Azərbaycan Kinematoqrafçılar İttifaqında İsveçrənin Azərbaycandakı Səfirinin müavini cənab Qi Bonvin (Guy Bonvin), Belçikanın ölkəmizdəki Səfirinin müavini xanım Sara van Bugenhot (Sarah van Buggenhout), Azərbaycandakı Fransız İnstitutunun direktor müavini Jak Bunən, Fransanın Azərbaycandakı səfirliyinin mədəniyyət attaşesi Klemans de Lakur, AKİ-nin icraçı katibi Əli İsa Cabbarov, İttifaqın katibləri Oleq Səfərliyev və Tahir Tahiroviç, İdarə Heyətinin üzvü Sevda Sultanova, film nümayişləri üzrə prodüser Ülviyyə Əhmədovanın iştirakilə görüş keçirilib.

Görüş zamanı ölkələrimiz arasında kino sahəsində əməkdaşlığın inkişafı, birgə layihələrin təşkili, o cümlədən, mədəni əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Tərəflər qarşılıqlı əməkdaşlığın yeni imkanlarını dəyərləndirərək, gələcək perspektivlər barədə müzakirələr aparıblar.
Bildirilib ki, bu il də ənənəvi olaraq Fransız Kino Günləri təşkil olunacaq. Bu dəfə proqrama Fransa ilə yanaşı Belçika və İsveçrə filmlərinin də daxil edilməsi planlaşdırılır ki, bu da tamaşaçılara daha geniş və rəngarəng kino təcrübəsi yaşadacaq.



Eyni zamanda, Ülviyyə Əhmədova Fransız İnstitutu və Fransanın Azərbaycandakı səfirliyi ilə AKİ arasında qurulmuş əməkdaşlıq çərçivəsində car ilin aprelində keçiriləcək “Şərq-Qərb Kino Lab” layihəsi haqqında məlumat verib. Layihənin məqsədinin beynəlxalq əməkdaşlığı təşviq etmək, yeni film layihələrinin inkişafına dəstək vermək və ölkələr arasında yaradıcı əlaqələri gücləndirmək olduğu vurğulanıb.
AKİ-nin İdarə Heyətindən bildirilib ki, Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası əsas strateji məqsədlərdən biridir. Bu səbəbdən, beynəlxalq kino layihələrinə stimul vermək bu hədəfə xidmət edir. Qeyd edək ki, AKİ-nin, kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləyən “Kinosəyyah” proqramı fəaliyyət göstərir. Bununla yanaşı, AKİ, paytaxtımızda hər il təşkil olunan beynəlxalq kinofestivallara da maliyyə və informasiya dəstəyi göstərir.

