Azərbaycan Kinematoqrafçılar İttifaqında serial ssenarilərinin problemləri barədə müzakirə keçirildi

İyunun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqında serial ssenarilərinin keyfiyyəti, qüsurları, problemləri barədə müzakirə keçirildi.

Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov və kinoşünas Sevda Sultanovanın moderatorluğu ilə keçən müzakirədə ssenaristlər Fariz Əliyev, Xanım Aydın, Elxan Xanəlizadə, Çinarə Nüsrətli, Reyhan İsayeva, Azər Səlimli, Könül Ələsova, Şəbnəm Türbəndəzadə , Talıb Əhmədov iştirak ediblər.

Sevda Sultanova: Bu, bizim serial mövzusu ilə bağlı ikinci müzakirəmizdir. Mövzuya müraciətimizin məqsədi bu sahənin problemlərini diqqətə gətirmək və  serial sənayesində hansı uğurların əldə olunmasını öyrənməkdir.  Bu dəfəki mövzumuz serial ssenariləri ilə bağlıdır. Maraqlıdır ki, ssenaristlərin çoxunun ixtisası başqadır və bugün serial sahəsindəki inkişaf həm də, bəlkə daha çox onların sayəsində əldə edilib. Bu, bir mesajdır ki, ssenari təhsilində islahatlara ehtiyac var?

Elxan Xanəlizadə: İncəsənət Unuiversitetinin ümumi fəaliyyətindən yox, konkret profilə görə danışsaq, ssenari sahəsində verilən təhsili söküb təzədən yığmaq lazımdır. Əvvəl orda kafedralar başqaydı, indi birləşdiriblər. Filankəs yaxşı oğlandır, filankəs yaxşı qızdır prinsipilə adamları yığıblar ora. Və onların ssenariyə dəxli yoxdur. Orada  serial ssenaristi, sənədli film ssenaristi və s. ixtisaslar var. Tərcümə olunmuş iki kitabdan istifadə edirlər. Dünya kino məktəblərində tədris olunan təhsil proqramı bizim təhsillə uzlaşmır. İncəsənət Universitetində ssenari üzrə proqramla verilən təhsil özünü doğrultmur. Orda oxuyan tələbələr sadəcə bilirlər ki, remarka nədir, obrazlar nədir.  Yəni nəzəriyyədən səthi bir şeylər bilirlər.  Əgər ona bir situasiyanı versən ki, bunu filan cür yarat, edə bilməyəcəklər. Əslində ssenarist öz ölkəsinə bələd olmalıdır: tarixinə, mədəniyyətinə, qanunlarına, ailə münasibətlərinə. Hətta bankda kredit necə alınır belə, onu bilməlidir. Bilmirsə soruşmalıdır. İnsani münasibətləri seriallarda düzgün vermirlər. Mən arada efirdə rast gəlirəm, ən kobudlarını deyəcəm. Tutaq ki, kişi ilə qadın gecəni bir yerdə keçirirlər, səhər qadın oyanıb deyir ki, “əzizim mən hamiləyəm”. Yəni bunu yazan adam bilməlidir ki, hamiləlik prosesi üçün minimum heç olmasa 30 gün lazımdır. Aktyor deyir, ssenaristə deyirəm ki, bu, niyə belə yazılır? Deyir, əşşi serialdır da, olsun. Yəni ssenarist belə yanaşmamalıdır. Ssenarist özünü o situasiyanın içinə qoymalıdır. Bununla demək istəmirəm ki, büdcə azdır, prodüserlər ordan kəsirlər və ya  rejissor düz çəkmir. Yaxud  aktyor ona verilən vəziyyəti düzgün icra eləmir. Yəni ssenaridəki kasadlıq, primitivlik dərhal tamaşaçını vurur. Söhbət hələ dramdan gedir. Komediyalar başqa söhbətin mövzusudur. Ssenari düzgün yazılmayanda, həkim, polis seriala baxanda öz sahələrinə aid olan hissələrdə boşluqları görürlər. Sosial şəbəkələrdə yazılan şərhlərlə bu cür vəziyyətlər ələ salınır. Və bu zaman keyfiyyətli serial ssenaristi utanır desin ki, mən ssenaristəm.

S.Sultanova: Sizə ssenarist kimi belə iradlar tutulub?

E.Xanəlizadə: Mən maksimum diqqətlə yanaşıram. Ona görə rast gəlməmişəm. “Yuxu kimi”də belə vəziyyət olmuşdu. Serial onu xoşlayır ki, hər şeyi detallı izah edəsən. Baş qəhrəman deyir ki, deyəsən, biz üç nəfər olacağıq. Sonrakı bölümlərdə həkim bunun yalançı hamiləlik olduğunu deyir. Bu məqamı ginekoloqla məsləhətləşmişəm ki, tibbdə belə bir termin var, yalançı  hamiləlik. Şərhlərdə isə yazırlar ki, ssenaristin yadından çıxıb ki, filankəs hamilədir. Təbii ki, yüz tamaşaçının yüzü də ağıllı deyil. Bəzi tamaşaçlar da sevinir ki, kimdəsə səhv tapsın. Bütün səhvlər ssenariyə dayanır. Ssenarist gərək məntiqi ardıcıllığı qorusun. Serial var ki, bu otaqda personajlar dalaşır, onu döyüblər, amma qapıdan  gülə-gülə çıxır. Bir dəqiqə əvvəl bu adamın əhvalı belə deyildi axı, bu adam belə əhvalda  ola bilməz.

Reyhan İsayeva: 17-18 yaşında məktəbdən gələn uşaq nə bilsin ki, ssenarist olmaq nə deməkdir?! Adam var ki, həkimdir və birdən 30 yaşında yazmağa başlayır. İllərlə sən özünü axtarırsan və tapırsan. Bizdə elə uşaqlar var ki, ədəbi yaradıclığı qurtarıb, amma rejissor olub. İnsan özünü harda rahat hiss elədi, ora gedir. Ona görə 17-18 yaşlə tələbə ssenari yazmağın nə olduğunu bilmir. Mən kinoşünaslığı oxumuşam, kinodramturgiyanı biz də keçmişik, müəllimim Aydın Dadaşov idi. Yaza-yaza görürsən ki, bu, sənlikdir. Mən bir müddət qəzetdə, jurnalda işlədim və gördüm ki, bədii yazıda daha rahatam. Mənə elə gəlir ki, seçim yaşla gəlir. Amma bir məsələ var: əgər adam görürsə ki, onun ssenari yazmaq qabiliyyəti var, bunun təhsilini almalıdır. Kurs şəklindəmi, iki illikmi, bir illikmi. Yəni siz peşəkarlaşırsız. Mənə elə gəlir ki, kimsə İncəsənət Universitetində ədəbi yaradıcılıq, ekran dramaturgiyası ixtisası üzrə təhsil alıbsa, sonra hökmən ssenarist olmalıdır kimi qanun yoxdur.

E.Xanəlizadə.İncəsənət Universitetinin istənilən fakültəsini bitirən istənilən qrupdan 20 tələbə varsa, o 20 tələbənin 19-u yaradıcı işlə məşğul deyil. Azərbaycanda birdən-birə 15 rejissora ehtiyac yoxdur. Hər şeyi adıyla demədikcə, bu problemlər belə qalacaq. 15 adamı rejissorluğa qəbul edirlər. Təbii ki, onun içində biri ya ikisi istedadlı olur. 14-ü nə gəzir orda? 14-nü qovmaq lazımdır. Amma 14-ü ödəniş edir, ona görə lazımdır. Ssenaristlikdə hər ixtisasa görə bir nəfər buraxılmalı, ona normal təhsil verilməlidir və tələbə oxuduğu dörd ildə, mərhələli şəkildə  zamanla anlayacaq ki, o ssenarist olacaq? Olmayacaqsa orda oxumasın. Azərbaycan o ölkədir ki, heç kəs öz işi ilə peşəkar şəkildə məşğul olmur. Soruşursan kimsən, deyir Politexniki bitirmişəm. Nə işlə məşğulsan, ssenari yazıram.

Əli İsa Cabbarov: Elxan bəy, sizin ixtisasınız nədir?

E.Xanəlizadə: Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişəm.

Ə.İ.Cabbarov. Bu  qadağan etmir ki, ssenari yazasız?

E.Xanəlizadə: Normal təhsil olsa, insan ssenari ilə məşğul olar.

Şəbnəm Türbəndəzadə: Ssenari ixtisası ilə bağlı qəbul qaydası dəyişilməlidir. Bir müddət əvvəl jurnalistikaya qəbul adi qaydada idi. Son 5-6 ildə isə qabiliyyət imtahanı keçirilir. Və həqiqətən də jurnalistlik arzusu, yazı qabiliyyəti olan insanlar qəbul olunur. Ssenaristlik ixtisası üçün də qabilyyət imtahanına ehtiyac var.

S.Sultanova: İstənilən adam ssenari yaradıcılığı ilə məşğul ola bilər, əgər istedadı varsa. Fərqi yoxdur o haranı bitirib. Sadəcə, biliklərini təkmilləşdirmək üçün kurslara getməlidir.

Xanım Aydın: İndiki dövrdə hətta kurslara ehtiyac yoxdur. Çünki artıq onlayn ssenari ilə bağlı rusca, ingiliscə, türkcə master klasslar verilir. Kitablar var. Mən filoloqam və onların hamısını izləyirəm. Beş ildi ssenari yazıram və bizim yazdığımız ssenari əsasında çəkilən serial efirdə reytinqlərdə önlərdədir. Mən  ssenaristliyi qurtamsam belə, yaradıcılıq fakültəsini bitirmişəmsə, Kamal Abdulladan, Niyazi Mehdidən dərs almışamsa, hesab edirəm ki, yazmaq hüququm var.  Mən bu gün də ssenari fakültəsinə qəbul oluna bilərəm. Amma buna ehtiyac duymuram. İşlədiyimiz prodakşnda artıq 6 ildir ki, müxtəlif kanallar üçün seriallar yazırıq. Bizə köməkçi qismində xanımlar, bəylər yaxınlaşırlar. Amma biz ssenarist kimi onlarda o potensialı görə bilmirik. Çinarə xanım da, mən də hər birimiz bir neçə tələbə ilə işlədik bir müddət. Onlardan heç nə əldə edə bilmədik.

Könül Ələsova: Mən özüm İncəsənət Universitetində bədii yaradıcılıq və ekran dramaturgiyasını bitirmişəm. Əslində məni tarix müəllimim kəşf elədi. Hazırlığa gedirdim. Dərs oxumaq əvəzinə, tarixi şəxsiyyətlər arasında xəyal etdiyim dialoqu yazırdım. Bir gün tarix müəllimim bunu gördü. Dedi ki, sənin yerin incəsənətdir. İncəsənət deyəndə ağlıma aktyorluq gəlirdi. Ssenari heç ağlıma gəlmirdi. Ondan sonra o fakültəyə daxil oldum. Bizdə dərslik yox idi. Müəllimimiz Tarkovskinin əsərlərini tərcümə elətdirirdi, dərslik əvəzi ki, uşaqlar nə isə öyrənsin. Bir müddət sonra İctimai radioda işlədim, efirə də çıxdım. Amma gördüm ki, özümü tapmıram. “Qələm” qrupunun baş ssenaristi Valeh Əhmədovla qarşılaşdım. O, mənə dedi ki, bir mətn yazıb göndərin. Mətnimi oxuyandan sonra dedi ki, istedadın var. Sadəcə üzərimdə işləməliyəm.

S.Sultanova. Serial sahəsində komediya janrının yaranması daha çox KVN-dən olan ssenaristlərin hesabına baş verdi.  Və serialda komediyadan drama keçid alındı, amma kommersiya kinosunda bu, hələ ki, alınmır.

Talıb Əhmədov: Çünki seriala baxmaq üçün tamaşaçı pul vermir. Həm də burda Youtube faktoru var. Tamaşaçı düşünür ki, bir aydan sonra Youtube-a çıxacaqsa, niyə pul verib kinoteatra gedim. Həm də ona görə ki, kinoteatrlarda biletlərin qiyməti bizim tamaşaçıların büdcəsinə görə bir az bahadır. Ailənlə getdinsə daha baha olur.

Ə. İ. Cabbarov: Amma melodram cəhdləri də az olub.

T.Əhmədov: Bir iki nəfər eləyib. Amma bizim əhali daha çox komediya janrına üstünlük verir. Və bütün yadda qalan, dillərdə gəzən sözlər komediyalardan gəlir

Ə.İ.Cabbarov: Amma sovet vaxtında “Səni axtarıram” televiziya tamaşası çox baxıldı. Yəqin tamaşaçının nəbzini tutanda melodramda  da uğur qazanmaq olar.

Azər Səlimli: Mən bayaqdan diqqətlə dinləyirəm. Çalışırıq, ya da mənə elə gəlir-ittiham edək tələbələri, yəni onları qovmaq lazımdır, yaxud ittiham edək ki, tamaşaçılar baxmırlar, pul vermirlər. Məncə, istər universitetə qəbulda, istər kinoteatrda qoyulan qiymətlərdə bir az bizim sistemi qınamaq lazımdır. Siz deyirsiz ki, tələbəni qovaq. Tələbəni qovan onu ora qəbul edən adamdır. Biz oyun oynayırıq ki, bugün qəbul edək, sonra qovaq?! Demək ki, qəbul kriteriyalarında dəyişiklik etməliyik ki, 14 nəfər o qapıdan içəri girməsin. Mən tam onun da tərəfdarı deyiləm ki, istedad kifayətdir, onun da tərəfdarı deyiləm ki, mütləq təhsil olmalıdır. İstənilən elm sahəsində təhsil, nəzəriyyə nə deməkdir? Bizdən əvvəlki nəsillərin təcrübəsindən götürdükləri qeydlər, gəldikləri nəticələr. Demək ki,o təcrübəni öyrənməklə bərabər, biz özümüz də yaşamalıyıq, yıxılmalıyıq, qorxmalıyıq, ağlamalıyıq ki, bizim təcrübəmiz də on ildən sonra nəzəriyyəyə bir cümlə əlavə eləsin. Əgər bunu bacarmırıqsa bu sahədən getməliyik. Yoxsa, yalnız universitet biliklərinə istinad mütləq şərt deyil. Dram, komediya məsələsinə gəlincə. Azərbaycanda dil inqilabına ehtiyac var. Bizim atamızla-anamızla danışdığımız dildə biz televiziyada danışmırıq. Nəinki serialda və kinoda, hətta efirdə danışmırıq. Bizim burda qurduğumuz cümlələr, danışıq tərzimiz, səs tembrimiz evdən zəng gəlsə yüz faiz dəyişəcək. Kinoda, teatrda, serialda elə olmalıdır ki, aktyor danışanda mən elə bilim ki, dostum danışır. Çünki ona inanım, tanıyım, onun dərdinə şərik olum. Biz hələ düz əməlli danışa bilmirik. Bizdə danışıq dilində istifadə olunan sözləri yazırsan, deyirlər niyə rus sözündən istfadə elədin, ədəbi dildə yazanda da deyirlər sünidir. Bizə bir inqilab lazımdır dil sahəsində. Kinosənayesi  hərb sənaeysi kimidir. Bir tankın istehsalı üçün həm dəmir, polad sahəsi inkişaf etməlidir, həm tankçı yetişdirən sahə inkişaf etməlidir. Mənə elə gəlir ki, indi bizə ən böyük kömək filoloqlar, linqvistlər etməlidir.  Bizim dildə inqilab etməlidirlər. Biz ya ipəzor sözünə gülməliyik, ya da, bunu qəbul etməliyik. İpəzor olmasın, ipəgüc olsun. Yəni nədənsə başlamaq lazımdır ki, dil inkişaf etməlidir. İkinci məsələ, kinoteatrlarımız tamaşaçı üçün əlçatan deyil. Biletin qiymətinin 9 manat olmasıyla deyil. Bizim səhv etmək şansımız yoxdur. Baha edirik, gəlirlər ya gəlmirlər onunla da bitir. Amma  Bakının kəndlərində, rayonlarda, klublarda 2-3 manata etmək lazımdır biletlərin qiymətini. Yəni o qədər əlçatan olmalıdır ki, səhv edəndə də rahat olmalıyıq ki səhvdi oldu, gələn dəfə düzəldərik. Bir də var, on ildə bir iş adamının kefinə düşüb  100 min verəcək ya verməyəcək ki, bir film çəkək. Bir filmlə inqilab olmur axı. Biz necə edək ki, ikinci filmi çəkə bilək və baxılsın. Kinosənaeyinin inkşafı üçün biletlər ucuz olmalıdır. Kinoda lüks maşınlar istehsal edə bilmək üçün ekonom maşınlarımız çox olmalıdır. Problemin kökünü düz tapsaq, bir-birimizə dəstək olsaq, səhvlərimizi desək və qəbul etsək, özümüzü inkişaf etdirsək kinosənayesi də inkişaf edəcək.

T.Əhmədov: Bilmirəm, İncəsənət Universitetində necə dərs keçirlər. Amma mənə elə gəlir ki, sovetin vaxtındakı sistemdən çıxmaq lazımdır. İndi zaman dəyişib. Müəllimlərin özlərini də kurslara göndərmək lazımdır ki, dünyada ssenari necə sistemlə yazılır.

E.Xanəlizadə: İncəsənət Universitetində televiziya rejissorluğuyla kino rejissorluğu eyni kafedrada birləşib. Belə şey olmamalıdır.

T.Əhmədov:  Əgər problem varsa, tək ssenaristin günahı deyil, tək rejissorun da günahı deyil. Bu, kollektiv işdir. Çünki ssenari mükəmməl ola bilər, amma rejissor onu düzgün verə bilməz. Bizdə çox olub belə problem. O qədər olub ki, yazdığımız yumor səhnələrində balaca bir cümlə, mimika o məzmunu öldürüb. İşıqçıya kimi hər şey mükəmməl olmalıdır.

A.Səlimli. Bugünki ssenaristlərin problemlərindən biri odur ki, ixtisaslaşma yoxdur. Yəni mənə xoş deyil ki, serial da yazım, reklam da, toy da, film də. Elə mövsüm olub ki, mən 7-8 ayrı işi eyni vaxtda görmüşəm. Mən özüm-özümə o tələbi qoya bilmərəm ki, möhtəşəm yazım. Ən azı fiziki olaraq mümkün deyil. Sənayedə ixtisaslaşma çox geridədir. Məndən soruşsalar ki, nə ssenaristisən , deyərəm ki, mən serial ssenaristiyəm. Amma daha çox nə yazıram? Yəni başqa sahələrdə də işləyirəm.

E.Xanəlizadə. Ssenari ruh məsləsidir. Yəni bugün kompüteri açdım, 10 min işarə yazacağam deyə bir şərt yoxdur. Elə gün olur ki, yaza bilmirsən. Amma elə gün olur ki, o vəziyyəti təsəvvür edə bilirsən. Bir də var nə qədər çalışsan da,  gəlmir. 50 faiz ruhdursa, 50 faiz də təhsilidir.

S.Sultanova: Azərbaycanda serialların çoxu ailə, məişət mövzusundadır. Hansısa ictimai prosesi, konkret başqa sahələri tibbi, güc strukturlarının fəaliyyətini əks etdirən seriallar azdır. Yaxınlarda yayımlanan, polislərin fəaliyyətindən bəhs edən “İfşa” kimi seriallar çox deyil.

Fariz Əliyev: Mən “İfşa” serialının sırf ssenaristi deyiləm. Daha çox prodüserəm.  Ümumiyyətlə, bu işə daha çox biznes kimi baxıram. “İfşa” serialını hazırlayanda əvvəldən reytinq nəzərdə tutulmurdu. Yəni serial  var ki, əvvəldən nəzərdə tutursan ki, bu, reytinqə işləməlidir. Bizim ölkədə yüksək reytinq verən çox  layihələrimiz olub, istər serial, isrtər televiziya verilişi, istər film. “İfşa” isə ATV ilə Daxili İşlər Nazirliyinin birgə işidir, bir sifarişdir. Burda ssenaristdən çox, məsləhətçi və layihənin necə qurulması yönündə işləyirəm. Daha çox prodüser kimi çalışıram. İndi ARB kanalında baş prodüserəm. Yazıram, amma daha çox istehsalat tərəfləri ilə məşğulam. Mənə maddi tərəfdən maraqlı olan filmdir. “My name is İntiqam, “Əfsanə qayıdır”, “Hoqqa”, “Gizlənpaç”, “Qızqaçırtma”, “Bayram axşamı” filmlərinin ssenaristiyəm. Mən müzakirəyə çox açıq adamam, desələr ki, o, film deyil, mən razıyam. Mən heç vaxt deməmişəm ki,  güclü ssenaristəm. 2003-cü ildən 2008-ci ilədək Azərbaycanda  serial və televiziya verilişi bazarında mənəm mənəm deyən  ssenaristlərin hamısı “Yeni bakılılar” klubundan çıxıb:  Mürsəl Mahmudov, Faiq Ağamalıyev, Valeh Əhmədov, Ənvər Abbasov, Kənan Yusif, Erkin Ergün, Səməndər Rzayev, Vüsal Hacı Qədir. Televiziyada o qədər kadr çatışmazlığı oldu ki, televiziyanın hansı daşını qaldırdın altından KVN-çilər çıxdı. Telekanallarda idarəçilərin, prodüserlərin əksəriyyəti KVN-çilərdir.  Bu, ona görə deyil  ki, KVN böyük məktəb idi. Ona görə idi ki, İncəsənət Universiteti  televiziyaya kadr verə bilmirdi. Təcrübədə uduzurdular. Mən demirəm ki, biz daha çox istedadlıydıq. Bizi daha çox qabağa çəkən əzm, iradə, məğlub olmamaq idi. Çünki bizə orda onu öyrətmişdilər. Bizim gücümüz həm də işimizi sata bilməkdə idi. Bir işi yazmaq, ərsəyə gətirmək başqa istedaddı, onu satmaq, icra etmək başqa. Azərbaycanda güclü ssenaristlər var ki, sata bilmir məhsulunu. Mənə  göndərilən elə yaxşı ssenarilər var ki, utanıram, ona nöqsan bildirim. Onun aləmində üç ssenarist varsa, biri mənəm. Onu qınamıram. Çünki kommersiya filmlərinin ən çox ssenarist kimi mənim adım var.  Problem ondadır ki, o, işini sata bilmir, balaca bir tənqiddən sonra inam itir, ruhdan düşür və başqa sahədə işləyir.

Mənə elə gəlir ki, ssenarist, xanımlı kişili daxildə çox xuliqan olmalıdır. Dalaşqan olmadınsa ssenarist necə ola bilərsən. Bizim daha çox yaxşı inandırmaq bacarığmız var, inandırmaq deyəndə təkcə prodüseri demirəm, tamaşaçını da inandırmağı nəzərdə tuturam. Bayaq vacib bir nüansa toxunuldu ki, personaj otaqda başqa əhvalda olur, çıxanda başqa. Bilirsiz bu nədən irəli gəlir? Mən kanalın baş podüseri olaraq onun(serialın) icrası ilə məşğul olan və maliyyə ayıran tərəflərdən biriyəm. Azərbaycanın serial bazarında maliyyə azdır. Əvvəlcə, bir 15 gün iç məkanları çəkirlər.  O otağın içindki çəkiliş günü ilə otağın çölündəki çəkiliş günü arsında bəlkə də minimum 20-25 gün fərq olur. O adamın özünün yadından çıxır ki, hansı əhvalda olub . Aktyor 20 gün ərzində minimum 3-5 serialda oynayır, başqa başqa obrazlarda. Yadında qalmır. Deməyim odur ki, belə olan halda nə onun yadına düşür, nə rejissorun, nə qrimçinin.  Bizdə çox nadir hallarda ssenarist gəlib meydanda müəllif nəzarəti edir. Bizdə belə deyək, əhval ruhiyyə “skaçoku” var. Mən məsələni tək maliyyənin üstünə atmaq istəmirəm. Amma heç olmasa, səhvləri ilə doğruları ilə prodakşnlara dəstək vermək lazımdır. Hər halda 3-4 il bundan qabaqkı vəziyyət deyil. Bir də bir reallıq var.  Düzdür, mən ideyalarımı yaxşı satıram, inandıra bilirəm. Amma mən nəticə verməsəm, 15 film kassa verməsəydi, ikinci filmi heç vaxt sifariş verməyəcəkdilər. Deyə bilərsiz ki, komediya janrına görə kassa olur. Amma hər komediya da gəlir gətimir axı.

Mən dəfələrlə rejissorlarla mübahisəyə çıxmışam. Rejissor deyir ki, mən filan səhnəni belə görürəm. Deyirəm ki, özün maliyyə tapanda istədiyin kimi çəkərsən. Əgər mənim yazdığım film, bütün xərci çıxandan sonra 350 min qazanc verirsə, deməli, nəyisə biz yaxşı bilirik. Azərbaycanda kinoteatrları silkələyən ilk film “My name is İntiqam” olub. Sözümü ona gətirirəm ki, biz doğrudan da uğur əldə etmişiksə, deməli, nəsə bilirik. Dünyada da istehalat komediyanın üzərində qurulur. Çünki komediya az maliyyə tələb edir. Dram niyə uğur gətirmir? Çünki bizdə dram ulduzları hələ  yoxdur. Biz filmi yazsaq da ssenaristləri tamaşaçı tanımır. Çünki filmi birinci satan posterdir. Mən istedadlı, peşəkar aktyorla ulduzları ayırıram. Bizdə serial tamaşaçısı başqa, Youtube  tamaşaçısı başqa, İnstaqram tamaşaçısı başqadır. Kinoteatr tamaşçısı pul xəcləyən kontingentdir. Bizdə daha çox evdar qadınlar, yəni pul xərcləməyən kontinget televiziyaya baxır. Bizdə kinoteatra gedənlər gənclər, tanış olan cütlüklər, sevgililər, nişanlılardır. Yəni yetər ki, sən tamaşaçını tanıyasan. Peşəkar aktyora serialda baxan tamaşaçı kinoteatrda pul verib gəlmir. Kinoteatra gələn başqa təbəqədir.

T.Əhmədov: Bir də bizdə ssenaristlərə sifarişçilər, prodüserlər böyük çərçivələr qoyurlar. Tutaq ki, serialdır, deyir bir evin içində olsun. Çünki maliyyə azdır. Bir evin içində film ola bilər, serial yox.

X.Aydın: sizin dediyinizə əlavə olaraq deyim ki, pandemiya dövründə seriallarda çətinliklər çox oldu. Xüsusən gündəlik seriallarda. Pandemya ilə bağlı naturada nə qədər çətinlik, müəyyən məhdudiyyətlər oldu. Amma pis-yaxşı serial çəkilməlidir ki, inkişaf edək. Bizim “Uçurum” serialı Youtube-da qoyulanda, trenddən düşmürdü. Hazırda bizdə dördüncü mövsum olacaq. Mən rəyləri izləyirdim ki, tamaşaçının nə xoşuna gəlir, səhvi nədə görür. Düzdür, haqlı-haqsız da olur. Amma səhvlərimi görəndə onu növbəti dəfə etməməyə çalışıram. Sosial mövzulara gəlincə, bunlara toxunulmalıdır. Həm gündəlik, həm həftəlik seriallarda. Orda da çərçivələr var. Amma biz daha çox erkən nikah məsələsinə yer veririk. Əgər ucqar kənddə bir xanım baxıb erkən nikahın pis fəsadını görəcəksə, bu, maarifləndirərsə, nə gözəl.

F.Əliyev: Televiziyanın məsul adamı kimi deyirəm: bizdə tamaşaçda belə qənaət yaranıb ki, Youtube-da çəkilən audiovizual məhsullar telekanalların məhsullarından daha güclüdür. Televiziya şəxsi kanalımız deyil. Youtube isə şəxsi kanaldır. Televiziya tamam başqa formatdır və burda mövzulara həssaslıqla yanaşmalısan, məsuliyyət duymalısan.  Amma Youtube-da daha rahatsan. Bu mənada kimin zəif, kimin güclü olması əslində bilinmir.  Televiziyada hər mövzunu qaldırmaq olmaz. Uğur mövzuların reytinqindədir, dialoqda, ssenarilərdə deyil. Mövzu udur. Biz bilirik ki, nələr olar, nələrsə olmaz. Kişi xəyanətini sosial verilişlərdə müzakirə etmək olar, qadın xəyanətini yox. Mən də razıyam. Amma qadın xəyanəti yoxdu ki?!  Yəni Youtube-da istədiyini edə bilərsən. Televiziyada isə daha çətindir, onun öz qanunu qaydası var. Seriallarımızda mövzu qıtlığı ssenaristin mövzu qıtlığı keçirməsiylə bağlı deyil. Bundan başqa, bizdə məkan qıtlığı var. Ən çox çatışmayan məkanlardan təyyarənin içi, metro  və şəhərlərarası qatarların içi, həbsxanalar, polis şöbələridir.  Məkan çox olduqca ssenari sənə azadlıq verir. Sən türməni türmədə çəkməmlisən. Sən xəstəxananı xəstəxanada çəkməmilsən.  Bu məkanlar üçün pavilyonlar lazımdır. Sizi inandırıram ki, pavilyonlarda təyyarənin içini düzəltəsələr, artıq prodüser özü sifariş verəcək ki, təyyarə səhnələri salın. Bizdə seriallar villadan başlayır. Villa tikənlər serial bazarını yaxşı bilirlər. Villalar serialı arendaya verirlər. Problem odur ki, beş serial eyni villada çəkilir və eyni rakursdan. Çünki, məsələn, Novxanıda bir villa var, onun kirayəsi ucuzdur.

A.Səlimli:Maliyyə məsələsi bu işin genetikasını dəyişdi. Geni dəyişdirilmiş seriallarımız var. Normalda bizim bir əhvalatlmız olmalı, onu təklif etməliyik, inandırmalyıq, daha sonra çəkməliyik. Amma bizdə tərsinə olur. Deyirlər ki, villa var, Müşfiqlə Fərda oynayacaq, ssenarini də Fariz yazacaq. Üç dənə işığınız var və buna nəsə yazın.

F.Əliyev. Bizdə şəxsi müansibətlər deyilən bir şey var. 90 faiz həmişə işlədiyi ssenaristlə işləmək istəyir. Mən həmişə demişəm, dövlət tərəfindən qurum yaradılmalı və istedadlı adamlara sahib çıxmaq lazımdır. İstəyir ssenaristlər üçün, istəyir başqa sahənin adamları üçün tez-tez həvəsləndirici müsabiqələr, yarışmalar keçirilməldir. Şəxsən mənim üçün o qədər də maraqlı deyil, ssenari təhsili alım. Niyə? Rəqabət o qədər çox olmalıdır ki, mən görsəm, kimsə bu bazarda məndən güclüdür, onda artıq məcbur olacam ki, xaricə gedim, peşəkarlğımı artırım, kitablar oxuyum. Çünki rəqabət ortaya güclü ssenaristlər çıxarır. Amma indi necədir? Film yazıram tutur, yaxşı pul qazandırır, televiziya layihələrim tutur. Söhbət tək məndən getmir. Rəqabət olmalıdır. Mövcud vəziyyət budur ki, tamaşaçı bizim yazdığımız ssenariləri, çəkdiyimiz filmləri yeyir. Əgər kimisə keyfiyyət narahat edirsə, onda ilk növbədə tamaşaçının intellektual səviyyəsini qaldırın, maarifləndirin. Biz tamaşaçının istədiyini veririk.

T.Əhmədov: Maarifləndirmədən söz düşmüşkən, biz Vüqarla (ssenarist Vüqar Hüseynov nəzərdə tutulur)həmişə ssenari yazanda, çalışırıq ki, intellketual təbəqəni də nəzərə alaq. Bilirik ki, digər təbəqə bunu anlamayacaq, amma biz çalışırıq ki bəzən elə səhnələr, vəziyyətlər əlavə edək ki, intellktual təbəqəni də cəlb edək. Amma bizə prodüser ya sifarişçi deyir ki, qıjı yazın qıjı. O daha yaxşı tutur. İmtina etidyimiz məqamlar da olur, razılaşdığımız məqamlar da. Amma Fariz düz deyir o yeyilir.  Çünki reytinq verir.

S.Sultanova: “Bir qadın” serialı ilə bağlı sual vermək istəyirəm. İlk bölümlərə baxanda belə təəssürat vardı ki, burda normal qadın obrazı yoxdu. Qadın obrazlarını yaradarkən nələrə, hansı gerçəkliyə  istinad edirsiz.

Çinarə Nüsrətli: Birinci onu deyim ki, obraz mənim üçün bir vasitədir. Yəni bir əsər yazarkən oxucuyla birbaşa empati qura bilirəmsə, serialda bu belə deyil, yaratdığım obraz mənim tamaşaçıyla aramdakı vasitədir. Ona görə obrazı yaradarkən, onun xarakterini formalaşdırarkən xüsusilə səfərbər oluram. Ümumiyyətlə, tək qadın yox, elə kişi obrazını da yaradarkən, çalışıram ki, ümumiləşdirilmiş obraz olsun. Bir halda ki, söhbət məhz qadından gedir, onda deyim ki, qadın obrazını ərsəyə gətirəndə birinci diqqət etdiyim həmin qadının cəmiyyətdəki yeridir. Daha sonra onun soial həyatdakı rolu, ailəsindəki davranışları və s. Təəssüf ki, bu gün cəmiyyətimizdə bir çox problemlərin kökündə məhz qadın zorakılığı, qadına qarşı haqsızlıq, hüquqlarının əlindən alınması kimi faktorlar dayanır. Ekran ən böyük kürsüdür, ən geniş auditoriyadır. Çalışıram ki,  obraz vasitəsilə müəyyən qədər də olsa, cəmiyyətə mesaj ötürə bilim. Yəni qadın cəmiyyətin iki sütunundan biridir, qadın yaranışından yaradıcıdır. Heç şübhəsiz müəllifin marifpərvərlik missiyası var. Cəmiyyətə ən yaxşıları təlqin etmək, mənfilərlə də səhvləri göstərmək…  Ekran həm də güzgüdür. Bəzən tamaşaçılar serialdakı obrazların hay-küylə danışmağını, qara-qışqırığını tənqid edirlər. Məgər həyatda belə insanlar yoxdur? Hər halda insan özünə kənardan baxır, nəyin yaxşı, nəyin qeyri-etik göründüyünü anlayır və bir nəticə çıxarırsa, nə yaxşı…O ki qaldı ssenarinin ekran həllinə, ssenari aysberqin görünməyən tərəfidir. Burada tək ssenaridən söz gedə bilməz. Ona görə də ssenarinin uğur qazanması və bir obrazın ərsəyə gələ bilməsi üçün tək ssenari yox, kollektiv işi lazımdır. Elə mükəmməl ssenari ola bilər ki, rejissor onu gözdən salar. Və yaxud da əksinə. Əgər məqsəd uğurlu iş ortaya qoymaqdırsa, ssenaristdən tutmuş ən xırda texniki işçiyə qədər hamı işə məsuliyyətlə və yaradıcı yanaşmalıdır.

S.Sultanova: Seriallarda  bədii əsərlər az ekranlaşdırılır. Halbuki, bizim seriala yararlı ədəbi əsərlərimiz var. Reyhan xanım, sualım sizədir, siz “Solğun çiçəklər”, “Təhminə və Zaur” seriallarının ssenaristlərindən birisiz. Məşhur ədəbi əsərlərin seriala gətirilməsini tamaşaçı necə qarşılayır?

R.İsayeva:Bizim tamaşaçı çox mühafizəkardır. Bizim serialların üşüncü dördüncü sezona keçməyini analiz edirəm. Bu, bizim xarakterizmidən irəli gəlir. Biz efirdə bu adamlara öyrəşdik, sevdiksə dəyişiklik istəmirik. Kanal rəhbərliyi də görür ki, serial reytinq verir, tamaşıçının  gözü öyrəşib. “Solğun çiçəklər” uğurlu layihə oldu. 8 seriya idi. Ümumi ədəbi material baxımından maraqlı, hadisəli idi. Ancaq gündəlik seriala əlavə personajlar, konfliktlər gətirib uzatmalısan. Bu, gündəlik serialın əsasıdır. “Təhminə və Zaur”a gəlincə, təbii ki tamaşaçı mühafizəkar olduğuna görə alınmadı. Tamaşaçı  filmi görüb,  onun təsəvvüründə artıq bir obraz var.  Yeni adaptasiya onlara yad gəldi və qəbul etmədilər. Bu da bizim üçün təcrübədir. Ola bilsin, ki ekranalaşdırılmamış əsəri gələcəkdə edərik.

aki.az