Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni üzvlər qəbul olundu

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.

İclasda mayın 31-də keçiriləcək konfransın yeri, vaxtı təyin edilib, gündəliyi təsdiq olunub.

İclasda Xalq artistləri Rasim Balayev, Həmidə Ömərova, Əməkdar incəsənət xadimləri Firəngiz Qurbanova, Cəmil Fərəcov, Mirbala Səlimli, Ziya Şıxlinski, rejissorlar Oleq Səfərəliyev, Tahir Tahiroviç iştirak edib.

Bununla yanaşı Kinematoqrafçılar İttifaqının üzvlüyünə ərizə verənlərin namizədliyi müzakirə olunub və səsvermə keçirilib. Əməkdar artist Rasim Cəfərov, sənətşünas Nadir Bədəlov, ssenaristlər Elza Ağayeva, Reyhan İsayeva, prodüser Oksana Rəsulova, kinoaktyor Manaf Dadaşov, animasiya operatoru Ramiz Ağayev, kaskadyor-aktyorlar Sain Fərmanlı və Murad Abdullayev Kinematoqrafçılar İttifaqına üzv qəbul olunublar.

Qeyd edək ki, mayın 31-də keçiriləcək konfransda Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədri seçiləcək.