Azərbaycan Kinematoqrafçılar İttifaqının hesabatı

Azərbaycan Kinematoqrafçılar İttifaqı(AKİ) ölkənin peşəkar yaradıcı kino işçilərini könüllü əsaslarla birləşdirən ictimai təşkilat olaraq 60 illik fəaliyyəti dövründə kino təhsilinin inkişafında, milli filmlərin təbliğatında böyük rol oynamış, festivalların keçirilməsində öz maddi və mənəvi dəstəyini əsirgəməmişdir. Son görülən işlər, həyata keçirilən layihələr mütəmadi olaraq İttifaqın mətbu orqanı olan Aki.az saytında dərc edilərək geniş oxucu auditoriyasına təqdim olunur.

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti  bu il görülmüş işlərin hesabatını təqdim etməklə yanaşı qeyd edir ki, 2021-ci il üçün fəaliyyət istiqamətləri əsasən kino təhsilinin dəstəklənməsi, milli filmlərin təbliği, festival hərəkatının dəstəyi, kino nəşrlərinə dəstək, ssenari müsabiqələrin təşkili və kinematoqrafçıların sosial dəstəyi olub. Görülən işləri təqdim edirik:

  • 7 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Kino şöbəsi tərəfindən müzakirəyə çıxarılan Azərbaycan Kinematoqrafiyası İnkişafı Konsepsiyası layihəsini müzakirəsi keçirildi. Kino şöbəsinin yeni rəhbərliyinin operativ qaydada və müasir cərəyanları nəzərə alan bir proyekt hazırlandığı qeyd olunub və kinomuzun problemlərinin həlli istiqamətində əməli təkliflər irəli sürülüb.
  • 26 yanvar Azərbaycan Kinematoqrafçılar İttifaqında “Azərbaycan kinosunda qadın” mövzusu – kinomuzda qadın personajlar, kinematoqrafçılarımız arasında qadınların sayı və s. məqamlar müzakirə edildi, qadın kinosunun problemləri səsləndirildi.
  • 10 fevral  “Azərbaycan kino sənəti tarixi” 4 cildlik kitabının təqdimatı və müzakirəsi keçirildi. “Azərbaycan kino sənəti tarixi” tədqiqatı Azərbaycan Demokratik Respublikasının 100, Azərbaycan kinosunun 120 illik yubileylərinə həsr olunub. AKİ Kino dərsliyi, kino tarixi, kinoşünaslıq nəşrləri sahəsində boşluğu doldurmağı vacib hesab edərək bu sahədə nəşrlər davam etdirəcəyini bildirib.
  • 26 fevral  Azərbaycan Kinematoqrafçılar İttifaqında “Qadın.Müharibə.Kino” mövzusunda müzakirə oldu. Aygün Aslanlı, Zemfira Əbdülsəmədova, Münəvvər Əliyeva, Zümrüd Qasımova, Samirə Əşrəf, Səidə Haqverdiyeva və b. iştirak etdiyi müzakirədə Qarabağ müharibəsi iştirakçısı, baş leytenant Kəmalə Qəhrəmanova öz döyüş yolundan danışıb. Filmlərdə bu mövzunun hansı konsepsiya ilə işıqlandırılması istiqamətində təkliflər səsləndirildi.
  • 6 Mart  Azərbaycan Kinematoqrafçılar İttifaqında “Komediyalarımızın bu günü və sabahı” mövzusunda müzakirə keçirilib. Müzakirədə komediya filmlərinin bu gün və sabahından danışılıb, kinoteatrların sayının çoxalması və dövlətin kino sektorundan distansya saxlamasını filmlərin keyfiyyətinin artmasına səbəb olacağı fikirləri səsləndirilib.
  • 16 mart Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə, 2020-ci ilin avqust ayında start götürmüş Qarabağ müharibəsi həqiqətlərinin kinoda ifadəsi və dünyada təbliği məqsədilə “Qarabağ.İnsan.Qələbə” tammetrajlı ssenari müsabiqəsinə yekun vuruldu, qaliblərin adı açıqlandı, pul mükafatları verildi.
  • 17 Mart  Azərbaycan Kinematoqrafçılar İttifaqında teatrşünaslıq və kinoşünaslığın problemləri, inkişafı mövzusunda müzakirə keçirilib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Teatr, kino və televiziya” şöbəsinin müdiri Vidadi Qafarovun, ADMİU-nun teatrşünaslıq kafedrasının müəllimi Elçin Cəfərovun, teatşünaslar Aliyə Dadaşovanın, Emin Əliyevin və b. iştirak etdiyi müzakirədə kinoşünaslığın və teatrşünaslığın durumu müqayisə olunub.
  • 8 aprel Azərbaycan Kinematoqrafçılar İttifaqı kitabtoplama kampaniyasına qoşuldu. Xatırladaq ki, Azərbaycan Milli Kitabxanası işğaldan azad olunan bölgələrdəki kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar kitabtoplama kampaniyasına start vermişdir. Qarabağ kitabxanaları üçün başlanan bu nəcib aksiyaya Azərbaycan Kinematoqrafçılar İttifaqı da biganə qalmadı. İttifaq ilkin mərhələdə müxtəlif janrlı əsərlər-Azərbaycan klassik ədəbiyyatından tutmuş, dünya klassik ədəbiyyatına qədər 118 ədəd kitabı Milli Kitabxanaya təqdim edərək işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna bağışladı.
  • 9 aprel  Azərbaycan Kinematoqrafçılar İttifaqında Beynəlxalq qadın filmləri festivalı müzakirə mövzusu oldu. Sevil Beynəlxalq Qadın Sənədli Film festivalı ilə birlikdə keçirilən tədbirdə film festivalı, festivalların filmə təsiri və s. kimi məqamlar müzakirə edildi.
  • 9 aprel  Azərbaycan Kinematoqrafçılar İttifaqında kinooperator sənətinin mövcud durumu, inkişafı mövzusunda müzakirə keçirildi. Müzakirədə Azərbaycanın əməkdar incəsənət xadimi, kinooperator Rafiq Quliyev, kinooperatorlar Rəşad Nuriyev, Elman Əliyev, Soltan Abdullayev, Rauf Qurbanəliyev, Daniel Quliyev, Vüqar Şıxəliyev iştirak ediblər.
  • 13 aprel  Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin ilk nömrəsi çapdan çıxıb.
  • 1 may Azərbaycan Kinematoqafçılar İttifaqının İdarə Heyətində kino aktyorlarının problemlərinə həsr olunmuş tədbirdə kino aktyorlarının peşə problemləri müzakirə olunub. Müzakirədə İdarə Heyətinin üzvləri ,Xalq artisti Həmidə Ömərova, Cabbarov Əli İsa, aktrisa Zülfiyə Qurbanova, Əməkdar artist İlqar Cahangir, kino aktyoru Kamran Ağabalayev, kinoşünas Sevda Sultanova  iştirak ediblər.
  • 19 may Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin növbəti iclası keçirildi. İclasın gündəliyində cari məsələlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub. İclasda İdarə Heyətinin üzvü, Xalq artisti Həmidə Ömərova AKİ-nin katibi seçildi. Eyni gündə rejissor Ziya Şıxlinskinin 70 illik yubileyi qeyd olundu. Bundan başqa, M. Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu ilə birgə sənədli kino sahəsində aktivliyi artırmaq, o cümlədən Rusiyada elm, mədəniyyət, ictimai fəaliyyəti ilə görkəmli nəticələr əldə etmiş azərbaycanlıları daha geniş tanıtmaq məqsədi ilə “Rusiyanın görkəmli azərbaycanlıları” beynəlxalq sənədli filmlər ssenariləri müsabiqəsinin 1-ci yer qalibinə mükafatı təqdimetmə mərasimi də baş tutdu.
  • 5 iyun AKİ-də “Ata ocağı” serialının yaradıcı heyəti ilə serial bazarının problemləri müzakirə olundu. Serialın  ssenari müəllifi Valeh Əhmədov, quruluşçu rejissoru Rüfət Şahbazov, prodüseri Amiran Babayev, baş rolların ifaçıları, Xalq artisti, professor Həmidə Ömərova, Əməkdar artist Rasim Cəfər, Rəşad Bəxtiyarov serial istehsalının inkişafı üçün atılmalı olan addımlardan danışıblar.
  • 10 iyun  Azərbaycan Kinematoqrafçılar İttifaqı kinematoqrafçıların yaradıcı fəaliyyətinin dəstəklənməsi çərçivəsində  rejissor, ssenarist Cavid Təvəkkülün kino və teatr elementlərini birləşdirən səhnə layihəsinə qrant ayırdı.
  • 26 iyun Azərbaycan Kinematoqrafçılar İttifaqında serial ssenarilərinin keyfiyyəti, qüsurları, problemləri barədə müzakirə keçirildi. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor Əli İsa Cabbarov və kinoşünas Sevda Sultanovanın moderatorluğu ilə keçən müzakirədə ssenaristlər Fariz Əliyev, Xanım Aydın, Elxan Xanəlizadə, Çinarə Nüsrətli, Reyhan İsayeva, Azər Səlimli, Könül Ələsova, Şəbnəm Türbəndəzadə, Talıb Əhmədov iştirak ediblər.
  • 14 iyul Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” rüblük bülleteninin ikinci nömrəsi çapdan çıxdı. Qeyd edək ki, “Rakurs” informasiya bülleteni ölkəmizdəki kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilir. Əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülleten Azərbaycan Kinematoqrafçılar İttifaqının gördüyü işlərin hesabatını hazırlayır.
  • 17 İyul Kino Evində dünya şöhrətli fotoqraf Rza Diqqətinin ustad dərsi keçirilib. Görüşdə Diqqətinin 40 ilə yaxın müddətdə -1979-2015-ci illər ərzində çəkdiyi fotolardan ibarət qısa film nümayiş olunub.
  • 28 iyul Azərbaycan Kinematoqrafçılar İttifaqı “Qəlbdən qələmə” ssenarinin inkişafı üzrə “Yay Məktəbi” start götürdü. 23-30 avqust 2021-ci il tarixlərində Şəki şəhərində keçirilən “Yay Məktəbi”ndə iştirakçılar ssenari yazılışının ana təməl qaydaları, ideyanı yazılı ssenariyə necə çevirməli kimi sualları əhatə edəcək intensiv təlim proqramında iştirak etdilər.
  • 31 iyul AKİ Azərbaycan Dövlət İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə növbəti dəfə 3 adda 24 nüsxə yeni nəşr “Həsən Seyidbəyli:Şəxsiyyət və yaradıcı”, İnqmar Berqmanın “Sehrli fənər” adlı kitabları və “Rakurs” rüblük informaiya bülletenlərini hədiyyə edib.
  • 2 avqust Azərbaycan Kinematoqrafçılar İttifaqı Kino Günü ənənəvi pul mükafatının qaliblərini elan edib. Belə ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibliyinin qərarına əsasən, 2021-ci il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar təltif olunublar:

Emil Quliyev – “Pərdə” trilogiyasında sosial-mənəvi problemlərin uğurlu kino həllinə görə.

Nəriman Əbdülrəhmanlı – Azərbaycan kino səlnaməsinin yaradılmasında xidmətlərinə görə.

Hilal Baydarov  ” Səpələnmiş ölümlər arasında” filmində obrazların  poetik vizual həllində uğurlarına görə.

  • 6 avqust Kino Evində rejissor-ssenarist Elçin Musaoğlunun ustad dərsi baş tutub. Dünyanın bir çox  film festivallarının juri kürsüsündə oturan Elçin Musaoğlu dinləyicilərlə öz təcrübələrini, filmlərinin ideyalarının yaranma hekayələrini, ssenari yazmaq metodlarını  paylaşıb.
  • 25 avqust Gəncə şəhərində sart götürən Sevil Qadın Sənədli Fİlmləri Festivalı ilə əməkdaşlıq çərçivəsində tədbirə təşkilatı dəstək göstərildi.
  • 27 avqust AKİ-nin Kino Evində Rusiya Kino gününə həsr olunmuş tədbir keçirildi. Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi (“Rossotrudniçectvo”) ilə bilikdə keçirilən tədbirdə rejissor Kino Məktəbinin rəhbəri Oleq Səfərəliyevin yaradıcılığından söz açılmış və Rusiyada çəkdiyi filmlərdən (“Birbaşa yayım”, Savva Morozov”, “Növbəötçi mələk”) kadrlar nümayiş olunub.
  • 2 sentyabr AKİ Kino Evində rejissor Leyla Qəmbərlinin “Kukla-kukla oynamaq”  sənədli filmi nümayiş olunub. “Chai Khana” multimedia platformasının dəstəyi ilə çəkilən film Azərbaycan animasiya sənətinin parlaq nümayəndəsi Elçin Axundova həsr olunub.
  • 3-7 sentyabr tarixlərində Azərbaycan Kinematoqrafçılar İttifaqının tərəfdaşı olduğu IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçirildi. Bu il mövzusu “ƏLİLLİK” olan festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim etdi. Təşkilatçıların məqsədi yerli və xarici tamaşaçıları, peşəkarları sevindirən, eyni zamanda Azərbaycanda animasiya sənətinin inkişafını təşviq edən illik tədbirin yaradılmasıdır. Bundan başqa, builki festivalda animasiya filmlərinin nümayişi ilə yanaşı yerli və xarici peşəkarların iştirakı ilə vorkşoplar da təşkil olundu. İttifaq festivala təşkilati və maliyyə dəstəyi göstərdi.
  • 14 sentyabr Kino Evində rejissorlar Teymur Hacıyevin “Axşama doğru” və Teymur Qəmbərovun kinoda debütü olan  “Quxuroba” filmi nümayiş olunub. Hər iki nümayişdən sonra müəlliflər çəkilişlərlə bağlı təcrübələrini bölüşüb, tamaşaçıların suallarını cavablandırıblar.
  • 21 sentyabr Kino Evində gənc rejissor Amil Amalın “Dəhlizdə” sənədli filmi nümayiş olunub. “Chaikhana media” platformasının dəstəyi ilə çəkilən, teatr və kino aktyoru Rauf Şahsuvarova həsr edilən filmdə aktyorun çalışdığı tetar mühitini etdiyinə görə işdən çıxarılması, hazırda inşaat sektorunda çalışmasından və doğma torpağı Laçına gedərək orada teatr qurmaq arzusundan bəhs olunur.
  • 28 sentyabr Kino Evində rejissor-aktyor Namiq Ağayevin “Ol” tammetrajlı bədii filminin nümayişi olub. Nümayişdən sonra filmin müzakirəsi keçirilib.
  • 19 oktyabr Kino Evində rejissor Elvin Adıgözəlin “Biləsuvar” filminin Azərbaycan premyerası keçirilib. Ssenarisi və rejissorluğu Elvin Adıgözələ məxsus olan film Karakteres (Fransa), Memuar Films (Azərbaycan) və Adari Films (Azərbaycan) – prodakşnlarının birgə istehsalıdır.
  • 21 oktyabr Azərbaycan Kinematoqrafçılar İttifaqının “Rakurs” dərgisinin 3-cü rüb üçün buraxılışı nəşr olunub. Rüblük nəşr olunan dərginin 3-cü rüb üçün buraxılışında “Azərbaycan Kinematoqrafçılar İttifaqında”, “Respublikamızda”, “Xaricdə”,”Çəkiliş meydanşalarında”, “Layihələr”, “Festivallar və müsabiqələr”, “Yubilyar filmlər”, “Yubilyar sənətçilər” bölmələrində ölkəmizin kino həyatının geniş mənzərəsi yaranır.
  • 22 oktyabr Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin (Rossotrudnicestvo) təşkilatçılığı Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə keçən Tatar Kino Günləri çərçivəsində “Tatarkino”nun rəhbəri Milyauşa Aytuqanova ilə görüş keçirildi. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibləri – Oleq Səfərəliyev,  Əli İsa Cabbarov, Xalq artisti Vidadi Həsənov, “Rossotrudnicestvo”nun rəhbəri İrek Zinnurov, Mərkəzin mədəniyyət layihələrinə məsul  Vəfa Məmmədova, kino aktrisa Alsu Basırova və Rusiya səfirliyi əməkdaşlarının iştirakı  ilə keçən görüşdə Tatarıstan və  Azərbaycan kinematoqrafçılarının birgə əməkdaşlıq perspektivləri müzakirə olundu, proqramı çərçivəsində, “Tatarkino”nun istehsalı olan “Molla” filminin nümayişi oldu.
  • 25 oktyabr Aktyor seçimi üzrə rejissor Səbuhi Məmmədovun “Azerbaijan Actors” – Azərbaycan aktyorları üçün yeni platforma” layihəsinə maddi dəstək ayrıldı . Layihənin məqsədi Azərbaycan aktyorlarının vahid internet resursunda seçim (casting) mərhələsi zamanı təqdim və təmsil etməyi dəstəkləməkdir. Sayt 2022-ci ilin fevral ayında təqdim olunacaq.
  • 29 oktyabr Kino Evində rejissor Məzahir Haşımovun “Sizə məktub var” filminin premyerası keçirilib. Qarabağ müharibəsi fonunda yaşanan məhəbbət hekayəsindən bəhs edən melodramın nümayişində filmin rejissoru, operatoru Cəbrayıl Rəfiyev, baş rol ifaçıları Dəniz Tacəddin, Əli Əlizadə və Məhəmməd Əlili iştirak edib.
  • 3-7 noyabr 2021-ci il tarixində Azərbaycan Kinematoqrafçılar İttifaqının əsas tərəfdaşlarından olduğu V DokuBaku Beynəlxalq Sənədli Film Festivalı keçirildi. Məlumat üçün bildirək ki, 2017-ci ildə yaradılmış festivalın məqsədi dünyanın hər yerindən qabaqcıl sənədli filmləri təqdim etməkdir. Festival, eyni zamanda, hər il olduğu kimi, yeni müəllifləri aşkarlamaq və yerli sənədli film üzrə filmmeykerlərə dəstək vermək niyyətindədir. Azərbaycan Kinematoqrafçılar İttifaqı festivalın əsas tərəfdaşlarından biri olaraq təşkilati və maliyyə dəstəyi verildi. Festival proqramı Kino Evində nümayiş olundu, proqram çərçivəində rejissor Çingiz Rəsulzadənin xatirəsinə ithaf olunmuş sənədli film gecəsi keçirildi.
  • 12 noyabr “ASAN Könüllüləri” təşkilatının “Mədəniyyət Carçısı” proqramı və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçiriləcək “Gənc Kinematoqrafçılar” sseanrist və rejissor təlimlərinə layihəsi start götürdü, layihənin təqdimat törəni keçirildi. Mentorlar, kinorejissor Məzahir Haşımov və ssenarist Pərviz Məmmədov təlimlərə başladı.
  • 19 Noyabr Kino Evində rejissor Elvin Adıgözəlin “Qaranlıqdan reportaj” filminin nümayişi keçirildi. Azərbaycan və Fransanın (Memuar Films, Caracteres Productions) birgə istehsalı olan tammetrajlı bədii filmin çəkilişləri Biləsuvar və Bakıda keçib.
  • 26 noyabr AKİ Kino Evində rejissor Elmar İmanovun “Ayrı-ayrı” və “Tabutçunun yelləncəyi” filmlərinin nümayişi baş tutub. Tədbirdə rejissor Elmar İmanov, “Tabutçunun yelləncəyi” filminin baş rol ifaçılarından Rasim Cəfər, Zülfiyyə Qurbanova  və “Ayrı ayrı”  filminin prodüseri Teymur Hacıyev iştirak edib. Hər iki filmin nümayişdən sonra yaradıcı heyət tamaşaçıların suallarını cavablandırıb.
  • 28 noyabrda Kino Evində “Qəlbdən qələmə” ssenarinin inkişafı məktəbi layihəsinin iştirakçılarının sertifikatlarının təltifetmə mərasimi keçirilib. Tədbirdə iştirakçılara sertifikatların təqdimatından sonra layihə haqda “Qəlbdən qələmə: fəth” sənədl filminin nümayişi  baş tutub.
  • 2 dekabr Kino Evində Azərbaycanın ilk təyyarə bələdçisi olmuş Zemfira Əliyevaya həsr olunan “Səmada qalan gənclik” sənədli filminin təqdimatı oldu. Filmin ssenari müəllifi və rejissoru Babək Abbaszadədir.
  • 3 dekabr Kino Evində rəssam, rejissor Rəşad Babayevin film gecəsi keçirilib. Tədbirdə rejissorun 4 qısametrajlı filmi -“Sərnişin”, “61 qram”, “İtkin”, “Çao” – nümayiş olunub. Həm instalyasiya, həm heykəltaraşlıqla məşğul olan, eyni zamanda film və animasiya filmləri çəkən Rəşad Babayevin “61 qram”  isə Qahirə Beynəlxalq Film Festivalınının müsabiqə iştirakçısı olub.
  • 4 dekabr Kino Evində rejissor Aydan Əhmədovanın çəkdiyi, Vətən Müharibəsi qəhrəmanı Vüqar Ağayevə həsr olunmuş “Torpaqdan torpağa” sənədli filminin nümayişi olub.
  • 10 dekabr Kino evində rejissor Elvin Adıgözəlin “Biləsuvar” filminin  nümayişi çoxsayı tamaşaçıların xahişilə yenidən baş tutub. Tədbirdə müstəqil kinonun problemləri qaldırıldı , təkliflər səslənildi.
  • 16 dekabr Kino Evində rejissor, Əməkdar incəsənət xadimi Ziya ŞIxlinskinin “Barrikadalarda azadlıq” sənədli filminin nümayişi olub. Fİlm sənədli xronika üzərində qurulmuş SSRİ-nin dağılma hekayəsini danışır. Müəllif montaj dili vasitəsi ilə Sovet işğalına məruz qalmış ölkələrin faciəsini ifadə edib.
  • 17 dekabr Kino Evində “Naməlum Azərbaycan animasiyası” adlı animasiya film gecəsi baş tutub. Bu sahənin gənc və ixtisaslaşmış rejissor işlərinin nümayiş olunduğu gecədə filmlərin müəlliflərindən, rejissor Firəngiz Qurbanova, Sevinc Quliyeva, Ağaməli Əliyev iştirak edib.
  • 22 dekabr “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin “Qadın və uşaq sığınacağı”-nın sakinləri Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evinin qonağı oldular. Yeni ildə sevgiyə möhtac bu uşaqları sevindirmək məqsədilə təşkil edilən tədbirdə 7-15 yaş arası uşaqlar iştirak edib. Tədbirin sonunda uşsaqlara yeni il hədiyyələri təqdim edilib.
  • 23 dekabr Kino Evində rejissor Zamin Məmmədovun film gecəsi keçirilib. Tədbirdə rejissorun üç filmi – “Şəbəkə”, “Onun atası”,  “Səs” – nümayiş olunub. Mərhum kino rejissor Rasim Ocağova həsr olunan “Şəbəkə” sənədli filmində səsləndirməni Xalq artisti Fəxrəddin Manafov edib. Digər filmlər “Onun atası” və “Səs”  isə I Qarabağ Müharibəsindən bəhs edən bədii filmlərdir.
  • 24 dekabrın Kino Evində rejissor Türkan Hüseynovanın “Papanin” sənədli filmi və “Sonuncu foto” qısametrajlı bədii filmi nümayiş olunub. Nümayişdən sonra filmlərin çəkiliş prosesi müzakirə olunub.

Azərbaycan Kinematoqrafçılar İttifaqı Gənc Film İstehsalçıları Assosiasiyasının nəşri olan “Fokus” analitik kino jurnalına təşkilati və maliyyə dəstəyi verdi. Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşən jurnal 2022-ci ilin yanvar ayında təqdim olunacaq.

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbində Ülviyyə Əhmədovanın “Yad adam”  və Ruslan Mollayevin “İmtahan” qısametrajlı bədii filmi istehsala buraxıldı. Məktəbin animasiya rejissoru kursunun rəhbəri rejissor Firəngiz Qurbanovanın rəhbəri olduğu “Birlik” studiyasında Kino Məktəbinin tələbəsi Gülnar Əliyevanın “Sərçə” cizgi filmi istehsal edildi.

Kinematoqrafçıların sosial dəstəyi proqramı çərçivəsində Azərbaycan Kinematoqrafçılar İttifaqı 2021-ci ildə 20 nəfər üzvünə(10 nəfər daimi olmaqla) maddi yardım göstərib.

İttifaqın Aki.az  saytı, facebook, instagram səhifələrində milli kinomuzun təbliğatı sahəsində daimi iş aparılmış, “Azernyumedia” şirkəti və “Film aç” layihəsi ilə kinomuzun təbliği məqsədi ilə media məhsulları istehsal edilmişdir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı İdarə Heyəti

30 dekabr 2021-ci il