Arzu Əliyeva: “Korkut Ata” mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir
8-12 noyabr 2021-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən birinci “Korkut Ata” (Dədə Qorqud) Türk Dünyası Beynəlxalq Film Festivalında Azərbaycan da təmsil olunub.
Festivalı çərçivəsində keçirilən mükafatlandırma mərasimində türk mədəniyyəti və incəsənətinin inkişafına verdiyi töhfələrə görə “Bakı Media Mərkəzi”nin prezidenti Arzu Əliyevaya “Şərəf mükafatı” təqdim olunub. Mükafatı Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy təqdim edib.
A.Əliyeva festival rəhbərliyinə öz təşəkkürünü bildirib: “Azərbaycandan ən xoş arzuları sizə çatdırıram. Bu yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Buna görə sizə dərin təşəkkürümü bildirirəm. Festivalda təqdim olunan “BİZ” filmi Qarabağ Zəfərinə həsr olunub. “Korkut Ata” mükafatını bizə verməklə Türk dünyası Azərbaycana bir daha öz dəstəyini göstərir. Yaşasın, Türkiyə-Azərbaycan birliyi, Qarabağ Azərbaycandır”.
Azərbaycanda audiovizual məhsulların istehsalı sahəsində aparıcı mövqeyə sahib Bakı Media Mərkəzinin “Miras”, “Sonuncu” və “BİZ” filmləri festivalın geniş auditoriyasına təqdim edilib.
Yeri gəlmişkən, Türk dövlətlərinin istehsalı olan 40-dan artıq filmin nümayiş etdirildiyi festivalın əsas məqsədlərindən biri ortaq audiovizual məkan yaratmaq və türk dünyasının bu məkana inteqrasiyasına töhfə verməkdir. Bu baxımdan da “Korkut Ata” Festivalının gələcəkdə türk dünyasının əsas kino tədbirinə çevrilməsi, bu proses çərçivəsində Türk Dünyası Kino Birliyinin yaradılması, həmçinin Türkiyə və Azərbaycan tərəfinin təklifinə əsasən, növbəti “Korkut Ata” Türk Dünyası Film festivallarının türkdilli ölkələrin müxtəlif şəhərlərində, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində keçirilməsi nəzərdə tutulur.
aki.az