Fevralın 10-da Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə rejissor Arzu Urşanın “Arzunun ardınca” sənədli filminin nümayişi baş tutdu. Qeyd edək ki, film Eversti fəth edən ilk azərbaycanlı alpinist qadın Elmira Aslanovaya həsr olunub. Rejissor, qəhrəmanın hekayəsini həssaslıqla, sadə, təsirli dillə anladır və ekranda uşaqlıqdan alpinizmə sevgisi olan gənc bir qadının səmimi, əzmkar obrazını görürük. Müəllif filmdə eyni zamanda, səyahət zamanı, ekstremal situasiyalarda çəkilmiş kadrlardan da istifadə edib.



Tədbiri giriş sözü ilə açan kinotənqidçi, moderator Arzu Urşanın yaradıcılığı haqda qısa məlumat verdi. Səhnəyə dəvət olunan Arzu Urşan “Arzunun ardınca” filminin yaranma tarixçəsindən, festival uğurlarından danışdı. Tədbirdə iştirak edən, filmin qəhrəmanı Elmira Aslanova tamaşaçıları salamlayaraq, Everesti fəth etməsində ailəsinin, xüsusən qardaşlarının dəstəyini vurğuladı və bu səyahət zamanı keçirdiyi hisslər haqda söz açdı.
Çıxışlardan sonra film nümayiş olundu. Nümayişdən sonra kinoşünas Ülvi Mehdinin moderatorluğu ilə baş tutan müzakirədə rejissor və qəhrəman tamaşaçıların çoxsaylı suallarını cavablandırdılar.
aki.az

