Azərbaycan Kinematoqrafçılar İttifaqı Amil Amalın yeni filminə maliyyə dəstəyi ayırıb

Kinorejissor Amil Amal 6 aydır ki, üzərində çalışdığı yeni filminin çəkilişlərini bitirib.

Azərbaycan Kinematoqrafçılar İttifaqının maliyyə dəstəyi ayırdığı “Vulkan üzərində ev” qısametrajlı sənədli filminin qəhrəmanı 55 yaşlı Aqibət xanımdır. O, Bakının Binəqədi qəsəbəsində, aktiv vulkan zonası olan, Keyrəki vulkanı yaxınlığında yaşayır.

Rejissor uzun müddət Aqibət xanımın həyatını müşahidə etdikdən sonra çəkilişə başlayıb. Film post-prodakşn mərhələsindədir.

Yeri gəlmişkən, Amil Amal 1989-cu ildə Laçın şəhərində anadan olub. 2007-2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Rejissorluq” fakültəsində, 2013-2015-ci illərdə isə dövlət hesabına Moskvada Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VQİK) “Kinorejissorluq və kinodramaturgiya” ixtisası üzrə ikiillik ali kurslarında təhsil alıb. Sənətin sirlərini ssenarist, rejissor Denis Viktoroviç Rodimin və rejissor, pedaqoq Vladimir Alekseyeviç Fençenkonun emalatxanasında öyrənib.

Rejissorun “Qara bağ” filmi “Azərbaycan ailəsi” film festivalında “Ən yaxşı film” (2015), “Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalı”nda “xüsusi mükafat” (2016), “Hak-İş Kısa Film Yarışması”nda “Ən yaxşı film” və “Ən yaxşı aktyor” (2017), “Bakı Beynəlxalq Qısa Film Festivalı”nda beynəlxalq proqramda “Münsiflərin Diplomu”na (2019) layiq görülüb. “Titrəmə” filmi “Beynəlxalq İpək Yolu Film Festivalı”nda “Ən yaxşı qısametrajlı film” nominasiyasında (2021) qalib olub.

Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən bildiriblər ki, film istehsalı onların birbaşa vəzifəsi deyil, ancaq  kinematoqrafçıların müstəqil formatda azbüdcəli filmlərin istehsalına kiçik qrantların ayrılmasını, yeni nəsil kinematoqrafçıların formalaşmasında vacib amil sayırıq.

aki.az