Arif Qazıyev vəfat edib

Azərbaycanın tanınmış  televiziya rejissoru, ssenarist, Əməkdar incəsənət xadimi  Arif Qazıyev 84 yaşında dünyasını dəyişib.

Arif Lətif oğlu Qazıyev 17 may 1938-ci ildə İrəvanda doğulub, Gəncə şəhərində yaşayıb. Orta təhsilini Gəncədə alıb. Uşaqlıqdan bir çox musiqi festivallarının, konsertlərin iştirakçısı olub. Həmin illərdə görkəmli bəstəkar Fikrət Əmirovun təkidi ilə Bakıya gəlib və Teatr İnstitutunda təhsilini davam etdirib.

1956-ci ildən Azərbaycan Televiziyasında fəaliyyət göstərməyə başlayıb, daha sonra televiziyanın nəzdində yaradılan Miniatür Teatrının aktyor truppasına keçib, bir müddət musiqi şöbəsində çalışıb.

Sovet teatr rejissoru və pedaqoqu Georgi Aleksandroviç Tovstonoqovun rejissorluq məktəbini keçən Arif Qazıyev, 90-na yaxın musiqili filmin rejissoru və ssenari müəllifidir.

“Şəhər üzərində mahnı” (1965), “Çalır Tamilla Mahmudova” (1966), “Məhəbbət haqqında əfsanə” (1967), “Şur” (1967), Üçüncü simfoniya” (1968), “Sevinc” (1968), “Təsnif” (1969), “Toyda görüş” (1970), “Torpaq patriarxları” (1971), “Çempionlar məktəbi” (1972), “Gülüstan Bayatı-Şiraz” (1972), “Avtomobildən qorun” (1974), “Payız melodiyaları” (1974), “Bəstəkar Qara Qarayev. Opus-78” (1979), “Bəstəkar Rauf Hacıyev” (1982), “Salam Zeynəb” (1982), “Elimin bayramıdır” (1989), “Qara Qarayev” (2003), “Məşədi İbad-94” (2005), “Xarıbülbül” (2006) və s. filmləri özünə geniş tamaşaçı auditoriyası toplayıb.

Rejissorun 1967-ci ildə “Şur” muğamı əsasında çəkdiyi film böyük səs-küyə səbəb olub. Filmdə “Şur” muğamını oxuyan xanəndələr muğamın ən incə guşələrini dinləyicilərə çatdırmağa çalışıblar.

A.Qazıyev 1988-ci ildə Muğam Teatrını yaradıb, uzun müddət teatrın bədii rəhbəri və baş rejissoru olub.

2008-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti Azərbaycan incəsənətində özünəməxsus dəst-xətti olan Arif Qazıyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin!

Aki.az

 

 

.