“Aranfilm” yeni sənədli film çəkir
“Aranfilm” Yaradıcılıq mərkəzi “Təzə bərənin köhnə sərnişini” adlı sənədli filmin çəkilişlərinə hazırlaşır. Tanınmış aktyor və kinorejissor Elxan Qasımova həsr olunan ekran işində, sənətkarın keçdiyi həyat yoluna, kino dünyasına nəzər salınacaq.
Sənədli filmin ad seçiminə nəzər salsaq, yəqin ki, Elxan Qasımovun 1984-cü ildə quruluş verdiyi “Köhnə bərə” filmi ilə hər hansı bir bağlılıq olduğunu düşünmək mümkündür. Bildiyimiz kimi, “Köhnə bərə” filmində Azərbaycan kəndlərindən birinin əkinə yararsız torpaqlarının üzümlüyə çevrilməsi, bununla əlaqədar kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verməsi, eyni zamanda mənəvi və psixoloji problemlərin meydana çıxması haqqında söhbət açılır. Bəlkə də hər hansı bir bağlılıq deyil, sadəcə olaraq rejissorun illərdir sənətdə gördüyü işlər, rejissor, aktyor kimi zəhmətkeş olması, daima çəkiliş meydançalarında olan mübarizəsi əsas götürülür.
Qeyd edək ki,“Təzə bərənin köhnə sərnişini” adlı sənədli filmin çəkilişləri Bakı, Zərdab və Naxçıvan şəhərlərində baş tutacaq.
Filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissor Babək Abbaszadə, operator Əminə Həsənli, prodüser İqbal Məmmədəliyevdir. Filmin təqdimatının Elxan Qasımovun 75 illik yubileyi ərəfəsində keçirilməsi nəzərdə tutulub.
Azərbaycan Kinematoqrafçılar İttifaqı