Aydın Dadaşovun xatirəsinə...

“Kinomuz ən xırda problemin qoyuluşuna belə müqavimət göstərməklə özünü, kreslosunu sığortalayan xırda məmurlardan asılıdır. Uzun illər kinostudiyada çalışmaqla paralel pedaqoji fəaliyyətlə də məşğul oldum. Kinoda, xüsusən sənədli filmlər sahəsində sistemsizlik yarandığından, iddialı xırda məmurlar meydan suladığından müəllimlik önə keçdi” deyən kinoşünas, kinodramaturq, rejissor, filologiya üzrə elmlər doktoru Aydın Dadaşovun dünyaya göz açdığı gündür, yaşasaydı 70 yaşını qeyd edəcəkdi.

Aydın Dadaşov 1 mart 1952-ci ildə Ağdamda anadan olub. 1972-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) iqtisad fakültəsində, 1980-ci ildə  Leninqrad Dövlət Теаtr, Мusiqi və Kinematoqrafiya İnstitutunun (indiki Sankt-Peterburq Teatr Akademiyasının) dram sənəti fakultəsində, 1982-ci ildə Moskvada ikiillik ali rejissorluq və ssenari kurslarında təhsil alıb.

1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışmağa başlayan kinoşünas, 30-a yaxın filmin rejissoru, 50-ə yaxın filmin ssenari müəllifi olmuşdur. Eyni zamanda bir neçə filmdə film direktoru və redaktor kimi çalışmışdır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kinoşünaslıq” fakültəsinə rəhbərlik etmiş, burada “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Televiziya tənqidi” və “KİV-də reklam və marketinq problemləri” fənnlərini tədris etmişdir.

A.Dadaşovun yazdığı “Dramaturgiya”, “Ekran dramaturgiyası”, “Ssenari yaradıcılığı”, “Ekran publisistikası”, “Televiziya reklamı”, “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “Müasir Azərbaycan dramaturgiyası”dərslikləri, “İran kinosunun inkişaf təmayülləri” monoqrafiyası tədris prosesində geniş istifadə olunur.

A.Dadaşov bildirirdi ki, kino sahəsində müntəzəm kadr hazırlığı var, monoqrafiyalar yazılır, dərsliklər, dərs vəsaitləri az da olsa nəşr olunur: “Lakin kinonun ümumi iqtisadi qanunları var. Və kino üçün vacib olan dəyərini tədricən hazır mala ötürən əsas vəsait deyil. Yəni, bina, çəkiliş texnikası deyil. Əsas öz dəyərini hazır mala birbaşa ötürən iki dövriyyə vəsaitidir. Onun biri ssenaridir, digəri isə lentdir. Yəni, o binanı da, kameranı da, montaj masasını da haradansa, lap xaricdən icarəyə götürmək mümkündür. Keçmiş Sovetlər birliyində kinostudiya binası olmayan elə respublikalar var idi ki, filmləri festivallarda uğur qazanırdı. Yaxud da Türkiyədə “Yaşıl cam” məhəlləsində kiçik otaqlarda oturub tarixi filmlər, seriallar çəkirlər. Hər halda bu iş elədir ki, bugünkü kino marketinq üzərində bərqərar olmalıdır. Marketinqdə isə iki əsas maddə var: planlama və təhlil. Planlama ssenariyə, təhlil hazır filmə aiddir ki, inkişafın strategiyasını müəyyənləşdirir”.

Ssenariləri əsasında “Balaban” (1987, qısametrajlı sənədli film), “Daşdan keçən kağız” (1987, qısametrajlı sənədli televiziya filmi), “Kreslo” (1988, qısametrajlı sənədli film), “Maestro” (1988, qısametrajlı sənədli televiziya filmi), “Yol ayrıcında” (1988, qısametrajlı sənədli film), “Lağım” (1993, animasiya filmi), “Doğma diyar” (2003, qısametrajlı sənədli film), “Heydər Əliyev. Dünyaya pəncərə” (2006, qısametrajlı sənədli film) və s. filmlər çəkilmişdir. Rejissor kimi “Dəvətnamə” (1989, qısametrajlı bədii film), “Qanlı Bakı” (1994, qısametrajlı sənədli televiziya filmi), “Zəng” (1995, qısametrajlı sənədli film), “Babam və mən” (2012, qısametrajlı sənədli film), “Nostalji” (2012, qısametrajlı sənədli film), “Bəstəkar” (II) (2015, qısametrajlı sənədli film) və s. filmləri çəkib.

“Kifayət qədər filmlər var ki, az maliyyə xərclənməsinə baxmayaraq, milyonlarla gəlir gətirib. Bugünkü marketinq sistemində filmin istehsalına qoyulan pul qədər də vəsait xərclənməlidir ki, o yayılsın, dünya bazarına çıxarılsın”  deyirdi Aydın Dadaşov…

Azərbaycan Kinematoqrafçılar İttifaqı adından daima Azərbaycan kinosunun durumunu təhlil edən, kinomuzun gələcəyi üçün narahatlıq ifadə edən tanınmış kino xadimi Aydın Dadaşovu 70 illik yubiley yaşında hörmət və ehtiramla yad edirik!

Aki.az

 

 

 

 

 

.