Azərbaycan Kinematoqrafçılar İttifaqı Milli Kino gününü təmtəraqlı qeyd edib

Bu gün Azərbaycan kinosu yaranmasının 124 ili tamam olur.

Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

Azərbaycan Kinematoqrafçılar İttifaqı  2 avqust – Milli Kino gününü bayram əhval-ruhiyyəsində qeyd edib.

Tədbirdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin sədri, AKİ-nin katibi, yazıçı Anar, katiblərdən – şair, ssenarist Baba Vəziroğlu, rejissor Əli İsa Cabbarov, rejissor Oleq Səfərəliyev, Mirbala Səlimli, İdarə Heyətinin üzvlərindən – rejissor Firəngiz Qurbanova, Ziya Şıxlinski, Nizami Abbas, Tahir Tahiroviç, eləcə də AKİ üzvlərindən olan dəvətlilər bayram əhval-ruhiyyəsində bir araya gəliblər.

Tədbirinin aparıcıları – Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru Tural Əhməd, aktrisası Zülfiyyə Məmmədova idi.

Z.Məmmədova ənənəyə sadiq qalaraq ilk sözü Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar Rzayevə verib:

Anar müəllim öz çıxışına təəssüf hissilə yanaşıb: “Bu gün Azərbaycan kinosu təəssüf ki, televiziya ekranlarında yaşayır: “Köhnə filmlərimizi baxıb sevinirik, yaxşı ki, bu  filmlərimiz olub. Amma inanıram ki, gələcəkdə kinomuz dirçələcək. Azərbaycan kinosu əvvəlki şöhrətini qaytaracaq. Bu bizim hamımızdan aslıdır”.

Kino günündə Azərbaycan Kinematoqrafçılar İttifaqının “Mən qadınam” qısametrajlı bədii film ssenari müsabiqəsinin qalibləri mükfatlandırılıblar.

Qeyd edək ki, müsabiqənin münsiflər heyətinin sədri Nadir Bədəlov və  münsiflər heyətinin üzvləri Əli İsa Cabbarov, Vaqif Azəryar, Sevda Sultanova, Asif Rüstəmov müsabiqəyə qatılmış  100 ssenaridən 20 əsəri finala buraxıblar. Təqdim edilən ssenarilərin 60 faizi qadın müəllif olub.

Müsabiqədə 1-ci yer – “Dilbər”, ssenari müəllifi  Orxan Məmmədli; 2-ci yer “Zənbil”, ssenari müəllifləri Mirmehdi Ağaoğlu, Mətləb Muxtarov; 3-cü yer  “Neçəyədir?”, ssenari müəllifi Günel Şamilqızı qərar tutub.

Qaliblərdən yazar Mirmehdi Ağaoğlu Azərbaycanda qadın problemləri ilə zəngin ölkə olduğunu vurğulayıb: “Etiraf etmək lazımdır ki, qadınlar daha çox basqıya məruz qalırlar. Biz bunu gündəlik həyatımızda görürük. Hətta müəyyən ənənələrdən gəlmə xüsusiyyətləri hamımız daşıdığımız üçün özümüz də istər-istəməz o basqıları qadınlara tətbiq edirik”.

“Dilbər” ssenarisi ilə münsiflərin qəlbini fəth etmiş, birinci yerin sahibi Orxan Məmmədlinin ssenarisi mərsiyə sənəti ilə də bağlıdır. Onun qəhrəmanı ucqar kənddə yaşayan, diqqətdən kənarda qalan bir teatr aktrisasıdır.

Kino günü ilə bağlı keçirilən tədbirdə İttifaq ənənəvi olaraq mükafatlandırdığı kinematoqrafçıları da elan edib.

  • İkin Yusif (rejissor) – “Mən qəhrəman axtarıram” sənədli  filminin uğurlu rejissor həllinə görə;
  • Rəşid Ağamalıyev (animator) – Azərbaycan animasiyasının beynəlxalq əlaqələrinin inkişafında xidmətlərinə görə;
  • İntiqam Hacılı (prodüser) – Müstəqil kinonun inkişafında və bölgələrdə kino mühitinin canlandırılmasında xidmətlərinə görə təltif olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir.

Mərasimin bağlanışını Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev edib. O bildirib ki, Azərbaycan kinosu toparlanıb öz yolunu davam etdirəcək.

aki.az