fərdin mübarizəsi onun mövzusudur. Qəhrəmana məhdudiyyətli insan kimi baxmırsan, çünki rejissorun baxışı belədir, qəhrəmanın məhdudiyyəti sadəcə təfərrüatdır. Məhdudiyyəti olan insana məhz belə münasibət etikdir.”

Rejissor Vaqif Azəryara görə, “Antiqəhrəman” hər şeydən əvvəl həyatın nə qədər amansız, kompromissiz olduğunu göstərir: “Vizual baxımdan filmdə xüsusi cəlbedici nəsə olmasa da, bütün hallarda o, rejissor kimi məni film çəkməyə vadar edir. Filmdə iri planlar çox idi, amma mənə mane olmadı”.

Tamaşaçılardan birinin fikrincə, “Antiqəhrəman” filmində antiqəhrəman, əslində Mixalı psixoloji təzyiqə məruz qoyan, onu öz qaydaları ilə yaşamağa məcbur edən cəmiyyətdir.

Qeyd edək ki, bu, Kavetskinin əlilliyi olan şəxslər haqqında çəkdiyi son film deyil. Müəllifin hələ ki, axırıncı filmi olan “Qalib doğulanlar”, əlilliyi olan şəxslərdən ibarət futbol komandasının həm stadionda, həm də idmandan kənarda apardığı mübarizəni əks etdirir.

aki.az